Əsas səhifə » Ordan-burdan » “ZASTOYSTAN”

“ZASTOYSTAN”

Yenilik! Sevirəm bu “yenilik” adlı şeyi! “Sinov” gedirəm onun üçün! Niyə? Çünki, yenilik inkişafdır. Yenilik gələcəkdir! Köhnəliyin meydan suladığı, ürək bulandırdığı və beyin uydurduğu “kaftar” cəmiyyətlərdə bir ümid işartısıdır. Yenilik – fərqlilikdir!

Amma, hər adamı sevmədiyim və hər kəs tərəfindən də “sabitliyini qoruyan valyuta vahidi” kimi qəbul edilmədiyim üçün, mənim də bir neçə “amma”sayaq prinsipim var: Hər yenilik və hər fərqlilik, mənim üçün “cici” deyil! Necə ki, hər “distrofik” dissident deyil. Və necə ki, hər axan maye içilməli deyil. Yaxud, fərli olmayan fərqlilik – həkimlər üçün! Və yaxud da… Və sairə və ilaxır və ilxı.

Gərək, yenilik edəndə, elə bir “hoqqa” ortaya qoyasan ki, həm də, bir “yemlik”olsun. Ruha və zəkaya qida verə biləsən! Yox, öz  “kamakorma”nla beyinləri qarışdırıb, ruhları da xəstə edəcəksənsə…

…Azərbaycan cəmiyyəti, “zastoy”luğa nə qədər  meylli və təmayüllü olsa da, bu cəmiyyəti təşkil edən millətin qanında bir “innovasiya” geni var. Daha düzgün desəm, “yenilik” nümayişçiliyi! Xüsusən də, “bazar iqtisadiyyatı” və “şou-biznes” adlanan “epidemiya”lar bizi yoluxdurandan, demək olar ki, hər kəs çalışır “novator” olsun və başqalarından fərqlənib seçilsin.

Təbii ki, fərqlənməyə çalışmaq rəqabət yaradan arzudur. Rəqabət isə, inkişafa səbəbdir! Amma… Əgər, bu “rəqabət” adlanan proses cəmiyyətdə ağıllı və mədəni şəkildə getsəydi, “zastoyluq” kimi dissidentliyin də “suyunu axıdanlar” olmasaydı, nə dərdimiz vardı ki!?

Sovet humanizminin “rəhmətə getməsi” ilə, elmi-insani təfəkkür səviyyəsi də öz yerini falçılıq, cindarlıq, “dindar”lıq, fahişəlik, faizçilik, fırıldaqçılıq, fonoqramçılıq və bir çox “çılıq-çülük” peşə və adətlərə verməsəydi, erməniylə vuruşmağı demirəm, heç olmasa, millətimizin kişiləri, kollektiv futbol oynamağı belə, qol gücü sınamaq, güləşmək, it boğuşdurmaq, aşıq atmaq, nərd oynamaq, xoruz döyüşdürmək və ən nəhayət, fahişəbazlıqdan daha yaxşı bacarsa idi…

…Fahişəbazlıq demişkən, mövzunun “virus nüvəsi” olan bu problem barədə bəhs etməsəm, məncə, yazım da natamam olar. Odur ki, diqqət:

Fahişəbazlıq və ya “modern-demokratik” təqdimatı ilə desək, “seks-biznes” çox qədimi “sənət”dir. Və bu “sənət” indiyədək olduğu kimi, indən belə də olacaq. Onun qarşısını, heç bir “yenik” və ya “köhnəlik”lə almaq olmaz. Sadəcə, fühuşu nəzarətə alıb, fəaliyyətini qanuni şəkildə maksimum məhdudlaşdırmaq və onun “inkişaf”ına səbəb olan sosial-iqtisadi və sosial-psixoloji problemləri aradan qaldırmaq yolu ilə, bu insani məşğuliyyətin cəmiyyətdə açıq tendensiya yaratmasına mane olmaq mümkündür. Mümkündür!  O cəmiyyətlərdə ki, fahişələrə fəxri adlar verilmir, onların arxasında oliqarx və məmurlar dayanmır, insan alveri “böyük” adamlar tərəfindən kurasiya olunmur…

…Amma və lakin, Tanrının əmri ilə məhkum olduğum bu Azərbaycan cəmiyyətində, mən nələri müşahidə edirəm:

Əslində, heç bir “yenilik” mahiyyəti olmayan, əksinə, cəmiyyəti “zastoy”luğa sürükləyən fahişəlik, saunalardan, otel otaqlarından, “masaj” salonlarından və qapalı “striptiz-bar”lardan çıxarılaraq, düz evimizin içinə, yəni, “mavi ekran”a gətirilir və bütün KİV-də onlar üçün geniş imkanlar yaradılır. Populyarlıq yarandıqca da, jurnalistlərdə və informasiya istehlakçılarında bu fahişələr barəsində “material tələbatı” formalaşır. Hətta, ictimai-siyasi mövzulu “tok-şou”lara da belə, bu …

…Bir cümlədə: “QƏH…” LƏR OLUR “QƏHRƏMAN”! Və “şok-yenilik” satusu ilə “raskrutka” olunan bu “qəhrəman”lar isə, günü-gündən çoxalan və “fan-klub”larda birləşən “pərəstişkar”larına (zəhləm gedir bu sözdən!) “qəhrəman”lıqdan savayı heç bir “pozitiv” nümunə verə bilmirlər. Nəticə bəllidir: Azərbaycan cəmiyyətində, başı ilə yox, başqa yeri ilə düşünən “zastoy” sürüsü formalaşır.

Bu “sürü”nün formalaşmasında yalnız fahişələr iştirak etmir. Yuxarıda, bir çox “çılıq-çülük” adətlərdən yazmışdım. Baxın, məhz, “çılıq-çülük”çülər, cəmiyyətə kompleks və kollektiv surətdə daraşıblar. Və ümummilli surətdə, millətimizi “zastoy”laşdırırlar! Onların hamısı mənəviyyatını pula satdığı üçün, elə hamısını da, FÜHUŞ KİMİ TƏQDİM ETMƏK OLAR! Beləcə, fərqi yoxdur, istər “farmazonski” olsun, istər lap ”superekstravaqant” bir status daşısın, naturaca fahişə olan kəs, elə naturaca da, “SUPER ZASTOY”dur! Onun öyrətdiyi və yetişdirdiyisə…

…Bu minvalla, 10-15 il içində olacaqlar da, təbii ki, açıq hava tək aydındır. Nə isə! YAŞASIN GƏLƏCƏK “ZASTOYSTAN”!

Rüfət Əhmədzadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma