Basdırma bir hekayə

Qocanı basdırdılar. Yataqda. Bir az sonra torpaqda basdırmaq üçün. Son dəfə, əbədiyyən! O da bilir bunu. Gözləyir o anı… Müqavimət göstərmir. Gördüyünü görüb, çəkdiyini çəkib.

Birinci dəfə deyil idi ki, onu basdırırdılar! O elə bu dünyaya basdırılmış gəlib. Doğularkən anasını, 3 yaşında ikən isə, atasını itirib. Bir nənəsi qalmışdı. Qoca, xəstə, təqaüddə olan bir əmək qəhrəmanı.

Basdırılmış bir həyat tərzi keçirirdilər onlar. Cəmiyyət unutmuşdu bu ailəni. Amma, onlar çıxmağa çalışdılar. Bütün məhrumiyyətlərə baxmayaraq, nənəsi onu oxutdurdu və mühəndis olmaq üçün Bakıya yolladı.

Birinci kursun sonuna yaxın, nənəsini də basdırdı. Özü də basdırıldı, Bakının düz ortasında – tələbə yataqxanasında. Amma, yenə də çıxdı. Özünün diri olduğunu sübut etdi qəhrəman. Bütün dünyaya… O gücünü göstərdi!

Təhsil aldı, işə girdi, ev sahibi oldu… Və nəhayət, ailə qurdu. Çox sevirdi ailəsini. Hər işdən gəldiyində, canından çox sevdiyi həyat yoldaşı və atasının adını daşıyan oğlu onu gülər üzlə qarşılarkən, ruhu vəcdə gəlirdi.

Bir anlığa, yetimlik və yoxsulluq içində keçən uşaqlıq anlarını xatırlayırdı qəhrəmanımız. Gözləri dolurdu. Erəyində dua edirdi ki, onun çəkdiyi əzabları əzizləri çəkməsin. Bir-birlərini itirməsinlər. Heç vaxt, heç zaman!

Bilmirəm, həyatın “əclaflıq qanunu”dur, ya yox, amma, ən çox sevdiklərimiz adətən ən tez itirdiklərimiz olur. İtirdi o da!Yoldaşını gənc ikən basdırmağa məhkum oldu. Gömüldü ilk və son sevgisi. Özü də basdırıldı məhəbbəti ilə birgə. Kimsə basdırmadı onu bu dəfə. Elə öz tərəfindən! İçinə gömüldü, içini gəmirdi…

… Amma, yenə də çıxdı. Özünün yox, övladının naminə. Övladının bütün qayğılarını həll etdi. Bir çətinliklə üz-üzə qalmağa qoymadı. Yedizdirib-geyindirib, yekə cayıl elədi.Oxumaq üçün Moskvaya yolladı.

Hüquqşünas olsun, hüquqları tapdananların hüquqlarını savunsun, ədalətin keşiyində dursun… Və bir daha heç kimin atası tək sağlığında gömülməsinə yol verməsin! Qocanın idealı məhz bu idi. Ədalət! Hətta düşməninə belə, öz çəkdiklərini arzu eləmirdi o!

Amma… “Əclaflıq qanunu” ilə yönətilən bu dünya var ha, bax, bu dünyada ədalət arzularını qurmaq hədər imiş demə! Olmadı! Heç nə alınmadı! Qoca yenə də basdırıldı! Basdırma siyahısında sonuncu mərasiminə az qalıb onun. Lap az!

Qoca bunu başa düşür. Gec də olsa, həyatın “əclaflıq qanunu”nu itaətlə qəbul edir. Son anlarında. Köhnəlmiş, didilmiş, aylarla yuyulmayan yatağında… Qocalar evində!

Gözlərini qapıya dikib. Kimi isə, gözləyir. Artıq, neçə saatdır ki, belədir. Hamı narahatdır. Yoxsa, kişi ölmək istəmir? Axı, çoxdan gözlərini yummalıydı! Yəqin, övladını gözləyir. Son basdırmadan əvvəl, onu bu qocalar evində basdırmış oğlunun üzünə baxmaq istəyir.  Zəng edib, oğluna xəbər vermişdilər. Amma…

…Budur gəldi! Qapının ağzında ucaboylu, kostyumlu, dəridən olan qara əl çantasını bərk-bərk qucaqlamış, qarabuğdayı bir kişi göründü. Bilmirəm xəcalətdənmi, ya ikrah hissindənmi, atasının baxışları ilə toqquşan nəzərlərini yayındırırdı tez-tez.

Tərəddülə içəri daxil oldu. Qocaya baxdı. Qoca da onu süzdü doluxsunmuş gözləri ilə. Söz vardı gözlərində. Nə qədər istəyirsən. Bir ömürlük, hətta, oğln da ömrünə yütəcək qədər söz! Amma, dinə bilmirdi. Bənizində oxunurdu ən duyğusal sözləri…

…Necə də oxşayırdılar bir-birlərinə! Amma, yalnız zahirən. Oğlu tamam başqa idi. Moskva mühiti dəyişdirmişdi onu. Evlənib Bakıya gətirdiyi rus qadın isə, olan qalan kimliyini də almışdı əlindən. Onda millilikdən yalnız qanı və üz cizgiləri qalmışdı, Başqa heç nə!

Evdə rusca danışırdılar. Uşaqları da rus bölməsində oxuyur, rus kanallarına baxır, rus mahnılarını dinləyir… Və Rusiya universitetlərinə hazırlaşırdılar. Azərbaycan Vətən kimi məna kəsb etmirdi onlar üçün…

… Qocalar evindən zəng gələrkən, evdə təkdi. Heç kimin bundan xəbəri yox idi ailəsində. Yoldaşı bilsəydi, yəqin ki, gecə rahat yatmağa qoymazdı onu. Hələ, bir ədyal götürüb, qaraja da düşmək məcburiyyətində qala bilərdi. Allah göstərməsin!

Oğul atanın baxışlarından bir anlıq vicdan əzabı keçirdi. Nəsə demək istəyirdi… Üzr istəməkmi? Ya atasının son arzularını soruşmaq? Bilmirəm. Mən belə insanların hisslərini anlayacaq gücə malik deyiləm. Mənim öz qəhrəmanım var. Onu daha yaxşı hiss edə bilirəm mən.

Özündə güc taparaq dilə gəldi:

-Necəsən… Ata!?

“Ata” sözünü çox gec dedi. Sanki, bu sözü işlətməyə mənəvi haqqı olmadığını özü də dərk edirdi. Amma, dedi. Dayana bilmədi. Uşaqlığına qayıtdı birdən. Yağışlı-şimşəkli havalarda, atasının qoynuna sığınıb yatdığı gecələri xatırladı…

… Bir də “ata” dedi. Cəsarətə gəlib, daha da yaxınlaşdı. Cavab gözləyirdi. Amma, ala  bilməyəcəkdi. Atası gözlərini oğlunun gözlərinə zilləyərək… Çıxmışdı. Bu basdırılmış ruhlar dünyasından!

Oğlunun gözləri doldu bir anda. Bütün həyatı beynindən keçdi onun. Hönkür-hönkür ağlamağı gəldi. Lakin, özünü saxlaya bildi. “Kişi ağlamaz!” deyərək, boğdu qəhərini. Və əsl kişi kimi atasının cəsədinə sahib çıxdı…

…Qocanın ölüsü yuyuldu. Sözün hər mənasında. Əsl müsəlmanlara yaraşan kimi.

Onun üçün sanballı bir basdırma mərasimi təşkil olundu. Sözün hər mənasında. Əsl müsəlmanlara yaraşan kimi.

Uzaqdan-yaxından xəbər bilənlər, bu  basdırma mərasiminə üz tutdular. Sözün hər mənasında…

…Əsl müsəlmanlara yaraşan kimi!

Rüfət Əhmədzadə

 

Advertisements

Basdırma bir hekayə” üçün 10 cavab

  1. Ata Ümman,ata Dəniz
    Ataya borcluyuq biz.
    Ata yerin verməz bir kəs
    Ata əzizdən əziz
    Əlaa deyirəm Rüfət müəllim..Təbrik edirəm sizi.İbrət olsun bu yazınız bütün oğullara,qızlara.Amma burda şəkli bəyənməmək desəm günah olar.Çünki nemətdi bu.Sadəcə hekayəyə uyğun görmədim.Yemək ismi ilə insanın dəfn olunması təzadıını uyğun görmürəm..Və əlbəttəki şəklidə..Amma yenədə uğurlu alınıb..Qələminizə qüvvət..

  2. Bir insan heyati uchun hedden artiq “basdirmali heyatdir”.
    “Eclafliq qanun”unun bir insana qarshi bu qeder qeddarliqini oxuduqca “Drakon qanunlari”yadima düşdü.Yeqin”Drakon qanunlari”nin mezmunu “Eclafliq qanun”larindan ibaretdir.
    Bir de ki,yeqin ata uchun en boyuk facie(yashadigi facieler fonunda)oglu ile gorush sehnesinde ondaki deyishiklerdir.(yani onun ruslashmasi ve s.),en esasi ezab-eziyyetle boyutduyu oglunun ondan bu qeder uzaqlashmasi,hetta ata kelmesini bu qeder tereddudle soylemesidir.

  3. Eramizdan evvel 7-ci esrde Qedim Afinada aristokratlar oz hakimiyyetlerini mohkemlendirmek uchun sert qanunlar qebul edilmishdir.E.evvel VII əsrdə belə sərt qanunu Drakon tərtib etmiş və «Drakon qanunu» adlanan bu qanun haqqında deyirdilər ki, o, «mürəkkəblə deyil, qanla yazılmışdır». Adlı-sanlı olmayan hər kəs cüzi xəta üstündə, hətta bir agacdan alma oğurladıqda ölümə məhkum edilirdi.
    Bezen tale de insanlara oz ezablarini qeyir beraber paylayir.Drakon qanunlari da yalniz adli-sanli olmayanlara tetbiq edilirdi.Bu menada bir qeder paralellik gordum.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma