DAŞAM!

(sərbəst yazı)

Daşlara sığındı və daşlıqda da yuva qurdu insan. Daşdan güc aldı, daşla silahlandı. İlk ovunu daşla vurdu. İlk qanı daşla tökdü. İlk odunu daşdan aldı. İlk bəstəni daşla qoşdu. İlk fırçası da daş oldu, ilk tablosu da! Elə ilk rəqsini də daşların səsi altında yaşadı. Kobud daşla incəsənət yaratdı. Daşı sevdi. Ondan heç ayrılmadı. Amma, sevdiyi qədər də, düşmən kəsildi daşa! Yardı onun bağrını, ta ağladana qədər! Qanını sordu daşın! Daşlıqları təmizləyib, yerində zəmi saldı. Daşlar lavaşa döndü! Daş ilə ruzi tapdı, daşla yaşadı Adəm övladı!

Ağır daşlar, qayalar qum dənələri oldu insanın qarşısında. Cılız insan bir yol tapıb oynatdı daş-qayanı yerindən. O, daşı əzə bildi! Daşa hökm edə bildi! Hətta, şüuru olan insanlardan da yaxşı! Mağaradan saraylara keçid belə başladı. İri daş parçaları möhtəşəm qəsrlərə, qalalara çevrildi.  Və tarixə daş möcüzələri düşdü. İnsan şövqü və daş zövqü vəhdət təşkil elədi. Daş sərdabə, ehram örtdü yumşaq əti,sümüyü.

Şərik qoşdu Tanrıya, daşdan büt yonan insan! Qarşısında baş əydi. Daşın qüdrəti ilə, ruhun qiyməti öldü! Sevgiyə də, daşla qiymət verildi. Daş qəlb əriməsə də, daş filizlər əridi. Guya, insan polad-metal tapmaqla, daşdan ayrıla bildi. Amma ki, tam əksinə! Daha da yaxınlaşdı! İnsan daşsız qaldıqda, əlacsız hala düşdü. Daşdan dayaq axtardı –  ətdən əl üzüləndə. İnsanlığa ümidlər birdəfəlik öləndə! Və qələbə daşın başında durdu. Məğlub da daşlar oldu. Qalib insanlarda daş qüdrəti duyuldu!

Arzular da daşlaşdı, oxlar daşa dəyəndə. Daşdan ağır sözlər oldu, daş kimi düşdü başlara! Daşdan çıxmayan çörək, daş atıb qazanıldı. Başlar daş kimi oldu, daşlara dəyə-dəyə. Üzüntülər əritdi könülləri, etdi daş! Daş üstündə baş yarıldı. Daş-qaş amala döndü. Bu amalla ürəklər də daşlaşdı. Göz yaşları yumşaltmadı daşlaşan vicdanları! Sular yarsa da belə, minlərlə sərt daşları! Daşlar da yalan oldu, daş ruhların yanında! Göydən enən daşlar da, yumşaltmadı insanı!

Mən özüm də, bax, daşam! Hisslərimi daş edib, zahirən daşlaşmışam.  Hələ ki, dayanmışam – yonulmuş heykəl kimi! Duyğusuz, iztirabsız! Amma, nəbadə, daşam! Vay o günə ki, sevgim nifrətə dönər birdən… Və mənim duyğularım daş tək üstünə yağar! Yazıqsan, əzilərsən. Qisasım ağır olar! Ona görə, əzizim, məndən sənə məsləhət: Gəl, ürəkləri deyil, daş əritməyi bacar!

Rüfət Əhmədzadə

rufat_ahmed@list.ru

Advertisements

DAŞAM!” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma