Əsas səhifə » Esselər(içsəslər) » İkinci həyat

İkinci həyat

(memuar-hekayə)

Bu həyatda, çox əla dərslər aldım.

Ən gözəli – səninlə ayrılmağım!

Vətənpərvər üçün qürbətə öyrəşmək nə qədər çətin olsa da, yeni ölkə yeni qapılar açır insanın qarşısında. Yeni məkan yeni imkan deməkdir! Köhnə üzüntüləri unudub, yeni duyğular yaşamaq, yeni dostlar və hətta, yeni sevgili tapmaq naminə, bir sürəlik ölkə dəyişmək çox məsləhətlidir.

Mən isə, yeni adətlər tapdım Vətəndən uzaqda. Lap əvvəlcə, bir trubka alıb, papirosu tərgitdim. İlk öyrəndiyim məşğuliyyət isə, göbələk yığmaq oldu. Həftəsonlarında, dostlarım və ailələri ilə birlikdə, Kiev kənarına göbələk yığmağa gedərdik. Təbii ki, özümüzlə konyak da götürərdik. Sözgəlişi qeyd edim ki, bir şüşə konyakdan sonra, “polka” altında “ləzginka” oynamağın başqa cür ləzzəti var!

Mənim göbələk ovum əvvəl pis alınsa da, zamanla elə peşəkar oldum ki, dostlar da mənə həsəd aparırdı. Göbələk yeməsəm də, bütün uğursuzluqlara qarşılıq, bu  yeganə uğurumla fəxr edirdim. Ancaq, göbələk yığımı elə də asan və sonsuz həzz verən məşğuliyyət deyil. Çox yorulursan, başıaşağı gəzməkdən boyun ağrısı yaranır. Baxmayaraq ki, yağışdan sonra göbələklər çoxalır, Ukrayna torpağı ilə belə bolluğun sevinci çox da asan alınmır. Torpaq gil kimi olur, gəzmək çətinləşir. Xüsusən də, palçığa hopmuş xəzəllərin altında göbələk tapmaq müşkül problemə çevrilir. Belə göbələk axtarmaq isə, Ukraynada bakirə qız axtarmağa  bənzəyir.

Ona görə də, göbələk yığımı çox özünə bağlamadı məni. Və nəticədə, daha az əziyyətli məşğuliyyət aramağa başladım. Bir müddət, konkret bir nəticə olmadı. İşlədiyim şirkət fəaliyyətini dondurandan sonra, şələ-şüləmi yığıb, Kievdən aralı bir kəndə yerləşdim. Və əsl romantik anlarımı orada yaşadım. Axtardığım, sən demə, kənddə imiş!

Yeni xobbi kimi, balıqçılığı seçdim. Hər səhər velosipedimi tilov və digər balıqçı ləvazimatları ilə yükləyər və bir kitabı da qoltuğuma vurub, gedərdim yaxınlıqdakı gölə. Kəndin qızları isə, cavabsız suallar içində məni seyr edərdilər. Necə olur ki, bir qafqazlı bu gözəlçələrə yaxın düşmür? Aha! Deməli, nəsə var! Və bu “nəsə”ni öyrənmək naminə, balıq tutan qızların sayı günü-gündən artardı. Amma, mən onlarla ən çoxu 1-2 kəlmə kəsər, ən uzaq və tənha bir yerə keçər, tilovumu atar… Və oturub, ləzzətlə Bekonu oxuyardım. Onun “Da Sapientia Veterum”unu az-az mütaliə edib, uzun-uzun düşünməyi sevərdim. Ətrafdakılar isə, yersiz atmacalarla fikrimi dağıtmağa çalışardılar. Bacarıqsızlar!

Arada, atam zəng edərdi: “Rüfət, nə edirsən?” Mən isə, öz adətim üzrə, belə cavab verərdim: “Bekonla balıq tuturam!” Atam əsəbləşər və məni danlayardı: “Adə, orda bir Marusyadan-Maşenkadan tapmadın ki, bu Bekondan yapışmısan? Cavan oğlansan, bir az gəzib əylən də!” Mənsə, sakitcə, “yaxşı-yaxşı” deyib yola verər və yenə də, öz “sevgilim”in mütaliəsinə qayıdardım. Bir sözlə, cənnətdə cənablıq edərdim – pərisiz, məleykəsiz!

Mən beləyəm! Əsl “feminafobik”! Camaatın kişiləri “sveji” arvad dalınca qaçdığı vaxt, mən ölü kişilərdən tuturam. Sizcə, qadın lənəti üzündən bir dəfə ölüb dirilən insan ikici həyatında yenə qadın arzularmı? Əlbəttə ki…. Bilmirəm!

Axı, niyə gizlədim ki, mən Bekonu sevirəm!? Məgər, belə bir dahi sevilməyə layiq deyil? Ser Frensis Bekon – Naturfilosofiyanın banisi, ABŞ-ın “dizayner”i… Masonluğun atası! Yeni dünya düzəninin bir nömrəli müəllifi! Əsl sevilməli şəxs!

Hələ, Bekonun həm də Şekspir olduğunu öyrənəndən sonra, daha da sevdim onu! Deyilənə görə, yazdığı sonetləri ilk vaxtlar öz adıyla dərc etdirərdi. Lakin, cəmiyyətdə mənfi münasibət gördükdən sonra, Şekspiri yaratdı. Və ürəkləri fəth etdi! Özünüz bir düşünün! İnsanları güldürərək öldürməyin strategiyasını yazan bu adam, həm də onları ağladaraq yaşatmağı bacarırmış!

Bir gün, adətimə xilaf çıxaraq, Nabokovun “Maşenka”sını götürdüm özümlə. Nabokov da sevilməli şəxsdir. Çox maraqlı və özünəməxsus bir stillə yazırdı. Nə postmodernsit idi, nə də mühafizəkar! Öz yolu olan yazar! Vladimir Vladimiroviç Nabokov – Rusiya və Amerikanın şərik çıxdığı ədib! Amma, əslində, Nabokov heç kimin deyil! Yalnız, özünə məxsusdur. Bu səbəbdən, mən onu da sevməyi oxucularıma məsləhət bilirəm.

Saat 11-ə yaxın, atam Kievdən zəng etdi: “Oğlum, nə edirsən?” Mənsə, atamla azacıq məzələnməyi qərara aldım: “Maşenka ilə balıq tuturuq!” Atam heyrətləndi. Dili topuq vurdu kişinin. “Əhsən!” deyib, sağollaşdı mənimlə. Amma, saat yarımdan sonra, bir də baxdım, atam hövlnak durub gəlib kəndə. Gəlini ilə tanış olmaq istəmişdi. Oldu da! Bir həftə sonra isə, məni Bakıya yolladı. Deyəsən, qızı bəyənməmişdi.

Seyidəhməd kişinin cəddi çox ağır imiş! Onunla məzələnmək mənə baha oturdu.

Rüfət Əhmədzadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma