Məni YAP-la birləşdirən təbii üçbucaq
Əgər, əhalisinin yarıdan çoxu ağıllı olan bir ölkəyə ağılsız adamlar rəhbərlik etsə, o ölkə də, avtomatik olaraq “ağılsızlar ölkəsi” satusu alar. Çünki, bu ölkənin xalqı ağılsızlara itaət edəcək qədər ağılsızdır. Yox, əgər, vəziyyət əksinədirsə, yəni hakimiyyət ağıllı, xalq isə axmaqdırsa, deməli, zamanla həmin ölkədə “ağıllı dönüş” gözlənilir. Və tədricən, həmin ölkə olur “müdriklər ölkəsi”.
Qurani-Kərimə əsaslansaq, belə qənaətə gələrik ki, xalq da, hakimiyyət də, bir-birinə düz mütənasibdir. Yəni, axmaq hökmdar axmaq xalq üçün, dahi hökmdar isə, dahi xalq üçündür. Amma, nədənsə, mən indiyədək hiyləgər despotların idarə etdiyi (“sındırdığı” da demək olar) xalqların da, despotların özlərinə oxşadığını görmək şərəfinə nail olmadım. Elə, ona görə də, islamçı olmadım.
“Qeybə məxsus” bütün suallara cavab ala və despotizmin mahiyyətini tam “deşifrə” edə bilməsəm də… “Xalqın və hakimiyyətin bir-birinə layiqliyi” məsələsinə çox inanıram. Çünki, özüm araşdırıb, düzgün olduğunu sübut etmişəm. Zarafat deyil, iyirmi dörd il sürən və keşməkeşli bir vətəndaş təcrübəsi keçmişəm. “Eksperiment”imin nəticələrindən isə, məmnunam. Çünki, müsbət göstəricilər almışam. Yəni, ağıllı hakimiyyətin ağıllı bir xalqını kəşf etmişəm Azərbaycanda. HƏQİQƏTƏN, CİDDİ DEYİRƏM!
Əgər, belə olmasaydı, niyə özümə milliyyətçi deyirdim ki? Ağlı olan kəs, ağlı olmayan bir xalqın və millətin təəssübünü çəkərmi? Və bu təəssüb naminə, bir çox məhrumiyyət və çətinliklərə mətinliklə dözərmi? Milliyyətçi də öz millətiylə düz mütənasibdir. Millət sevilməyə laiqdirsə, milliyətçisi də onu sevməyə laiq dərəcədə müdrikdir. Yox, əksinədirsə… Bu danılmazdır: Hər iki tərəf zaydır – Millət də, milliyyətçi də! Amma, bizdə hər şey əladır. Şükür Yaradana!
Bu millətin yurdunda hökm sürən hakimiyyət isə, dahilər dahisidir! Belə olmasaydı, 17 il bu ölkəni yönətə bilməzdi. Və bu millət də, bu xalq da, hakimiyyətin təntənəsini sakitcə seyr etməzdi. Dahi hakimiyyətə uzun illər boyu itaət edən bir xalqın, bir millətin özü də, şəksiz və şübhəsiz, mütləq, dahi olmalıdır. Deməli, “amma”lar və “lakin”lər qəbul etməyən bir həqiqət var:
BU ÖLKƏDƏ MÜTLƏQ MÜDRİKLİK HÖKM SÜRÜR!
Və mənim şəxsən kəşf etdiyim və elə öz şərəfimə də, “Əhmədzadə Üçbucağı” adlandırdığım bir “elmi-həyati qanun”a əsasən, iki tərəfi hakimiyyətimiz və xalqımız olan ümummilli üçbucağın 3-cü tərəfi, yəni, Azəri-Türk milliyətçisi, ən azı, bu xalq və bu hakimiyyət qədər dahidir.
Elə, ona görə də, cəsarətlə bəyan edirəm:
“MƏN DAHİYƏM!
ÇÜNKİ, BU XALQ DAHİDİR!
VƏ BU XALQI YÖNƏTƏN HAKİMİYYƏT DAHİDİR!”
Urra! Məni YAP-la birləşdirən təbii bir üçbucaq var! Heç vaxt olmadığı kimi, ürəkdən sevinirəm! Və xoşbəxt bir dövlətin xoşbəxt bir vətəndaşı kimi, qürur hissi duyuram. Amma… Axı, mən müxalifətçiyəm! Bu “ortaqlıq” necə baş verə bilər? Yoxsa… Yenə paradoks!? Və ya, paradoks deyilsə, bəs, mənim həyati fakt və dəlillərlə, əyani sübut etdiyim bu mütləq müdriklik haqqında qanunum necə olsun!?…
… Eh, həyat! Sən necə də, çözülməz və ziddiyyətlisən! Səni tam dərk etmək üçün, min həyat da bəs etməz! Eybi yox, millətimi dərk etmək üçün, mənə biri də bəsdir! Gərək, tezliklə keçim YAP-a! Belə, həm and içməyə yerim olar, həm də ki… Kəşfimə görə, AMEA-dan patent və elmi dərəcə almaq mənə ziyanmı verər? Əsla! Odur ki, getdim MQP-dən istefa ərizəsi yazmağa. Hələlik!
Rüfət Əhmədzadə
Mənə bir şey çatmadı..Qurana əsaslanıb deyirik ki, xalq və hakimiyyət düz mütənasibdir?)) Quranın harasındasa yazılıb bu barədə? Maraq üçün soruşuram, özüm də yarımçıq oxumuşam
deqiq yadimdan cixib. sehv etmriemse, ali-imran suresi. layiqlik meselesi.