Əsas səhifə » Esselər(içsəslər) » Sırtıqlara sığorta

Sırtıqlara sığorta

(“para-patalok” içsəs)

“Spiritus quidem promptus est, caro autem infirma!”

(lat. : “Ruh güclüdür – vücud zəif olsa da!”)

Kimsənin kefini pozmağa çalışmaram. Və kiminsə də, mənim kefimi pozmasına qəti izin vermərəm! Çünki, mən kef-həvəs adamıyam. Kefdən ilhamlanıb, keflə də yazaram! Sağda olan ürəyimdə, “sol” duyğular qaynadaram! Çox sevirəm, mən kefi!

O gəlincə sevinərəm, çox çəkincə  bezikərəm, itirincə üzülərəm, çətirincə süzülərəm, bir küncə büzülərəm, tək qalınca közərərəm, bərk vurunca düzələrəm, söz qoşaram, hərf qışqırdaram, oxucular kövrəldərəm, baxıcılar bərəldərəm, dostlar sevindirərəm, düşmənlər cırnadaram…. Hətta, qəhəri belə qəhqəhəylə yaşaram! Pessimist olsam belə, optimistcə davranmağı sevərəm. Onsuz da, bu dünyada hər şey aldadıcıdır! Mən də “imitasiyonist” olmaqla, bu kürəciyin interyeri pozulası deyil ki!?

Bax, burada, sözgəlişi bir müəllif haşiyəsi:

“Tənhalıq da bir ağalıqdır anla,

Yoxa “Əlhəmdulla“ deyən yoxsula!

İndi bildin, nədən belə kefliyəm?

Çünki, mən Əlhəmdullistan şeyxiyəm!

Keflə yaşayıb yaratdığım kimi, öz kefimlə də ölməyi bacararam! Nə ölümdən, nə də bir kimsədən qorxmaram! Tanrıdan belə! Mən onu sevməyi bacararam! Qorxaqlıq mənlik deyil! Sevən sevdiyindən qorxarmı acəba!? Gəl həyatı dərk edək! Heyiflər dünyasında, tək biz  əhli-kef olaq! Əzab verən sevgidən də sevinməyi bacaraq! Öləndə də, gülməyi unutmayaq! Göz yaşları içində, bir təbəssüm axtaraq! Aldanmayaq, aldadaq! İlk əvvəl, özümüzü!…

…Çox igidləri yendi, çox sadiqləri satdı, çox aşiqləri aldatdı bu lənətlənmiş dünya! Sənlə mən sığortamı olunmuşuq? Yəni, bizi də aldatmaq, yandırmaq bu taleyə çoxmu çətin olacaq? Nə qədər mübariz olsaq belə, nə qədər sırtıqcasına min dərd ötürsək belə… Yenə də, hədəfdəyik! Qəti, qaça bilməzsən! Sənə qalan sadəcə yaşamaqdır! Yaşa iştə! Lakin, sığortasız!

Deyirlər ki, bu həyatda, sırtıqlar az yanarlar. Sən də belə düşünürsən, yəqin ki. Əslində, belə deyil! Sırtıqları sırtıldan da həyatın qəhəridir, sevginin zəhəridir, yoxluğun bəhəridir… Belədir!

Hərdən elə olur ki, eyni bir dərd, fərqli kəslərə fərqli şəkildə təsir edir. Təsadüfi deyil ki, sevgidə uğursuzluğa düçar olan bir aşiq özünə qəsd edən zaman, başqa birisi, içinə dolmuş nifrətlə, daha mübariz həyat sürür… Və nəhayət ki, bir gün, onu vaxtilə zalim kimi əzənləri hakim kimi ayağına gətirir.

Nümunə üçün, Səddam Hüseyni göstərə bilərəm. Baxmayaraq ki, həyatı edam ilə bitdi… Amma, nə olsun!? O ki, sevdiyi qıza bir neçə il acıq verə bildi! Yamaqlı şalvarına görə, yetim Səddamı lağa qoyan qız atasını, prezident Səddam kimi, rəzilcəsinə önündə diz çökməyə vadar etdi! Məncə, bu, çox böyük bir qələbədir! Belə qələbə naminə, nəyə desən dözmək olar!…

…O ki qaldı sırtıqlığa, elə, mən də sırtığam! Çünki, çox sifət gördüm, çox həyəcanlar çəkdim bu eybəcər ruhlu gözəllər dünyasında! Nəticədə, sırtıldım! Mənim sığortam isə, mənim yaşamağımdır. Əgər yaşayıramsa, deməli, qələbə üçün şansım var. Hələ də var! Vaxt gələcək, kimlərisə ayağıma gətirəcəm. İndilik isə, hamı məni unudub. Dünya üçün, mən sadəcə kiçicik bir otağına qapanmış, tənha bir publisistəm. Hələ ki!

Hələ ki, döşəmədəyəm. Ancaq, bir gün, bütün gücümü  toplayaraq, ayağa qalxacam. Və əlimi qaldırıb, tavanı fəth edəcəm! Bu olacaq “patalok”! Yüksəlişin zirvəsi! Mən buna inanıram! Çünki, mən hələ sağam!  Çünki, hələ, ölümə təslim olacaq qədər zəif deyiləm! Mən qəhəri qəhqəhəylə çəkən bir qəhrəmanam! Sırtıqların sırtığı!

Sən isə, mənim Oxucum – qəlbində böyük arzular olan insan! Əgər, qəlbdə arzu varsa, demək, yaşamaq olar! Yaşa, əzizim, yaşa! Bir gün, kimsə, ayağına gələcək!

Və bir də ki, unutma: MƏN SƏNİ ÇOX SEVİRƏM!

Gəl, sevgimiz uğrunda, mübarizə aparaq! Və insanlıq borcumuzu – bizə olan ehtiyacı ödəyək! Sözün əsl mənasında, BİZ olaq! Bu birliyin sığortası, qoy, elə SEVGİ olsun! Əlbəttə ki! Bu həyatda, sevgidən də gözəl macəramı var!? Demək, yaşamaq olar! SIRTIQCASINA!

Rüfət Əhmədzadə

Advertisements

Sırtıqlara sığorta” üçün 2 cavab

  1. Seven sevdiyinden qorxarmi aceba!? Gozel ritorik sualdir ve nidanin sualdan evvel gelmesi de yerindedir. Unutmamali, QORXUdan sonra NIFRET gelir. Bir kimseden qorxursansa, az sonra ona nifret edeceksen. Ona gore, ALLAhdan qorxmaq lazim deyil, ALLAHi sevmek lazim. Cunki O insanlari sevgiden yaratmish, sevgile yashadir ve insanlari ölümü ile ebedi sevgiye qovushdurur…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma