Əsas səhifə » Esselər(içsəslər) » Optimistin göz yaşları

Optimistin göz yaşları

Rüfət Əhmədzadə

rufat_ahmed@list.ru

(sevgi haqqında esse)

Bir gün gözləmədiyin halda aşiq olursan. Və “bugünkü sən”in “dünənki” olmadığını anlayırsan. Hər şey dəyişir! Sənin ruhun da dəyişir, dünyaya baxış açın da! Əgər optimistsənsə, sevgi sənin ruhuna daha da pozitiv “not”lar əlavə edir. Və həyatdan daha artıq ləzzət almağı bacarırsan.

Sevdiyin insan sənin mənəvi tələblərinə cavab verdikdə isə, hər şey “yağ kimi” gedir! Amma… İstisna hallar yaradan və hələ də cavabını tapmayan bir sual var: “Qadın nə istəyir?”

Bu sualın arxasında duran “qadın tərəddüdü” amili, gec-tez, özünü göstərir. Tərəddüdün dərəcələrinə görə, sevginin də davamlılıq və “stabillik” göstəriciləri təyin olunur. İstənilən halda belədir! Dəlicəsinə sevən tərəfin qadın və ya kişi olmasından asılı olmayaraq, məncə, “aqibəti təyin edən” başlıca faktor, elə “qadın qüvvəsi”dir.

Və sözgəlişi haşiyə-müraciət:

“Kişilər! Qadınların qarşısında, heç zaman, əyilməyin! Onları, daş-qaş kimi ovcunuzda gəzdirmək də bəs edər. Boynunuza, özləri dırmaşacaq!”…

…İfrat məhəbbət ifrat emosiyalar yaradar. Müxtəlif səpkidə, müxtəlif ölçüdə… Və “qıcqıran” emosiyalar tədricən “Məntiq Diktaturası”na qarşı üsyana qalxar. Bu bəzən qorxulu, bəzən də, “qorxulu” olar. Yəni, sevməyi “yüngüllük” kimi qəbul edənlər, öz hisslərinə görə, hətta, özlərindən belə utanarlar. Ona görə də, sonuç utandırıcı olar!

Sevgi, sevənlərin fikrinə və iradəsinə hakim kəsilər və sahiblərinə “sahiblik” edər. Bax, bu da, öz qürur-iradəsindən razı və təbiətcə güvənsiz insanlarda “əks-təsir”ə səbəb olar. Qısacası, “zəifləmək qorxusu” yaradar. Və əsl faciə də, məhz, belə başlayar! Melanxolik və əsassız tərəddüdlər, yersiz ayrılma cəhdləri, mənasız “müqavimət aktları”, mübahisələr… Bir sözlə, “ürəkbulandıran” və “ağılçaşdıran” şeylər! Bu xüsusiyyətlər, əsasən, qadınlarda özünü göstərər. Lakin, içindəki “qadın”ı gizlətməyə çalışan “güclü” kişilərdə…. Alllah göstərməsin!…

…İkinci bir müəllif haşiyəsi:

“Tanrı kişi ilə qadını bir mənəvi tipdə yaratsa idi, onlarda bir-birini tanımağa qəti maraq olmazdı. Və həyat da, çox maraqsız keçərdi! Amma, kişi və qadının çox oxşar yönləri var – bir-birini sevə bilsinlər deyə!”…

…Sevginin bəzi müsbət əlamətləri var: qayğıkeşlik, diqqət, etibar… Çox yaxşıdır sevdiyinə diqqət-qayğı göstərib, ona güvən bəsləmək. Əlbəttə ki, güvən göstərməlisən ki, güvən də görəsən! Amma…. Bax, bu “amma” o zaman yaranar ki, göstərdiyin hədsiz qayğı və güvəninlə, qarşı tərəfi tədricən bezdirərsən. Və yaxud da, “ünvan”ı səhv salarsan!

Sevginin mənfi əlamətləri daha çoxdur. Həyəcan, əsəb gərginliyi, qısqanclıq, depressiya, maniya, melanxoliya, panika, isterika… Bu əlamətlər haqqında ətraflı izah verməyə ehtiyac yoxdur. Az əvvəl, bildirdim ki, sevginin ifrata varması ilə, ifrat və zərərli emosiyalar da yaranar. Ancaq, hisslərin ifrata varmasından qorxub sevgini məhdudlaşdırmaq da, özünü doğrultmayıb.

Çıxış yolu kimi, elə sevənlərin özü, belə bir “qızıl qayda” yaradıb: SEVƏNDƏ AĞILLA SEVMƏK LAZIMDIR!”. Bunu hamı deyir, lakin, az adam bacarır. Çünki, ağılla izah edilə bilməyən sevgi, ağıldan yaranmayıb və ona tabe deyil! Cəsarət edib, belə bir bədii tərif verə bilərəm:

“SEVGİ VƏHŞİ BİR QUŞDUR – O BAŞDA YOX, QƏLBLƏRDƏ YUVA QURAR!”

Sevgini “xəstəlik” kimi qəbul edən bir həkim dostum isə, sevənlər üçün belə “diaqnoz” verir:

“SEVGİ LİXORADKADIR – ƏVVƏLCƏ, RUH YOLUXAR, SONRA, VÜCUD QOVRULAR!”

İstər mənfi, istərsə də, müsbət əlamətləri təhlil etdikdə və əksər ehtimalları nəzərdən keçirdikdə, bir şablon şüarı xatırlayarıq: “Sevgi bəladır!” Həqiqətən də, əksər hallarda, bu şüar özünü doğruldur. Və ən maraqlı olan da odur ki, bu şüarı bilən və razılaşan demək olar ki, hər kəs,“sevgi bəlası”ndan uzaq dura bilmir. Bunun izahı da, məhz, maraqlı insan təbiətindədir.

Sevgi axtarışı isə, sadəcə, insanın mənəvi ehtiyaclarından doğulan bir aktdır. Bu akt, ya bilərəkdən olur, ya da bilməyərəkdən. Axtardığını da bu cür tapırsan. Və “Sevimli Tapıntı”nı itirəndə də, məhz, bu cür itirirsən – bilərəkdən, və ya bilməyərəkdən…

…Oxucunu bezdirmək istəməzdim, amma son bir haşiyəni də çıxmasam, yazımı natamam bilərəm:

“Dostum! Sən sevgini axtarma! Bir gün, sevgi özü səni tapacaq! Mütləq! Hazır olsan da, olmasan da! Belə təbii olar! Gözəllik də, elə təbiilikdir! Sən, sadəcə, yaşayaraq hazırlaş!”…

…Sevginin paradoksallığı qədər, populyarlığı da maraq doğuran faktdır. Və xüsusən də, faciəli sevginin! İnsan yaradılandan bəri, “sevgi” adlanan duyğu ona “baş bəlası”dır. Və elə “baş bəlası” kimi də, sevgi tarixini faciəli əfasənələr əsasında qurub. Mədəniyyət tarixinə sahib istənilən xalq, öz “şedevr”lərini faciələr üzərində yaradıb.

Bu isə, o deməkdir ki, sevginin ləzzəti də onun acısındadır. Və daha bir paradoks: bu qədər bəla və bədbəxtliklərə rəğmən, sevgi hələ də “xoşbəxtlik vasitəsi” kimi qəbul edilir. Sevgi kimi, “xoşbəxtlik” anlayışı da, qeyri-müəyyən və paradoksal bir izaha malikdir. Lakin, bu mövzu geniş olduğu üçün, xoşbəxtlik və digər yaxın anlayışlar barəsində xüsusi bir yazıda bəhs etməyi qərara aldım. Əgər, oxucum “tia.az”a diqqət etsə, yaxın günlərdə, bu “paradoks” barədə də oxuya biləcək…

….Çox zaman, sevgidən məyus olanlar belə bir şüar səsləndirərlər: “Sevgi yoxdur! Varsa da, öldürəcəm! Çünki, faydası yoxdur!” Bunu deyənlər, özləri özlərinə inanmasalar belə, tez-tez təkrarlamağı sevərlər. Sanki, ucadan öz qulaqlarına eşitdirmək yolu ilə, elə özlərində də “güclü ruh” yaratmağa çalışarlar. Ancaq, həmişə də, nəticə mənfi olar.

Çünki, seçim yanlışdır! Əslində isə, sevgini nə öldürmək, nə “iqnor” etmək, nə də məhdudlaşdırmaq lazım deyil. Onu, sadəcə, yaşamaq lazımdır – gecə yatıb, səhər durduğun kimi!

Təbii ki, “həyat məktəbi”ndən dərslər almaq, zamanla müdrikləşmək və köhnə yanlışları təkrarlamamaq şərtləri ilə! Ən başlıcası isə, gərək unutmayasan:

SEVGİ HEÇ ZAMAN ÖLMÜR VƏ HEÇ BİR YERƏ İTMİR! O, SADƏCƏ, İSTİQAMƏT DƏYİŞİR!

Bəli, əziz oxucum! İstiqamət, yəni sevilən şəxs dəyişdikcə, nəticə də dəyişir. Və əvvəlkindən daha uğurlu sevgi yaşamaq üçün, yeni bir şans yaranır. Yetər ki, sevən şəxs, özünü vaxtaşırı “redaktə” etməyi bacarsın. Emosiyalar isə… HAMISI BİR QUTUYA!

Advertisements

Optimistin göz yaşları” üçün 4 cavab

  1. Geri bildiriş: “Sevgipatologiya” « AHMADZADA.TK

  2. Sonuncu bendle tamamile raziyam. Hereketlerini, daniwigini bilmeyen insanlari qarmaqariwiq yaziya benzedirem. Bele yazilarin oxunmasi ezab oldugu kimi, hemin insanlarla unsiyyet de insana ezab verir. Isteyerdim ki, insanlar yalniz sevdikleri zaman deyil, hemiwe ozlerini redakte etsinler. Korrekte ile kifayetlenmesinler… Ugurlar!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma