Alpay Azər və Rüfət Əhmədzadə RTV-də (VİDEO)

Fevral ayında Azərbaycanın populyar hekayə yazarları olan Alpay Azər və Rüfət Əhmədzadə Xaçmazda yerləşən Regional Televiziyanın (RTV) “Yeni Səhifə” verilişində  qonaq olub, hekayələr mövzusunda danışıblar. Sərdar Aminin telelayihəsində Rüfət Əhmədzadə nəsr və nasirlik barədə fikirlərini bölüşüb, hekayə yazarlığının xüsusiyyətlərinə toxunub. Tanınmış hekayə yazarlarından olan Alpay Azər də, özünün hekayəçilik barədə baxışını, yaradıcılıq məsələləri haqqında fikirlərini ifadə edib.

Qeyd: Verilişdə qeyd olunan “Cavid əfəndi” müsabiqə  layihəsinin formatı və adı dəyişilib, “Anamın Kitabı” Ədəbi Mükafatı təsis olunub. Hazırda müsabiqə gedir, kitabevim.az saytında məlumat almaq olar.

Biz düşünə bildiyimiz qədər azadıq!

Rüfət Əhmədzadənin oxucularla görüşündə AYO sədri, Azadlıq Radiosunun əməkdaşı Namiq Nüseynliyə videomüsahibəsi. Gənc yazar müəllifi olduğu “Adım anonim qalsın” kitabı və ümumiyyətlə, yazar və cəmiyyət münasibətləri barədə fikirlərini səsləndirib. O, ancaq sevgidən yazanları ədəbiyyatla yox, masturbasiya ilə məşğul olmaqda ittiham edib.  Yazarları ictimai mövqe göstərməyə çağırsa da, özünün inqilabçı və ya müxalif olmadığını vurğulayıb.

Sevastopollu rus gözəlçələri

rufat ahmadzada- metbuat ucunQeyd: bu yazı 26 fevral tarixində Qaynar.İnfo-da dərc olunub. Onda hadisələr təzə-təzə inkişaf edirdi. Ümumiyyətlə, “mübahisəli zona” proqnozları özünü doğrultmaqdadır. Arseniy Yatsenyuku isə şəxsən tanıyıram – əslən yəhudidir, mən tanıyan vaxtlarda partiyasına qoşulanların çoxu maliyyə məqsədləri güdürdü. belə zəif siyasətçinin baş nazir olacağını gözləmirdim.

Rüfət Əhmədzadə

Sevastopollu rus gözəlçələri

Ukraynada elə də çox yaşamamışam. Lakin bu ölkəni az qala qarış-qarış gəzmişəm, hər region barədə ortabab təsəvvürüm var. Atam 2 il orda bizneslə məşğul olub, dostları vasitəsi ilə sabiq prezident Yuşenkonun komandasına, o cümlədən indiki deputat Vitali Kliçkoya yaxın olub. Lakin onun və çevrəsinin işləri elə də rahat  getməyib. Çünki Yuşenko vaxtında prezidenti saymayan Timaşenkonun, seçkilərdən sonra isə heç kimi saymayan Yanukoviçin mafiyozi əlaltıları işlərinə əngəl olan bütün yad elementləri neytrallaşdıra bildilər – hərəsini bir yolla…

Yanukoviçin Sevastopolda gizlənməsi və Rusiyaya uçmağa hazırlaşdığı xəbər verilib.

Amma məncə, Yanukoviçin Rusiyaya getməsinə ehtiyac yoxdur. Ukraynada milyonlarla ukraynalı var ki, rus ordusunun gəlişini həsrətlə gözləyir. Şəxsən, 2009-da Ukrayna dilini öyrəndiyim və ukraynalı tanışlarımdan o dildə danışmağı xahiş etdiyim günləri xatırlayıram – təmiz xaxol olasan və sənin dilində danışmaq istəyən azərbaycanlıya güləsən…

Sadəcə, “Yevrosoyuz” tutmaları tutub. Bir az sonra da olacaqlar panslavist və antisemit. Artıq 2 dəfə devrilən Yanukoviç yenə geri qayıdacaq qədər şanslıdır. Viktor Yanukoviç iki dəfə Ukraynanın baş naziri olub. Və ölkənin ən kriminal keçmişə malik və cinayətlərdə ən çox ittiham olunan siyasətçisidir. Kuçmanın taxtının laxladığı zamanlarında Donetsk qubernatorluğundan baş nazir postuna gətirildi. Ona qədər isə, uşaq koloniyasından çıxmış təsadüfi bürokrat idi. Hansısa yollarla fəhləlikdən kombinat direktorluğuna yüksəldi, bir gün də siyasət eşqinə düşdü.

Leonid Kuçma düşünürdü ki, Yanukoviçin Şərqi Ukraynadakı dayaqları və onun milyarder dostu Rinat Axmetov vasitəsi ilə öz yerini möhkəmləndirə biləcək. Ən azından, yerinə vəliəhd olacaq. Amma alınmadı… Hakimiyyət dəyişdi, Yanukoviçin qalması və “dəngələri dəyişmək” ümidi də 2006-cı ildə boşa çıxdı. Kuçma getdisə də, Kiyev ətrafında onun arvadına məxsus olan bir neçə iri müəssisə toxunulmaz qaldı.

Ukraynada ikitirəlik başladı – Yuşenko və Timaşenko arasında. Yanukoviçin Regionlar Partiyası güclənəndə isə üçtirəlik əmələ gəldi. 2009-cu ildəki siyasi prosesləri yaxşı xatırlayıram.

Keçmiş bankir və yəhudi maliyyəçilərinin havadarı, amma zəif demokrat imici yaratmış Yuşenko məktəblərə gedir, ibtidai sinif uşaqlarıyla şəkil çəkdirirdi. Amerikayla əlaqələrin tərəfində idi, Avropa İttifaqı ilə yaxınlaşmağa isə qorxurdu. Rusiyadan qorxusu isə dəhşətli dərəcədə idi. Sadəcə, həyat yoldaşının rəhbərlik etdiyi “Qolodomor” kampaniyası ilə həm Rusiyanı, həm də Ukraynanın şərqində yaşayan rusbaşları qıcıqlandırmaqla məşğul idi.

Timaşenko – yetərincə kriminal, yetərincə işgüzar, amma aqrar siyasətçi. Fermerlərin dostu idi. Ancaq fermerlərlə şəkil çəkdirirdi. Avropa tərəfdarı və aradabir Rusiyanı qorxutmaqdan zövq alan adam. Marqaret Tetçer obrazı yaratmaqdan hədsiz ləzzət duyan adam. İndi onun yolları açılıb, amma çox uzağa gedə bilməyəcək.

Əvvəl olduğu kimi, indi də ağır sənayə maqnatlarının dostu Yanukoviç. Rusiyanın adamı. Əslən ukraynalı olub, evindər rusca danışmağı sevən insanların prezidenti. Onun gələcək taleyi o qədər dəqiq deyil. Amma… Yadıma düşən bir hadisə ilə söhbəti bağlayım:

Maydanda gəzişirdim. Yaxınlaşan üç miniyubkalı, sarışın qız gördüm. Məndən şəkillərini çəkməyi xahiş etdilər. Rusca danışırdılar, onlara zaraftyana ukraynca cavab verdim, “biz rusuq” dedilər.

– Hardansınız?

– Sevastopoldan!

– Axı ora Ukrayna torpağıdır!

– Bunu hələ bilmək olmaz… Dnestryanı barədə eşitmisənmi?

Hə, eşitdiyimi dedim. Söhbət yavaş-yavaş gəldi regionda rusluğun maraqları üzərinə… Mübahisə etmədim, sadəcə onların fikirlərini öyrənməyə çalışdım. Bir şeyi anladım: ilk baxışdan seks simvolları kimi görünən bu gözəlçələr əslində Rusiyanın dişi əsgərləri idilər. Sonralar Sevastopolu daha yaxından görmək imkanım yarandı. Yenə həmin söhbətlər…

Politoloq deyiləm, amma az-maz jurnalist təcrübəmi də bu yazıya qataraq, belə düşünürəm ki, Ukraynada “mübahisəli zona” yarana bilər. Bundan Qərb də, Rusiya da maraq güdməlidirlər. Bir tərəf rusçuları, digəri isə panukraynaçıları bəhanə edərək. Ya regionda manevrlər etmək, ya da atəşkəsi qorumaq üçün. Və necə ki, Qafqazda, həmçinin Qarabağda…

GƏLƏCƏYİMİZ ÜÇÜN (esse)

rufat ahmadzada 19 fevralQeyd: bu yazı 2 fevral 2014 tarixində bir neçə saytda yayımlansa da, öz bloquma yerləşdirməmişdim. Qərara gəldim ki, bloqumu izləyən dostlar üçün də mətbuatdakı yazılarımı bir araya toplayım. Buyurun…

Rüfət Əhmədzadə

GƏLƏCƏYİMİZ ÜÇÜN

(Esse)

Mən bu dövlətin təəssübkeşiyəm. Vətənpərvər və milli-demokrat əqidəli olduğumu məni az-maz tanıyan hamı bilir. Mövhumatçı olmasam da, mühafizəkaram.

Əgər lazım gəlsə cəbhəyə də könüllü gedərəm. Bronxial astmaya, ürək çatışmazlığına və ailəmin göz yaşlarına baxmadan. Çünki bu dövləti sevmək, Vətənin bütövlüyünü qorumaq lazımdır… Mənim fikrimcə.

Lakin bu dövlətçilik və millətçilik etirafları o mənaya gəlmir ki, sevdiyimizdən heç nə gözləməli deyilik, dövlətimiz (dövlətin başında, qol-budağında yer alan məmurlar) mənim hislərimlə oynamalıdır.

O demək deyil ki, bir il əvvəl Beynəlxalq Qadınlar günündə anasına övlad həbsi “hədiyyə” olunmuş gənclər hələ də həbsdə qalmalıdır. Onlar liberal ola bilərlər, hətta ermənilərlə barışıq da tələb edə bilərlər… Onları sevməyə də bilərik. Lakin 18 yaşlı bir gənci həbs etmək və 1 il boyunca həbsdə saxlamaq, “Dövlət baba” müdrikliyindən deyil. Müxtəlif həll yolları var ikən…

Ölkədə müxtəlif ekstremist dini qruplar qol-budaq açarkən, gənclərimiz burdan baş götürüb Suriyaya gedərkən, rüşvətxorlar məscidləri işğal edərkən… Milli-mənəvi dəyərlərdən bol-bol danışmaq, ölkəmizi “İslam mədəniyyətinin incisi” adlandırmaq da gülüncdür. Mən öz ölkəm və dövlətim haqqında fəxrlə danışmaq arzusunda ikən, bu arzuma qənim kəsilənlər cəzalanmalıdır, onlar qınaqla qarşılanmalıdır. Mən – xəstə valideynlərini təkbaşına dolandıran kasıb yazıçı yox.

Və “yazıçı” demişkən, gənc yazarların bir xeyrinə-şərinə yaramayan, güldən-bülbüldən ədəbiyyat yaradan adamların bütün Azərbaycan yazıçıları adından siyasi bəyanatlar verməsi gülüncdür. Pardon, dəqiq deməliyəm: iyrəncdir!

Mənim torpaqlarım işğalda ikən, mənim düşmənlərim sağdan və soldan hərəkətdə ikən, mənim milliyyətçiliyimdən istifadə etmək, amma əvəzində məni bir qələbə xəbəriylə “xoşbəxt” etməmək gülüncdür.

“İnkişaf və perspektivlər” deyərkən, işsiz və evsiz gəncləri, küçədə qalan ailələri, təqaüdü yetmədiyinə görə dilənən qocaları unutmaq… Əclaflıqdır.

Amma… Gənclər günü bizə lazımdır – bu gündə, bu halda olmasa da. Gəncliyimizi təbrik edirəm. Nə vaxtsa ölkəsinin ona, özünün ölkəsinə layiq olmasını arzu edirəm. Gələcəyimiz üçün… Gələcəyim üçün. Beşikdə yatan körpə oğlumun gələcəyi üçün. Sənin gələcəyin üçün, əziz oxucum!

Solaxay padşahın nağılı


solaxayRüfət Əhmədzadə

Solaxay padşahın nağılı

(hekayə)

Biri var idi, biri yox idi, balaca bir ölkədə Solaxay padşah adında böyük və əzəmətli bir hökmdar var idi. Yazmaqla və oxumaqla arası yox idi, amma yeyəndə, burnunu qurdalayanda, əyanlara və xidmətçilərə qapaz vuranda, subaşına çıxanda, eləcə də hərəmləri ilə görüşəndə həmişə sol əlindən istifadə edərdi. Heç kimlə əl tutub görüşməzdi, ona görə də, salamlaşmaq üçün ancaq qıyıq gözlərini yüngülcə sağa-sola tərpətmək və üzünü turşudub başını ehmalca yelləmək bəs edərdi.

Sağ əlini isə yaddan çıxarmışdı. İndi biri soruşacaq ki, bəs o padşah iki əlini bir-birinə çırpıb fərraşı və ya cəlladı çağırmırdımı? Baho! Sizin ağlınız o əttökən nağıllara getməsin, bizim Solaxay padşah sol əlini havaya qaldıranda, ya da dizinə şappıldatmaq üçün hazır vəziyyətə gətirəndə hamı diqqət kəsilirdi. Bütün əyan-əşrəfin gözü dikilirdi o sol ələ. Padşah əlini yellədib “boynu vurulsun”, ya da “zindana atılsın” dedimi, qəzəbinə gələn kimsəyə mərhəmət olmazdı.

Solaxay padşahın bir qəribə xasiyyəti də var idi. Hüzuruna gələn kimsə yeni adam olanda, əvvəlcə onu qapının kandarında bir qədər gözlədir, sol əlini sol gözünün üstünə qoyur, sağ gözü ilə o insanın ziyan verib-verməyəcəyini müəyyən edirdi. Sonra qonaq bir neçə addım da irəliyə buraxılır, bu dəfə Solaxay padşahın sol əlini sağ gözünə tutmasını gözləyirdi. Və böyük ağla sahib olan Solaxay padşah ikinci dəfə eyni adamı sol gözü ilə nəzərdən keçirirdi. Artıq qonağın ziyanı yox, verəcəyi xeyir maraqlı idi.

Əgər Solaxay Padşah qonağında xeyir verəcək əlamətlər görürdüsə, daha bir neçə addım yaxına gəlməyə icazə verirdi. Xeyir-mənfəət hiss etməzdisə, o adil və həşəmətli hökmdar öz qonaqlarını divanxananın tən ortasında saxlatdırardı. Qonaqların sözünü-istəyini dinləyər, bir dilucu cavab verib yola salardı. Onun katibləri isə həmişə əmrləri yazan kimi görünərdilər. Amma əslində, saatlarla davam edən qəbul günlərində bir vərəq belə dolmazdı.

Çünki padşahın verdiyi sözlər və buyurduğu əmrlər ən yaxşı halda “həll olunar”, ən ortabab halda “zindana salın”, ən pis halda isə… Solaxayın qəzəbinə gəlmək, sadəcə kəllə itirmək deyildi. O, qəzəbinə tuş gələn adamın bütün nəslini özüylə birlikdə məhv edərdi. Çünki böyük və uzaqgörən padşah bilirdi ki, onun qəzəbindən bütün Adəm övladları hiss edə bilər. Bir gün də hansısa boynuvurulmuşun oğlu peyda olar, gəlib padşaha üsyan edərdi. Amma kimisə zindana salanda başqa cür olurdu.

O nəslin kişisi-qadını, qocası-cavanı “bezdim” demədən, gecə-gündüz bilmədən sarayın qabağında boynubükülü növbə tutardı. Solaxay padşah isə xeyirxahlığından geri qalmazdı. Adi günlərdə adi şeylər üstündə zindana atdığı adamların bir qismini bayram günlərində azad etdirər, beləcə də nə qədər insanın dua və şükranlığını qazanmış olardı. Bu həbsetmə-əfvetmə işi nə qədər əyləncəli və fəzilətli olsa da, padşah öz padşahlığını qorumaq üçün həftədə ən azı bir nəfərin başını, bir nəslin kökünü kəsərdi. Belə etməsəydi, xalqı ondan qorxmazdı, hətta sevməzdi də. Solaxay padşahın ən çox nifrət etdiyi və qəzəbləndiyi insanlar solaxaylar idi. Onlar padşahı özlərinə nə qədər yaxın bilsələr də, padşah kimsənin ona oxşamasını istəmirdi. Və bir-bir tapıb sağ əlini işlədə bilməyənləri cəzalandırırdı. Öldürmədiklərinin isə sol əlini kəsirdi ki, məcbur qalıb sağ ələ öyrəşsinlər. Solaxay padşah həm də gözəl tərbiyəçiydi.

O, arada təğyiri-libas olub paytaxtı seyrə çıxmağı sevərdi. İnsanların ən çox nədən danışdığına diqqət edərdi. Məsələn, bir neçə dəfə paytaxtın bazar və küçələrini gəzərkən, rəiyyətin vergilərdən çox gileylənməsinin şahidi oldu.

Saraya qayıdandan sonra bütün əyan-əşrəfi başına toplamış, görüb eşitdiklərini fikirli halda  onlara danışdı. Əvvəlcə, əyanlar elə bildilər ki, padşah rəhmə gəlib və bundan qorxmuşdular. Mərhəmət hissi oyanan padşah artıq bacarıqlı hökmdar ola bilməzdi, ölkəni zəif idarə edərdi. Hətta padşahın hüzuruna qoltuğunda xəncər girən bir neçə əyan var idi ki, xalq onları padşahdan da güclü və sərvətli sayırdı. Onlar istənilən vaxt padşahı da yıxmağa qadir idilər. Sarayın yarısı məhz bu əyanların adamlarından ibarət idi. Dörd-beş əyan əlləri qoltuğunda taxta yaxınlaşmışdılar ki, Solaxay padşah fikirli gözlərini yerdə dikdiyi nöqtədən qaldırıb dedi:

– Rəiyyət vergidən çox gileylənir,  insanlar yaman çox “vergi-vergi” deyirlər. Ona görə də, vergiləri ikiqat qaldırmaq lazımdır. Və camaatın arasında da söz yayılsın ki, çox şikayətlənəndə vergilər daha çox qalxacaq. Amma elə edin ki, rəiyyət məndən inciməsin. Bunu Allahın qisməti bilsinlər və giley-güzar da bəd əlamət sayılsın.

Solaxay padşahın müdrikliyi hamını heyran qoydu. Onun əmri “ikiqat artım” idisə, əyanlar vergiləri üçqat-dördqat artırdılar. Ucqar əyalətlərə isə bu əmr beşqat-altıqat artımla gedib çıxdı. Beləcə, xalq da yavaş-yavaş çox danışmağın pis nəticə verəcəyinə inandı.

Bir ay sonra şah yenə təğyiri-libas olub, paytaxtı gəzməyə çıxdı. Bu dəfə rəiyyət daha ümidsiz görünürdü, amma vergidən gileylənmirdilər. Əksinə, vergi sözü gələndə “Allah şeytana lənət eləsin!” deyib keçirdilər. Bu dəfə insanların narazılığı ondan ibarət idi ki, şəhərə su gəlmir, pintilik basıb.

Padşah istədi yezidlik eləsin, amma əli gəlmədi. Sadəcə əmr etdi ki, şəhər ətrafındakı naxırları, sürü və ilxıları gecə-gecə şəhərə gələn arxlara qovsunlar, səhər suyu murdar görən xalq da bunu şeytanın növbəti məkri kimi anlasın. Solaxay padşahın bu müdrikliyi də işə yaradı. Xalq səssizcə, amma padşaha dua-səna edərək yaşamağa davam edirdi.

Bir ay sonra isə başqa cür vəziyyət var idi. Daha insanlar padşahdan yox, sələmçilərdən gileylənirdi. Hətta bazarda nimdaş paltarlı, hisli-paslı bir qoca əlini göyə qaldırıb fəryad edirdi:

– Bilmirəm, hamballıqla qazandığım qəpik-quruşdan sələmçilərin sələmini verim, yoxsa Solaxay padşahın vergisini… Allahım, bu nə bəladır biz düşmüşük?

Qocanın dilindən “vergi” sözünü eşidən ətrafdakılar özlərini itirdilər. Şeytana lənət oxuyub, kişinin üstünə çımxırdılar.

– Əstəğfürullah, qoca! Padşahımız Allahın valisidir, onun adını haramatla bir hallandırma…

Qoca yaralı aslan kimi səsini daha da qaldırdı:

– Əgər padşah Allahın valisidirsə, onda bir zəhmət çəksin, haramatdan bizi xilas eləsin. Biz də sələmçiləri yox, padşahı dolandıraq! Kim istəyər gedib sələmçiləri dolandırsın? Hə? Siz istəyərsiz?

Sonra o üsyankar qoca adi rəiyyət görkəmində olan Solaxay padşaha baxdı. Padşah onun çuxura çökmüş, amma qəzəbli gözlərindən özünü itirdi. Qoca sağ əlini açıq şəkildə irəli tutub, padşaha doğru gəldi. Padşahın yanındakı fərraş əlini xəncərə atmaq istəyəndə, padşah onun əlini tutdu. Qoca doğma bir adamı ilı danışırmış kimi, mehriban səslə dedi:

– Ey mənim qardaşım, sən özün üzdən vicdanlı adama oxşayırsan. Əlini vicdanına qoy, de görüm pulun olsa, padşahın xəzinəsinə verərsən, yoxsa haramzada sələmçilərə? Bax, bu ölkədə ortabab bir tacir tapmaq da müşkül olub. Xalq çörəyini itirib, ingilisə-firəngə, kafirlərə hamballıq edirik. Özümüzünkülər də qır-qızıl alverində, sələmçilikdə… hərəsi bir dəstə yığıb başına, qara camaatı adam yerinə qoymur. Belə dərd olar? Əlini vicdanını qoy, özün de, biz yazıqlar nə edək?!

Padşah özü də bilmədən sol əlini qaldırdı, istədi ki, vicdanına qoyub fikirləşsin. Amma əlini bir az sinəsndə, bir az çənəsində, bir az da alnında gəzişdirdi… Vicdanı hardadır, tapa bilmədi. Sonra nə fikirləşdisə, qocaya yaxınlaşıb, onu bağrına basdı və “Düzələr qoca” dedi. Ondan sonra isə Solaxay padşah saraya gedib yeni fərman imzaladı. Bu fərmana görə, ölkədə sələmçilik qadağan olundu, amma padşah öz əyanlarını qorxutmamaq üçün sələmçilik hüququnu ancaq saraya yaxın olan tək-tük adamlara verməyi əmr etdi. Sonra isə keçdi əcnəbi tacirlərin işinə: gömrük haqqı iki-üç dəfə artırıldı, ən varlı əcnəbilər qovuldu, onların malını-mülkünü saraya yaxın olan, güvəndiyi əyanlara qohumluğu çatan şəxslərə verdi. Və beləcə, ölkədə bir neçə günlük də olsa, sevinc və şadyanalıq hökm sürdü. Amma sonra….

Sonrasını padşah belə gözləmirdi. Vergilər hər ay yığılırdı axı, fərman da ötən ayın sonunda verilmişdi. Camaat vergi verməlidir, amma pulları yoxdur. Sələm verəcək adam da tapa bilmirlər. Yavaş-yavaş Solaxay padşah başqa şəhərlərdən vergiyığanların döyülüb qovulduğu xəbərlərini almağa başladı. Hətta bir şəhərdə valinin evini yandırmışdılar. Sonra paytaxtda ara qızışdı. Cavan-cayıl meydana çıxdı. Sən demə, padşahdan incik düşən əcnəbi tacirlər və sələmçilər altdan-altdan ara qarışdırırdı. Və beləcə, bircə ayın içində əliyalın etirazlar silahlı üsyana çevrildi. Cavanlar silah alıb dağlara çıxdılar. Padşahın bitli-birəli ordusu gözüqızmış üsyançılarla bacarmırdı. Orduda olmayan tüfənglər və toplar üsyançılarda görünürdü.  Əcnəbilər həm üsyançılara silah ötürür, həm də padşaha silah satırdı. Padşah da məcbur qalmışdı ki, xəzinəni silah-sursata versin.

Nağıl dili yüyrək olar. Cəmi üç ay içində xəzinə boşaldı, rəiyyətin yarıdan çoxu üsyançıların tərəfinə keçdi. Başçıları da bilinmirdi ki, padşah bir casus göndərib öldürtsün. Onunla qan düşməni olan hər kəs bir üsyançı dəstəsi yaradırdı.

Solaxay padşah bir səhər nə düşündüsə, yenidən təğyiri-libas oldu, bazarda sələmçilərdən gileylənən o qocanı axtarmağa başladı. Axşama qədər axtardı, sonda qocanı şəhərin kənarındakı bir daxmada, xəstə halda yatarkən tapdı. Yorğan-döşəyi olmayan qoca bir yamaqlı gödəkçəni üstünə sərib öskürə-öskürə Əzrayılı gözləyirdi. Yanında qayğısına qalacaq kimsə də yox idi.

Padşah ona yaxınlaşıb dedi:

– Qoca! Məni tanıdınmı? Bax, ölkədə üsyandır. Aləm bir-birinə qarışıb. Padşah nə etsin ki, ara sakitləşsin? Bu haramzadalar ondan necə əl çəkər? Hə, qoca? Səninləyəm…

Qoca öləziyən gözlərini ona yönəltdi, öskürə-öskürə dedi:

– Ay yazıq! Elə bilirsən, sənin padşah olduğunu bilmirdim? Mən səndən qorxmuram daha. Onsuz da ölürəm, amma bil ki, sən də o haramzadalardan birisən. Onları öz haramına şərik etməyincə, səni rahat buraxmayacaqlar. Amma heyif o cavan uşaqlardan… Oyuna gedirlər…

Qoca daha heç nə demədi. Pıçıltı ilə kəlmeyi-şəhadətini oxuyub, gözüaçıq vəziyyətdə canını tapşırdı. Amma padşaha yeni yol da göstərmişdi. Və padşah bu yola düzələrək, sələmçiləri də, əcnəbi tacirləri də özünə şərik etdi. Hamısına hər cür şərait yaratmağa söz verdi, amma bir şərtlə ki, gəlirin əlli faizi onundur. Bu şərt hamını qane edirdi. Sərvət xalqın idi, əsas bölüşməkdirsə, o da baş tutdu.

Və beləcə, Solaxay padşah ölkəni hələ uzun illər, heydən düşüb ölənə qədər idarə etdi. Onun nağılı isə heç vaxt bitmədi. Elə ona görə də, göydən üç alma nədir, bir almanın tumu belə düşmədi.

Növbəti kitabdan bir hekayə

Asmetrdamda fahişə abidəsiSalam, əziz dostlar, oxucular, bloqumun izləyiciləri! Sizə növbəti hekayələr kitabımdan bir hekayə təqdim edirəm. “Jurnalistin seksual inqilabı” adlı hekayəm yaxın zamanlarda bir neçə saytda dərc olunub. Bununla bərabər 20-yə yaxın yeni hekayəm var ki, üzərində işləyərək, növbəti kitabım üçün hazırlayıram. Bir müddət yeni hekayələrdən paylaşmayacağam, amma bu hekayəni oxumayan dostlar üçün bloqumda dərc edirəm. May ayına qədər, mətbuata çox çıxmaq fikrim yoxdur, amma ümid edirəm ki, diqqətinizi və rəğbətinizi itirməyəcəm. Xoş mütaliələr!

Rüfət Əhmədzadə

Jurnalistin seksual inqilabı

(hekayə)

Bu gecənin ucundan tutub gedir… Deyəsən, ucuzluğa. Vaxt var idi, onu ancaq hansısa xeyir işin və ya bir səfərin həyəcanı qoymazdı yatsın; indi eyni yerdə vurnuxmağından, eyni yerlərə ayaq döyməyindən vahimə basır… Ya da ki, səssizlikdən. Arabir külək nəyisə aşırır həyətdə. Qonşunun kip bağlamağı unutduğu bir pəncərə çırpılır… Bir də ki, klaviaturanın çıqqıltısı qənim kəsilib gecəyə.

Bu nə həyatdır axı yaşayır? Gecə saat 3 olub, o isə hələ də noutbukun qabağında oturub səhər sayta gedəcək məqalələrə baxır, internetdə yeni mövzular axtarır və stajçı qızın məşhur qadın müğənni ilə müsahibəsi üçün suallar hazırlayır. Suallar da sual ola da! “İlk seks təcrübəniz hansı yaşınızda olub?”, “İlk sevişmənizdən ətraflı detallar hələ də yadınızdadırmı?”, “Münasibətdə olduğunuz kişilər arasında evli adamlar varmı?”, “Onları ailələrinə qısqanırsınızmı?”, “Kişiləri başdan çıxarmaq üçün hansı tryuklardan istifadə etmək məsləhətdir?”, “Bəs kişiləri əldə daha çox saxlamaq üçün?”…

Rayondan gəlib kirayədə qalan, jurnalistika fakültəsinin üçüncü kursunda oxuyan stajçı qız bu sualları görəndə diksinəcəkdi, amma cənab redaktor onu başa salacaqdı ki, yeni medianın uğur açarı məhz bundadır – yuxusuna haram qataraq hazırladığı təntik suallar siyahısında. Zavallı qız güclə tapdığı bu “nisyə” işi itirməmək və öz yerini möhkəmlətmək naminə, ilk dəfə qızara-qızara, dili topuq vura-vura qadın müğənniyə bu sualları bir-bir oxuyacaqdı. Hətta hər sual arasında dönə-dönə üzr istəyəcəkdi də.

Amma artıq 10-15 il səhnə və yataq təcrübəsinə malik müğənni isə “müdrikcəsinə” gülümsünəcək, “Eybi yox, bacım, olan şeydir” – deyərək, yenə də “müdrik” bir tərzdə o suallara cavab verəcəkdi. Stajçı qız da yavaş-yavaş öz işinin müqəddəsliyinə inanacaqdı. İnformasiya müharibəsində tutduğu səngərində cəsarət və rəşadətlə döyüşməyi öyrənəcəkdi. Və bütün ittihamlar da, “biz xalq üçün çalışırıq” cavabı ilə darmadağın olacaqdı. Tezliklə, stajor qız müsahibə üçün daha abırsız və daha provokasiyon suallar hazırlayacaq, özünü doğrultmaq üçün, seksual inqilaba daha çox can yandıracaqdı. Vaxtilə bizim qəhrəmanın adi əməkdaşlıqdan redaktor vəzifəsinə yüksələrkən etdiyi kimi. Birdən, gəlib cənab redaktorun yerini tutar o qız… Allah qorusun! Qəhrəmanımız buna da bir variant düşünər…

Əslində, cənab redaktor bütün bunlara – sayta baxış sayını artırmaq üçün çeynənən seks söhbətlərinə, açıq-saçıq müsahibələrə, oxucuları cəlb etməyə hesablanan başlıqlara nifrət edirdi. Artıq öz həyatında seksdən də çiyrənməyə başlamışdı. Hətta redaksiyanın qapısını yağır edən gənc və perspektivli yazar Şeyda Niyazlının ağ budları və toppuş əndamı əvvəlki kimi maraqlı görünmürdü. Qocaman jurnalist Gülöyşə Xalqsevərin hər biri öz başı boyda olan və həmişə də qarşısındakını ovsunlamaq üçün irəli əyilib nümayiş etdirdiyi iri döşləri də əhəmiyyətini itirmişdi. Bir dəfə yaxşı piar kampaniyası təşkil etmək və öz yerinə hətta bir kitab şeir yazdırmaq üçün cənab redaktora uzun-uzun “fransız öpüşləri” bəxş edən AYB üzvü Nazlı Meydanqızının ətli dodaqları da yaddan çıxmışdı.

Artıq qırx yaşına çatan cənab redaktorun yaddaşı da təmiz pozulmuşdu. Ara-sıra, ötəri xatırladığı keçmişi yalnız epizodik və ağ-qara səhnələrdən ibarət idi. Ailəsini də unutmuşdu. Yoldaşı ilə sonuncu dəfə nə vaxt ürəkdən sevişdiyini, uşaqları ilə axırıncı dəfə haçan oynayıb əyləndiyini xatırlaya bilmirdi. O, özünü tamamilə bu işə sərf etmişdi – seksual inqilaba.

Əvvəl bir dövlət qəzetində mədəniyyət müxbiri işləyirdi. Standart və etikadan kənar olmayan başlıqlarla, şablon sual və cavablarla, tərif və mədhiyyələrlə işləyirdi. Paralel olaraq, ədəbiyyatla da məşğul idi. Şeirlər, hekayələr və roman da yazırdı. Bir gün, hansısa məmur-şairi bir mətbuat mərkəzinin dəhlizində, iki-üç jurnalist dostunun yanında tənqid etdi. Dedi ki, filankəs müəllim paz olub keçib boğazımıza…

Amma bundan əvvəl yazdığı məqaləsində tərifləmişdi. Məqaləyə görə minnətdarlıq etməyən məmur-şair bu tənqidi o söhbətdə olanlardan biri vasitəsi ilə eşitmiş, sonra da bizim qəhrəmanın işlədiyi qəzetdə baş redaktor olan uşaqlıq dostu vasitəsi ilə intiqam almışdı.

Uzun müddət işsiz qalan redaktorun parlament müxbiri işləyən bir dostu köməyə çatmışdı:

– Ayə, eloğlu! Bir sayt var, yaxşı yazar axtarırlar. Mədəniyyət portalıdır. Əsl sənin yerindi, vallah! Amma bir məsələ var. Oranın siyasəti fərqlidir, gəncliyi cəlb edəcək maraqlı yazılar yazmalısan… O “naftalin” qoxuyan başlıqlardan da imtina elə, hər şey əla olacaq!

Qəhrəmanımız çox düşündü, axırda o sayta getməyə qərar verdi. Başqa iş təklifi də yox idi. İlk təqdim etdiyi iş isə, elə onu işsiz qoyan məmur-şairlə bağlı əhvalatdan danışılan hekayə oldu. Bir az bədiilik qatmışdı, bir qədər “təxəyyül məhsulu” kimi göstərmişdi, amma içindəki yanğını o hekayəyə tökmüşdü. Adı isə belə idi: “Ümidlərlə ağlamaq”.

Amma hekayə saytda bu adla çıxdı və oxunma rekordu qırdı: “Ehtirasla ağlamaq”. Heç dəxli var idi. O vaxt hələ ştata təsdiqlənməmiş indiki redaktor qəzəbləndi, qüruru və mənəviyyatı onu redaksiyada oturduğu yerdən ayağa qaldırdı. Qəti addımlarla irəlilədi, eyni otağın bir küncündə oturan, ovaxtkı redaktor Günay Mövsümün başının üstünü kəsdirdi:

- Axı, mənim hekayəmdə ehtiras söhbəti yox idi, Günay xanım! Başa düşürəm, oxucuları cəlb etsin deyə, belə başlıq vermisiz. Amma bir məmur-şair tərəfindən qaralanmış, işsiz qalmış, ehtiyaclar içində vurnuxan yazarın ümidlərini, mübarizliyini bu başlıq əks etdirmir!

Sonralar Amsterdama mühacirət etmiş görkəmli jurnalist Günay Mövsüm üzünü çevirib onu tərs-tərs süzdü:

- Ay qardaş, bilirəm də!… Məndən olsaydı, heç o yazını verməzdim. Bilirsən, indi oxuculara belə şeylər maraqlı deyil! Mən saytdan danışıram ha! Saytın siyasəti başqadır! Həm də sənə görə elə bir dostum xahiş edib ki, sözündən keçə bilmirəm.

Günay Mövsümün bu minnəti bizim qəhrəmana şillə kimi dəymişdi. Redaksiya otağında oturmuş digər beş jurnalistin mənalı və istehzalı nəzərləri də onun üzərində gəzdi. Demək istəyirdilər ki, sən bura adamı deyilsən, bəyənmirsənsə gedə bilərsən. O, bu həqarətə dözə bilməzdi. Amma dözdü. Nəsə deməli olduğu halda susdu. Kare saçlarına dən düşməsinə baxmayaraq, şıltaq və əsəbi qız obrazını hələ yadırğamayan Günay Mövsüm isə gözündəki eynəyi çıxarıb, sığanağın uclarını oynada-oynada davam etdi:

- Əzizim, su girdi qaba, oldu içməli. Xahiş edirəm, nəzərə al. Bax, gör…. Hekayəni 3500 adam oxuyub. Bu, bilirsən nədir? Kütlə səni tanımağa başlayıb. Kim dedim? Küt-lə! Bu kütləyə belə başlıqlar lazımdır. Sən öz sənətini unutma, yazmağı bacarırsan. Amma komplekslə, bu mentalitet düşüncəsiylə qabağa gedə bilməyəcəksən. Ümid də ehtirasdı də! Yəni ki, qəhrəman həyat eşqini, yaşamaq ehtirasını hələ də itirməyib!

Bu hekayənin qəhrəmanı isə artıq həyat eşqini də, yaşamaq ehtirasını da itirib. Baxmayaraq ki, Günay Mövsümün dediklərini qulağına sırğa elədi. O gündən etibarən maraqlı hekayələr və reportajlar uydurdu. Barda, pritonda, homoseksuallar arasında “yaşadıqlarından” fantaziya dolu yazılar yazdı. Hətta bir neçə dəfə utanmadan intihar etdiyini də açıqlayıb, bu barədə palaz-palaz məqalələr gubbuldatdı. Üç-dörd il əvvəl çıxmış və cəmi 5-6 nüsxəsi satılmış “Kədərlə çarpışanlar” romanına bir az əlavələr etdi, “Şəhvətlə çarpışanlar” adı ilə yenidən bazara çıxardı. Satış rekordu da öz yerində!

Bir neçə aya ən məşhur yazarlardan biri və hətta birincisi oldu, başqa yerlərdən də əməkdaşlıq təklifləri aldı… Və tezliklə, Günay Mövsümün yerinə keçdi. İndi isə onun yerinə keçmək istəyənlər var. Buna imkan verməyəcək. O, özünün “seksual inqilab fədaisi” missiyasını şərəf və ləyaqəltə yerinə yetirir. Bu missiyaya görə, nə qədər yuxusuz gecələr keçirib, nə qədər dost-tanışın qınağını, nə qədər insanın söyüşlərini udmalı olub…

Artıq gecdir. İşlərini də bitirdi. Saat 03:30-da yatmağa gedə bilər. Mətbəxdə qoyub işlədiyi yazı masasının üstünü səliqəyə saldı, noutbukundakı yazıları “fleşkart”a köçürdü, ehtiyat üçün yazıları öz “e-mail”inə də göndərdi və noutbuku söndürüb, ölüvay halda yataq otağına keçdi.

Arvadı qapının cırıltısına ayıldı. Yuxulu gözlərini qaldırıb, “nə günə qalmısan” sözləri yağan mənalı baxışlarla ərini süzdü. Cənab redaktor heç nə demədən, səssizcə paltarını soyunub yatağa girdi. Və son illərdə hər gecə olduğu kimi, arxasını həyat yoldaşına çevirib uzandı. Yoldaşı durub yerində oturdu, nəsə düşündü və əlini sağa uzatdı. O, ərinin dazlaşan başının arxasından bir çeçələ barmağı qədər uzanan tellərini qarışdırdı.

- Sən Allah, əl dəymə, yorğunam! Bağışla, oyatdım səni… Yat!

Qadın əsəblə yorğanı sinəsinə qaldırıb, yerində uzandı. Tavana baxa-baxa, deyinməyə başladı.

- Özünü həsr eləmisən bu gic-gicə sayta, axmaq-axmaq yazılara, ailəni yadından çıxarmısan.

Cavab gəlmədi. Cənab redaktor bu sözləri çox eşitmişdi və artıq adi qarşılayırdı.

- Bütün gün seksdən yazırsan. Qadınların ehtiyacından dəm vurursan. Kişilərə məsləhət verirsən… Arvadından xəbərin var? Heç soruşursan, onun dərdi nədir? Nə ehtiyacı var?

Cənab redaktor bu sözləri də çox eşitmişdi… Yenə dinmədi.

- Yüz faiz, sənin həyatında başqa qadın var. Başqasıyla gəzirsən!

Dirsəyi ilə ərinin çiyninə toxundu:

- De görüm, kimdi o qəh…

Bu dəfə, seksual inqilab fədaisi olan qəhrəmanımızın qəti və çoxmənalı bir cavabı eşidildi:

– Xxxxxxoooo… Xxıııııı….. Xşşşş……….. Xıxxx!

“Adım anonim qalsın” hekayəsi

3d-proyektAdım anonim qalsın

(hekayə)

Əziz dostlar, oxucular! Artıq xəbər verildiyi kimi, fevralın 8-də, saat 14:00-da “Adım anonim qalsın” kitabının (hekayələr, mənsur şeirlər və esselər) tədimat mərasimi olacaq. Tədbir Nizami metrostansiyası yaxınlığında,  Kitabevim.Az mağazasında (Z.Əhmədbəyov 2) baş tutacaq. Dostlarımı orda görmək ümidi ilə, kitaba salınmış eyni adlı hekayəni sizinlə bölüşürəm. Həm də ki, yeni tanıyan oxucuların daha yaxşı təsəvvürü yaransın deyə, bunu vacib bildim. Beləliklə, “Adım anonim qalsın” adlı hekayə:

“Salam. Adım anonim qalsın. Kim olduğumu deməyəcəm. Bunun o qədər də önəmi yoxdur. Televiziya ekranlarında göstərilənlə həqiqətdə olanların fərqləndiyi zamanda – sənin kim yox, necə olmağın maraqlıdır. Bu zaman ən əsas nitq hissəsi sifət, ən vacib cümlə üzvü isə təyin olur. Hətta sifət şəklində vətənpərvər insan olmaq da önəm daşımır.

Nə isə… Çox uzatmadan öz sifətimdən, təyinatımdan danışım bir az. Adi vətəndaşam, bəlkə də o qədər adi deyiləm, amma sadəyəm. Ən azından sadə olmağa çalışıram. Guya çalışmayıb nə edəcəm ki?”…

– Sən niyə özünü həmişə sadə aparırsan?

– Pis edirəm ki?

– Yox ey, qızlara kənardan maraqsız görünürsən.

– Sənə də?

– Yenə başladı! Ümumiyyətlə, hamıya. Məsələn, mənim qrup yoldaşlarıma…

– Mənə onların fikri maraqlı deyil.

– Lap onlar cəhənnəmə… Sadə insanlar cəmiyyətdə sevilmir, çox uzağa getmirlər.

– Elə düşünmürəm. Mənim hərəkətlərimdə pis nə var axı? Gülərüzəm, mehribanam, hamıya eyni cür davranıram… Düzdür, hərdən dozası artıq düşür, amma səhvimi tez düzəldirəm.

– Eee… Hamıya eyni cür davranarsan, hamı da sənə adi baxar.

– Baxsın… Adi insanam da. İndiki zamanda adi insan olduğunu anlamaq elə qeyri-adi olmaqdır.

– Off! Səninlə tanış olduğum günə daş düşəydi!

– Hmm…

– Yaxşı, küsmə… Zarafat eləyirəm də.. Sadəcə çalış,  hərdən ağıllı görünəsən…

– Ağılsız görünürəm?

– Daha ağıllı da…

– Mən olduğumdan da ağıllı necə görünüm?

– Nə bilim. Dik gəz, bir az ədalı ol, arada güzgü qabağında kinayəli gülüşlərlə məşq elə… Xarizmatik ol da!..

– Ay qız! Mən necə sən deyən kimi olum ki, elə adamları özüm xarizmatik saymıram?!

– Yaxşı… Dur gedək, axşam düşdü…

….“Pulum çox deyil, qohumlarımdan deputat və məmur olanlar varsa da, zəhləm gedir, övladları ilə də düşmənəm… Məclislərdə görəndə qabaqlarına qaçmıram… Büdcə hesabatlarında orta aylıq əməkhaqqı kimi göstərilən məbləğ belə, mənim üçün iki növbəlik işin qazancıdır. Yəni, perspektivlərdən uzaq, qazancı gündəlik dolanışığa ancaq yetən bir gəncəm. Həm də adi gənc sayılmıram, çünki aradabir bloqumda ictimai tənqidlər yazmışam.

Hər halda, yuxarıdan baxanda “müxalif” deyirlər. Aşağıdan baxanda isə aradabir müxalifəti də tənqid etməyim gözə dəyir, onda “iqtidar adamı” oluram. Sağdan və soldan baxanlar da var. Mühafizəkar millətçilərə “dəyərsiz liberal”, kosmopolit liberallara “geridəqalmış faşist” kimi görünürəm. Amma mən millətimi, xalqımı da sevirəm. Sadəcə istəyirəm ki, başqa millətlərlə mübarizədə özümüzü qorumaqla yanaşı, həm də özümüzü sevdirə bilək. Axı biz…”

Mən nə edirəm? Bu nə yazıdır axı? Hekayədir, ya nədir? Siqaret… Mövzu… Çay… Süjet… Bir dişləm şokolad… Qəhrəmanlar… Bir gilə də siqaret… Xoşbəxt sonluq!

Bəli, xoşbəxt sonluq! Mən özüm tezliklə öləcəmsə də… İçimdəki həyat eşqi mənə ancaq nikbin şeylər yazmağı əmr edir. Onsuz da dünyada hər gün minlərlə insan ölür, minlərlə ailə boşanır, minlərlə qadın ona aşiq kişini, minlərlə oğlan ona təslim olan qızı atır… Heç olmasa, kimisə hekayəmdə xoşbəxt edim!

– Xoşbəxtlik nədir səncə?

– İnsan nəslinin davam etməsi üçün təbiətən beynimizdə dolaşan xəyali ilğım. Getdikcə getmək, çatdıqca da geridə qoyub qabağdakı, “daha yaxşı” xoşbəxtliyə can atmaq arzumuz yaranır. Xoşbəxtlik sadəcə yerimizdə durmamaq üçün hədəfdir. Elə “ilğım” desək bəsdir. Səhradakı kimi.. Deyəsən, çox fəlsəfi danışdım.

– Yox, maraqlı danışırsan. İlğım deyirsən, axı ilğım saxta, aldadıcı görüntüdür. Amma xoşbəxtlik ani də olsa, az da çəksə, yenə də realda hiss edilir. Necə də olsa, onu dada bilirik. Bəs niyə hər şey biz istəyən kimi olmur? Niyə hər şeyin dadını davamlı çıxara bilmirik?

– Biz guya nə istədiyimizi bilirik?

– Mən şəxsən nə istədiyimi bilirəm. Ciddi həyat yoldaşı, sahmanlı ev, normal iş, ortabab maaş, ağıllı uşaqlar.. Hə… Maşın da olsa, pis olmaz. Amma əsas mənim üçün həyat yoldaşı olacaq adamdır. Sadə, nizamlı, intizamlı… Nə bilim, fikrini işə-gücə, mənə həsr edən adam.

– Belə adam görürsən?

– Necə deyim… Məncə sən… Sən elə mən istəyən adamsan.

- Bax… Məncə sən səhv edirsən. Mən elə sən düşünən kimi monoton, ciddi ziyalı tipi deyiləm. Mən beş gün işə qalstuk-kostyum geyirəmsə, mütləq həftəsonu sərbəst geyib şəhəri veyillənməliyəm, klublarda rəqs etməliyəm… Nəbilim, repə-roka qulaq asmalıyam ki, içimdəki stressi ata bilim. Nə kampaniyanı sevirəm, nə də tək qalmağı… Arada şənlik etməyi sevirəm. Kitabdan, kompyuterdən, adətlərdən uzaqlaşmağı…

– Bəs mən sənə uyğun deyiləm?

– Necə deyim, gözəl qız… Sən küçədə bir az deyib-gülən cütlük görən kimi, haqlarında bir əxlaqsız hekayə uydurursan. Bu, heç də yaxşı deyil. Mənsə… Mən özümü sən deyən “ailəcanlı kişi” kimi təsəvvür edə bilmirəm. Belə canım sıxılar!

– Burda cansıxıcı nə var axı? İndi mən sənin canını sıxıram? Hə?!

– Yaxşı… Dur, gedək, axşam düşür…

“Mən yaşamaq istəyirəm. İndiyə qədər ölmək istəyirdim. Hətta özümü öldürməyə də çalışmışam. Dərman da içmişəm, bir ovuc. Evdə qazı açıb, mətbəxin ortasında da uzanmışam. Damarlarımı da doğramışam. Ölməyi hər şeydən çox istərkən , ölməmişəm. Sanki mənim ölməyim də, həyatı sevməyim də indiyə qalmışdı. İndi həyatımda hər şey dəyişmişkən, həyatın özü, mənim yaşamağım durub göz önündə. Bir şey – bir xəstəlik öz sözünü deməyə başlayıb. Amma mən də təslim olmuram, çünki uğrunda yaşayacağım insan var!

Əvvəlki aqressiyam qəti qalmayıb. Heç əvvəlki kimi pessimist də deyiləm. Kim başqa cür düşünürsə, səhv edir. Əksinə, son günlər həyat eşqi qəlbimdə aşıb-daşır. Oğlunun toyuna qədər günləri sayan bir valideyndə olduğu kimi. Əşşi… Qoy sağlam olanlar xəstələrin yerinə Allaha üsyan etsin. Xəstələrin ölümqabağı günah etməsi yaxşı hal deyil. Sağlam adamların isə həyatı qabaqdadır. Bir dəfə üsyan edib, sonra günah yuyarlar…

İndi bu tip yazılarımdan sonra yenə zəhlətökən suallarla rastlaşacam. Biri guya qayğıkeşliklə soruşacaq: “Sən niyə əvvəlki kimi yazmırsan?”

Bir başqası da, az qala yaxamdan yapışacaqmış kimi çımxıracaq: “Bir az nikbin yaz, qardaş! Həyatın gözəl tərəflərini də gör, xoşagələn halları təsvir et. Başqa mövzuları da işlə. Məsələn, Azərbaycan həqiqətlərindən yaz!”…

Kimsə də maraqlanmayacaq ki, mən niyə gündən-günə əriyirəm, mən niyə yox oluram… Yəni, mənim yazmağım yaşamağımdan çox önəmlidir?!…

– Nə olur olsun, mən səni heç vaxt atmayacam.

– Səni bədbəxt etməyə haqqım yoxdur… Onsuz da, həyatına girməyim…

– Sus! Əsas odur ki, səninlə xoşbəxtəm! Sən də mənimlə xoşbəxtsən. Hə? Biz bir yerdə xoşbəxtik?

– Elədir. Mən səninlə çox xoşbəxtəm. Amma belə olmasını istəməzdim. Həm də toyqabağı…

– Boş ver. Son nəfəsinə kimi yanında olacam. Biz evlənəcəyik…

– Toy olmayacaq. Bunu edə bilmərik. Nişanı da qaytarmaq… Off! Dəli oluram!

– Bəsdir! Danışma daha, qucaqla məni…

– Bəlkə gedək? Axşam düşür…

– Hə… Soyuqdur sənə?

– Əslində yox… Yanımda sən varsan, qızınıram. Sənə görə narahatam…

– Məndə hər şey yaxşıdır, məni qucaqla…

– Park soyuqdur, bəlkə bir kafeyə girək?

– Heç yerə istəmirəm, qucaqla məni, yanımda ol…

– Bəs evdə narahat olmazlar?

– Yox… Olar bir az da qalaq?

– Olar… Axşam düşsə də olar.

“Adım anonim qalsın” toplusu

3d-proyektGənc yazar Rüfət Əhmədzadənin ikinci nəsr toplusu işıq üzü gördü.

Hədəf Nəşrlərindən verilən məlumata görə, “Adım anonim qalsın” kitabına 28 yaşlı yazarın son illərdə yazdığı hekayə, mənsur şeir və esseləri daxil edilib və mərhum jurnalist Şahin Ağabəylinin xatirəsinə ithaf olunmuş bu topluda əsasən post-sentimentalizm və kontr-idealizm işartıları hiss olunur.

Müəllif bundan əvvəl oxucuların qarşısına “Sən busan” kitabıyla (2011) çıxmışdı. Birinci kitabında olduğu kimi, Rüfət Əhmədzadə ikinci kitabında da qəhrəmanlarının çoxuna ad verməyib.

Rüfət Əhmədzadə – “Adım Anonim Qalsın” kitabı.

Əksər qəhrəmanların adsız, cizgisiz və qeyri-ideal olması, həmçinin danışa-danışa özlərini ifşa etməsi oxucunu düşünməyə, özünə yaxın cəhətləri görməyə vadar edəcək.

Kitabın təqdimatı 2014-cü ilin yanvar ayında – Bakıda və Gəncədə planlaşdırılıb.

Məlumat linki: http://www.azadliq.org/content/article/25205891.html

Ədəbiyyatın inkişafına dəstək fondu yaradılsın!

rufat-seminar“İşıq” Gənclər Hərəkatının tədbirində Azərbaycandakı ədəbi mühit müzakirəyə qoyuldu

Aprelin 14-də “İşıq” Gənclər Hərəkatının “Azərbaycanda…” layihəsi çərçivəsində növbəti seminar keçirilib.

Hərəkatın mətbuat xidmətindən verilən məlumata görə, “Azərbaycanda ədəbi mühit” mövzusunda keçirilmiş tədbirdə ekspert qismində  yazar-tərcüməçi, Hədəf Nəşrlərinin redaktoru Rüfət Əhmədzadə qonaq olub.

Seminarda mühazirədən çox müzakirə formasında keçib və seminar iştirakçıları ilk əvvəl spikerin “Sizin üçün “Azərbaycanda ədəbi mühit” anlayışı nə asossasiya edir” sualına cavab veriblər. Və tədbirin gedişatı da məhz gənclərin verdiyi cavablar ətrafında istiqamət alıb. Rüfət Əhmədzadə ədəbi mühitdə yazarların fərd olaraq cəmiyyətə çıxışından danışıb, özünün bloqçu kimi ədəbiyyata gəlişindən və imzasını sosial şəbəkələr vasitəsilə tanıtmağından bəhs edib.

Daha sonra yazarlar arasındakı münasibətlərə, intriqalara, ədəbi mühitdə “birlik kimi” təqdim olunan qruplaşmalara da toxunulub. Yazar tərəfindən qeyd olunub ki, Azərbaycanda nəşriyyatlar və yazarlar arasındakı münasibətlər hələ tam formalaşmayıb və qonorar mexanizmi öz yerini lazımınca tapmayıb.

Ədəbiyyatda “şou-biznes” elementlərinin də təzahür etməsini nəzərə çatdıran spiker idealist yazarların bazardan kənarda qalmasını və oxucuların daha çox reklam olunan və ya fərqli üsulla, qalmaqallı yollarla təqdim olunan nəşrlərə  meyl etməsini xoşagəlməz hallardan biri kimi qeyd edib.

ed-2“Lakin bu hallar da təbiidir və zamanla proseslərin tənzimlənməsi üçün ədəbiyyatı sevən, bu işlə məşğul olan adamların məsulliyyətli, oxucuların isə tələbkar olması lazımdır. Ümumiyyətlə, ədəbi birliklərin, təşkilatların birləşməsi, ölkədə ədəbi mühitin durulması üçün Ədəbi Təşkilatların Milli Şurasına, yaxud da Ədəbiyyatın İnkişafına Dəstək Fonduna ehtiyac var. Zaman sübut etdi ki, vahid təşkilat kimi, Azərbaycan yazıçılar birliyi öz ətrafında bütün yazarları birləşdirə bilmədi, heç bir təşkilata üzv olmayan müstəqil yazarlar da diqqətdən kənarda qaldı. Hamının ətrafında birləşəcəyi ən yaxşı vasitə isə puldur, yeni ədəbi əsərlərin nəşri və milli ədəbiyyatın təbliği üçün Fondun yaranması müsbət tendensiya yarada bilər”, -deyə ekspert vurğulayıb.

Fondun zamanla özü-özünü maliyyələşdirən quruma çevriləcəyini deyən R.Əhmədzadə cəmiyyətdə xanım yazarların yetişməsinə mane olan komplekslər və tabulardan da bəhs edib. Onun sözlərinə görə, bəzən bu komplekslərdən xilas olduğunu hesab edən xanım yazarlar da ifrata varır, öz yaradıcılıq məqsədlərindən uzaqlaşmış kimi görünürlər.

Əkrəm Əylisli məsələsinə də toxunan yazar bildirib ki, keçmiş xalq yazıçısının “Daş yuxular” romanını yazılması gərəkməyən bir roman hesab edir, amma ona qarşı kəskin hücumların və kitab yandırma aksiyalarının də ölkəmizin imicinə mənfi təsir göstərdiyini və düşmənlərə bəhanə verdiyini düşünür.ed-3

Seminar iştirakçılar və spiker arasında fikir mübadiləsi və sualların cavablandırılması ilə yekunlaşıb.

Kitabsevərlər üçün “Şərqdə fırtına” gözlənilir

Bir kitabın sirri

 

Gənc yazıçı Çingiz Mehbalıyev: “Yenilik gətirməyəcəyin işə girişmək olmaz”

 

Bugünkü müsahibimiz yazdığı “Miras: Bakının sirri” kitabı ilə ədəbi sferaya qədəm qoymuş Çingiz Mehbaliyevdir. İctimai fəaliyyətinə görə daha çox rəssam kimi tanıdığımız Çingiz bəylə kitabın yazılmasından, satışından və  hansı nüansların kitabı oxuculara sevdirməsindən danışdıq.

 

 – Sizin kitabınız işıq üzü görəndən kifayət qədər maraq doğurdu. Bunun səbəbini nədə görürsünüz? Bu kitabı digərlərindən fərqləndirən və maraqlı edən cəhətləri nədir?

- Bu sual kitabı yazmazdan əvvəl bir yazıçı olaraq mənim qarşımda duran ilk sual idi. Mən kitabı yazmağa başlayarkən onun maraqlı olub-olmadığından və digər kitablardan fərqlənib-fərqlənmədiyindən başlayıram. Əgər yazacağım kitab mənim şəxsən özümə maraqlı və fərqli görsənmirsə onda kompyuter arxasına oturmuram. Mənim kitab yazmaq üçün bir neçə kriteriyam var. Onlardan biri belə səslənir: necə bir kitab oxumaq istəyirəmsə, o səviyyədə kitab yazıram. Digər vacib məqam isə kitabın insanın hansı xüsusiyyətinə təsir etməsidir. Bir çoxları fikirləşir ki, kitab insanın emosiyalarına təsir etməlidir. Digərləri isə düşünür ki, kitab insanın ağlına təsir etməlidir. Mən isə fərqli düşünürəm. Mən düşünürəm ki,  kitab insanın emosiyalarına və ağlına təsir etməklə bərabər, həm də onun iradəsinə təsir etməlidir. Deyə bilərəm ki, əksər yazıçılar bu məqama ümumiyyətlə fikir vermirlər. Mən isə “Miras: Bakının sirri” kitabında bu üç məqamı bir araya gətirə bildim. Məhz bunun nəticəsidir ki, əksər oxucular kitabda yazılanlara inanmağa başladılar və hətta orada yazılanlara uyğun hərəkətlər etməyə qərar verdilər.
- Heç vaxt kitab yazmamış bir şəxsin 1000 tirajla çıxan kitablarını artıq bir çox kitab mağazasında tapmaq olmur. Yüksək və sürətli satışlara necə nail oldunuz?

- Kitabı çap etməyə hazırlaşanda çoxları mənə sual verirdilər ki, “belə tirajda kitab çap edirsən, bəs bunun hamısını sata biləcəksən?”. Əslində bu tip sualları verən insanları da müəyyən mənada başa düşmək olar. Çünki, hazırki dövrdə yazarların çoxu oxucu çatışmazlığından şikayətlənirlər. Mənim də belə “sürprizlər”lə qarşılaşa biləcəyim istisna deyildi. Ona görə də satışları necə təşkil edəcəyim barədə xüsusi düşünüb strategiya qurdum. Etiraf etməliyəm ki, bu iş həm biznes düşüncəsi, həm də kreativlik tələb edir. Müsahibələrimin birində özümün işə yanaşma tərzim barədə belə demişdim – “yenilik gətirməyəcəyin işə girişmə!”. Kitab yazmağa  başlayanda da əsas prinsipim bu idi. Kitab çapı və satışına başlayanda da digər yazarlardan daha fərqli addımlar atdım. Məsələn, bir çox gənclər kitab çap edərkən məşhur adamlardan ön söz yazmaqlarını xahiş edirlər. Mən isə bunu etmədim. Və yaxud da gənc yazarlar elə ilk kitabı üçün dərhal təqdimat mərasimi edib bu yolla satışa nail olmağa çalışırlar. Mən isə başqa yolla gedərək kitabım üçün xüsusi təqdimat mərasimi etmək istəmədim. Hər iki halda mənim yalnız bir məqsədim vardı: kitab ön söz yazan məşhura və təqdimat mərasiminə görə satılmasın, kitab özünün maraqlı və oxucu üçün dəyərli olmağına görə satılsın. Kitab satışında etdiyim digər yenilik isə sosial media vasitələrindən peşəkarcasına istifadə etməyim oldu. Bu üsulları tətbiq etmək hər kəsin öz əlindədir. İstifadə etdiyim digər üsullar isə sirr olaraq məndə qalsın.


- Bu kitabın ruhundan və oxucuların fikrindən başa düşmək olar ki, kitab Azərbaycanda bir çox ilklərə imza atıb. Bunları sadalaya bilərsinizmi?

- Bunu mənim deməyim təvazökarlıqdan bir az uzaq ola bilər. Eyni zamanda isə kitabın bir sıra yenilikçi və fərqli xüsusiyyətlərə malik olacağını əvvəlcədən özüm də bilirdim. Buna görə də kitab hazır olan kimi dərhal Müəllif hüquqları agentliyindən qeydiyyatdan keçirdim. Kitabın yenilikçi xüsusiyyəti isə onun mahiyyətindən irəli gəlir. Belə ki, kitab intellektual detektiv üslubunda yazıldığından orada kifayət qədər ciddi araşdırmalar öz əksini tapıb. Belə ki, Qız Qalasının “qızıl bölgü” əsasında tikilməyi, Quranda məhz hansı ayədə “qızıl bölgü”yə işarə olunmasının vurğulanması “Miras: Bakının sirri” kitabının etdiyi açılışlar idi. Kitabın digər maraqlı xüsusiyyəti isə bədii ədəbiyyat nümunəsi olmağına baxmayaraq orada 22-dən artıq real elmi mənbəyə istinad olunması və 37-dən artıq tarixi şəxsiyyətin adının çəkilməyidir. Kitabın özü isə ənənəvi formada ön sözlə başlamır. Mən bu konsepsiyadan kənar durdum və kitabın əvvəlinə “Motivasiya: Niyə məhz bu kitab?” bölməsini əlavə etdim. Düşünürəm ki, hər bir oxucunun halal haqqıdır bilsin ki, o bu kitabı niyə görə vaxt sərf edib oxumalıdır və nəyə görə bu kitaba pul xərcləməlidir. Kitabdakı digər yenilikləri və fərqlilikləri isə oxucular oxuduqca şahidi olacaqlar.

 

- Kitabı müxtəlif müsabiqələrə təqdim etmək fikriniz varmı?

- Bəli, var. Əslində bu təşəbbüş oxuculardan gəldi. Belə ki, məhz onların gözləntilərinə uyğun olaraq kitabı “Milli Kitab Mükafatı”na təqdim etdik. Eyni zamanda demək istərdim ki, bu kitabla bağlı bir çox işlər məhz oxucuların təşəbbüsü ilə həyata keçirilib. Misal üçün kitabın onlayn kitab saytlarına goodreaders və vikitap-da yerləşdirilməsi məhz oxucuların birbaşa təşəbbüsü ilə olub. Oxuculardan aldığımız növbəti təşəbbüs isə “Miras: Bakının sirri” barədə onlayn ensiklopediya hesab olunan Vikipediyada xüsusi olaraq zəngin məqalənin yerləşdirilməsidir. İndi artıq hər kəs Azərbaycandilli Vikipediyada kitab barədə yazılmış bu məqaləni oxuya bilər.

- Daha hansı yeniliklərlə oxucuların qarşısına çıxmaq fikrin var?

- Əgər işlərimiz öz qaydasında getsə, düşünürəm ki, 2012-ci ilin sonuna yeni kitabımla oxucuların görüşünə gələcəyik, İnşallah. Bu kitabı da artıq Müəllif hüquqları agentliyindən qeydiyyatdan keçirmişəm.

 

- Əgər sirr deyilsə yeni kitabınız nədən bəhs edir?

- Bu kitab bir casusun, Şimali Afrika və Yaxın Şərqin ərəb ölkələrinin həyatını dəyişmiş “Ərəb baharı”nı necə həyata keçirməsindən bəhs edir. O cümlədən, kitabda Avropa iqtisadi böhranının Ərəb inqilabları ilə hansı formada əlaqəli ola bilməsi barədə ehtimallar var. Düşünürəm ki, bu kitab müasir dünyamıza fərqli yöndən baxmaq üçün oxucularımıza yaxşı fürsət olacaq. Kitabın adını da bəri başdan açıqlaya bilərəm – “Şərqdə Fırtına”.

 

- Sözün düzü kitabın adı və mövzusu mənə indidən maraqlı gəldi. İnanırıq ki, növbəti kitabınız əvvəlkindən daha uğurlu və həyəcanverici olacaq.

- Elə biz də buna inanırıq və əlimizdən gələni edirik ki, oxucuların inamını doğruldaq.

Söhbətləşdi: Rüfət Əhmədzadə