Əsas səhifə » Esselər(içsəslər) » Dəccalın triumfu

Dəccalın triumfu

Rüfət Əhmədzadə

rufat_ahmed@list.ru

(poetik esse)

Dəccal gəlib. Burdadır. Hələ də görmürsünüz!? Hələ hiss etmirsiniz!? Dəccal sizi məhv edir. Boğur sizi indiyədək boğduğunuz duyğular arasında. Oyatdıqca sizin yatırtdığınız təhlükəli qüvvəni, anlatdıqca insan mahiyyətini… Rəng qatdıqca maraqsız ömrünüzə! Dəccal cəlladdır sizə!

Tanrı silahlarıyla silahlanıbdır Dəccal! Sevgi, dostluq, sədaqət, əxlaq, hörmət… Və hətta, məhəbbətdən doğulan bir ibadət! Bəli, bəli! Siz səhv oxumadınız. O bilir ki, sizi kinlə diksindirmək düz deyil. Ruhunuzu şövqlə oyatmaq gərək! O, uyudub öldürmür. Onun qətl üsulu sizinkindən fərqlənir!

Yaxşı yaxınlaşıbdır. Yaxınlıqla, yaxşılıqla sizə pislik edəcək! Amma, siz bilmirsiniz! Çünki, siz insansınız! Sizin daxilinizdə bir ehtiyac uyuyur – pisliklə yaşayaraq, yaxşılıqla ölməyə! Bu zəifliyinizdən yararlanacaq Dəccal. Çıxacaq sonunuza!

Onu Tanrı göndərib. Şeytana yoxdur dəxli. O, sadəcə, Axırıncı Bəladır! Qiyamətdən müjdə verməyə gəlib. Sizin gözlərinizi açmaq üçün, son dəfə! Əbədiyyən, bir yolluq yummaq üçün! Tükəndirməkçün sizi!

İçinizdə gömülən vicdanları oyadıb da, dirildib də, sizə düşmən etməyə! Budur Dəccal qayəsi! O, sizi məhv edəcək! Elə, öz əlinizlə! Siz buna gedərsiniz, özünüz özünüzə sui-qəsd edərsiniz… Dəccal sizi yaxşı tanıyır axı – bəni-Adəmlərsiniz!

O, gizlətmir Dəccal olduğunu da! Aşkarca bəyan edir, dediyi-yazdığında… Amma, inanmırsınız, gözləmirsiniz ondan bir Dəccal kimliyini! Çünki, sizin süni mühitinizdə, tək təbii odur, o! Dondan-dona girənlər arasında, ən səmimi, olduğu tək görünən bir simadır!

Siz bu davranışlara “təvazö” deyirsiniz. “Təbii” olduğuyçun,  belə bir zəmanədə nadir zənn edirsiniz. Demək, o “qiymətli”dir. Amma, anlamırsınız – sizin düşməninizdir. Məxfi tutmur bunu da! Sizin xislətinizi düz çırpır üzünüzə! Sizsə, valeh olursuz, Dəccalda gördüyünüz, özünüzdən qeyb olan mərdlik-cürətinizə!

O, sizə hey sevginin vergi olduğun deyir. Sizə sevmək öyrədir – çoxdan unutduğunuz! Gah insanı sevdirir, Tanrını unutdurub… Gah da, Tanrı sevdirir, sizə insan “mən”inə lənətlər oxutdurub! Üçüncü bir yol da var. Tanrı-insan vəhdəti!  Bununla da sizi məhv edə bilər. Çünki, bilir siz necə varlıqsınız!

İnsan özünüdərki “ənəlhəqq”ə döndükcə, Tanrıdan uzaqlaşıb, şeytana yaxınlaşır. İnsanlıq böyüdükcə, xisləti azğınlaşır! Elə, fəlsəfənin də mahiyyəti burdadır. Amma, siz yeyirsiniz! Önünüzdə soyunmuş, çılpaq bir həqiqəti seyr etdiyiniz halda, rəngarəng və bədii təsvirlərdə axtarırsınız onu!

Bütün adilikləri qeyri-adi şəkildə görmək istəyirsiniz. Çünki, siz insansınız! Mən əminəm, məğlub olacaqsınız lənətlənmiş Dəccala! O sizi öz zövqünüzdə boğacaq, oxşayıb insani hisslərinizi! Daha da əziyyətə salıb gözlərinizi…

…Ax, tamahkar insanlar! Ax, zavallı insanlar! Niyə oxuyursunuz, Dəccalın yazdıqların!? Məgər, sizə özünüzü dərk etməniz naminə, bir Dəccalın gəlişi gərəkirdi!?

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma