Melanxolik monoloq

(bir qəribin iç səsi)

Ey, təbim mənim! Dostum mənim! Sən çoxdandır ki, alov axtarırsan. Qəfil, tüstü görünür. Uzaqdan, sevinərək, başılovlu qaçarsan. Amma, sonda… Sən köz ilə oynarsan! Qəribədir, deyilmi? Ömrü böyük arzulara həsr elə… Kiçik uğurlar qazan! Biz həmişə bu cürə pərt oluruq. Lakin, “şükür!” deyirik. Maraqlıdır! Görəsən, biz niyə yaşayırıq!?

Sən çoxdandır, uçmağa çalışırsan. Bacardığın yalnız tullana bilmək! Qəribədir, deyilmi? Xəyalların səni göyə qaldırır. Amma, yerə enmək heç də xoş deyil. İnsan əlində olanlardan niyə belə tez bezir? Həyatdan da bezirik. Amma, ölməkdən qorxaraq! Maraqlıdır! Görəsən, biz niyə yaşayırıq!?

Sənə bir şey söyləyim:

İkonalar ağlamaz! Ağladanları olmaz! Ağlayaraq baxsa da, hamı onlara… Yenə, gözlərindən yaş axmaz! Çünki, yox duyğuları! Nə yanarlar, nə də ki, hallarına yanan yox. Hamı arxayındır ki, ikonalar güclüdür! Kimsə narahat olmaz! Onların özü belə – bizdən fərqli olaraq! Çünki, yox duyğuları! Yox sevən ürəkləri! Amma, çox sevənləri! Onlar ki, bizim kimi, sevgi arzulamazlar! Di gəl, sevgi sarıdan, heç olmaz qıtlıqları!

Bizimsə, duyğumuz var. Sevib, sevilməliyik! Amma, çox az alınır. Və çox zaman, uğursuz! Maraqlıdır! Görəsən, biz niyə yaşayırıq!?

(Bu arada, kənardan  musiqi səsi gəlir. Gitara ağlayır. Onu kimsə ağladır. Elə də həzin deyil. İnsan duyğuları tək, çılğın və azğın hava… Ağlayan gitaradır. İkonalar hələ baxır!)

Ey, canım mənim! Dostum mənim! Sən çoxdandır, təslim olmaq barədə düşünürsən. Görəsən kimə, nəyə? Heç özün də bilmirsən! Sadəcə, yorulmusan. Bezmisən savaşmaqdan. Daha, yeni bir zərbə dadacaq halətin yox! Daha, yenə dərd çəkəcək taqətdə ürəyin yox… Qaçırsan insanlardan! Amma, insan arzusuyla, hələ də alışırsan. Tənhalığa qapanmaq ilə isə, sən sadəcə özünü aldatmağa çalışırsan!

Çəkilmisən kənara! Amma, fikir əl çəkmir. Ürək dinlənə bilmir. Xəyallar boğur səni! Divarlar sıxır səni! İndi kimsə gələcək…. Sən xoşbəxt olacaqsan! Sadəcə, bir anlığa! Sonra, nə olur olsun! Təki, bitsin bu lənət! Sıxılır tək ürəyin! Lakin, sevgi gələndə… Yenə acı, iztirab…. Yenə çəkərsən əzab! Bu sənə xoşmu olar? Cavab vermə! Bilirəm! Biz hamımız beləyik! Elə, mən də, səndən heç fərqlənmirəm! Maraqlıdır! Gorəsən, biz niyə yaşayırıq!?

Gəl, bir də yada salaq:

İkonalar ağlamaz! Onları ağladacaq aldadanları olmaz! Yalançılar da belə, onların qabağında, çox səmimi olarlar! Çünki, insan deyillər! Həqiqi deyil onlar! Reallıqdan çox uzaq, real inam hədəfi! Qəlblərindən keçən yox. Onları hiss edən yox! Amma, çoxdur onların arzu eləyənləri! Onlar ki, bizim kimi arzuyla yaşamazlar! Di gəl, arzu sarıdan, heç olmaz qıtlıqları!

Bizimsə, arzumuz var. Sevib, sevilməliyik! Amma, çox az alınır. Və çox zaman, uğursuz! Maraqsızdır! Görəsən, biz niyə yaşayırıq!?

(Yenə musiqi səsi gəlir. Bu dəfə, piano ağlayır. Onu mən ağladıram. Elə də çılğın deyil. İnsan duyğuları tək, bezgin və üzgün hava… Ağlayan pianodur. İkonalar isə, susur!)

7 sentyabr, 2009-cu il

Kiev, Ukrayna

Advertisements

Melanxolik monoloq” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma