Bekara cızma-qara

(yazı haqqında yazı)

Bekarçılıqdır… Amma, əslində tənbəlçilik.  Tərcümə işlərimin tökülüb qalmasına baxmayaraq, heç gözucu da baxmıram o sənədlər tərəfə. Halbuki, baxmalıyam! Çünki, işləməliyəm. Və işləyə-işləyə… Ölməliyəm! Bu da olacaq mənalı yaşamaq. Rüfət doğuldu, Rüfət boğuldu, Rüfət qovruldusa da, tez-tez  büküldüsə də, yenə dim-dik doğruldu… Axırda isə… Heç nə! Lüt gəldi və lüt getdi. Bu da mənim hər şeyim!

Hə, belə-belə işlər! Ən zəhləmgedən birindən tez-tez eşitdiyim ən zəhləmgedən sözlər… İşsizlikdəndir hamısı. İnsan tənbəl olanda, istənilən xırda bir şey,  zəhləsini tökə bilər.

… Ömrümdə birinci dəfədir ki, birbaşa bloqun “dashboard”una yazıram. Aşağıdakı “minimize” etdiyim natamam sənədləri isə, görmürəm guya.  “Facebook”un tez-tez donan “söhbət”i də marağını itirib. Heç həvəsim qalmayıb  nə söhbətə, nə də öz  ixtisasıma uyğun bir iş görməyə.

Məni də qınamaq olmaz. O qədər gərgin bir ay keçirdim ki… Xüsusilə, dissertasiyamın müdafiəsindən sonra beynim tamam qarışıb. Fikirlərin çoxluğu “basa-bas” yaradıb içəridə. “Tıxac” da demək olar. Fərqi yoxdur…

… Bəlkə də, başımın üstündə müdir olsaydı, daha çox işləyərdim, daha çox yazardım. İstər tərcümə işi, istərsə də bədii-pubisistik yazılardan. Amma, belə isə, qurd öldürürəm. Ruslar demiş, “duraka volyayu!”

Beynimi qurdalayan fikirləri boşaldıram… Gilə-gilə hərflər ağlayıram. Əslində, heç onu da yaxşı bacarmıram. Elə ki, əllərimi irəli uzadıb, klaviaturanın üstündə gəzdirməyə başlayıram… O dəqiqə qaçırlar!

Əminəm ki, bu hal təkcə məndə olmur. Çox yazarlarda, hətta, dahi yazıçılarda belə, bu cür böhran anları sıx-sıx olur. Xüsusən də, yazar  tanınmağa başladıqca, başına daimi oxucular toplaşdıqca, boynundakı yük daha da artır. Və hər hərfin, hər cümlənin yazılması bir “mandraj”la müşahidə olunur.

Tarixdə öz izini qoymuş bir çox yazarların həyatına, xüsusən də özlərinin təsvir etdiyi memuarlara nəzər salanda, adamı həqiqətən də ağlamaq tutur. Sanki, onlar qədər faciəli və keşməkeşli anlar yaşayan olmayıb. Və ilk baxışdan da belə düşünürsən ki, insanı yazmağa faciələr vadar edir. Bu düşüncələrdə hardasa həqiqət ola bilər, amma… Ədəbiiyyat duyğuların və fantaziyanın yaratdığı, mübaliğə sevən  bir sahədir.

Təbii ki, ədibləri ədəbiyyata gətirən də, onların həssaslığı və mübaliğə sevərliyi olur. Məncə, yaxşı ədib hətta adi bir qarışqa ölümündən də oxucuları duyğulandıran bədii bir mənzərə canladırar. Canlandırmalıdır da! Axı, o ədibdir. Onun borcu həyatı bədiiləşdirməkdir. O həyatı ki, hamı yaşayır, hamı görür, hamı iştirak edir. Ancaq, hamının da ehiyacı var – ədibin bədii təsvirlərinə. Hamı istəməyə də bilər, amma, hamı möhtacdır buna, məncə. Çünki, bizim hisslərimiz ancaq hisslərlə baş qaldıra bilər. O hisslər isə, ədiblərdən gəlir. Bu da,  Tanrı tərəfindən onlara verilən vəzifədir sanki.

Şəxsi və iş həyatımda yaşadığım bəzi uğursuzluqlardan sonra, demək olar ki, taleyimdən küsərək, qapalı bir həyat tərzinə keçdim. Yənİ, bədiiləşdim. Maraqsız bir ab-havada, rəngarəng bir xəyal dünyası yaratdım özümçün. Hisslərimi işə saldım. Çünki, hissləri yalnız hisslərlə oyatmaq mümkündür. Və mən də hisslər oyatmaq istədim. 12 kvadrat metrlik otaqda!

İctimai-siyasi fəaliyyətimi davam etdirsəm də (tədbirdən-tədbirə), əvvəlki kimi fəallıq göstərmədən, əsasən, yalnızlığa üstünlük verdim. Əlbəttə ki, tənhalıqda havalanma təhlükəsi də yarandı. Hələ, səhhətimin getdikcə pisləşməsi…

O zaman, fikirlərlə coşub-daşan beynimin boşalması baxımından noutbukum mənə kömək oldu – “mənim” deyə bildiyim yeganə mülkiyyətim. Dayanmadan yazırdım. Yazdıqca da nisbətən rahatlıq tapır, ruhumda bir yüngülləşmə hiss edirdim. İndinin özündə də belədir.

Və getdikcə də, özünüifadə bacarığım daha da təkmilləşməyə başladı.  Fikrimcə, heç də çoxlarının dediyi kimi, zaman yazar təxəyyülünü inkişaf etdirmir. Sadəcə, zamanla daha bədii yazmağı, daha dolğun təsvir etməyi öyrənirsən – aylarla beynində dolaşan fikirləri. Demək, zaman sadəcə bir “istehsalat təcrübəsi”dir yazar üçün – əgər, usanmadan yazırsa.

Ağla yeni ideyaların gəlməsi isə, təbii və ömrün dinamikliyinə aid amildir. İstənilən adamın ağlına maraqlı ideya və süjet xətti gələ bilər. Sadəcə, fantaziyanın təsviri və fikirlərin sistemli formalaşması önəmlidir. Buna nail olmaq isə, davamlı olaraq primitiv cızma-qara yolu ilə mümkündür.

Məsələn, mənim bu yaxınlarda yazdığım və mənə xeyli oxucu rəğbəti qazandıran “Anaya məktub”un ideyası düz altı il əvvəl gəlib ağlıma. O vaxt isə, yazarlıq qabiliyyətim yalnız primitiv bir rep parçası yazmağa çatmışdı. Ancaq, süjet xətti və mövzu düz altı il beynimdə dolaşdı və nəhayət ki, yaxınlarda, orta-babat bir səviyyədə işıq üzü gördü.

Zamanla, yazılarımın oxunması, ən əsası isə, peşəkar yazar və oxucular tərəfindən rəy və tənqidlər eşitmək və nəticədə, yazar olaraq inkişaf etmək kimi mənəvi ehtiyaclarım da yarandı. Ötən ilin Dekabr ayında, “tia.az” – ın rəhbəri Əlişir Əhəd köməyimə çatdı. Ancaq, yenə də, ictimai-siyasi profilli portalda öz iç dünyamı tamamilə ifadə edə bilmirdim. Heç məsləhət də görmürdülər. “Facebook” dünyasına qoşulandan sonra isə, sanki, ürəkləndim. Özünüifadə ilə bağlı bir çox kompleksim aradan qalxmış oldu. Həm də, xeyli daimi oxucu və diqqətcil dost qazandım.

Aprel ayının sonunda açdığım bədii-publisistik profilli bloqum  mənim 12 kvadrat metrlik “yaradıcılıq studiya”mın əhatə dairəsini genişləndirmiş oldu. Ondan sonra isə, “azadliq.org”un “Oxu Zalı”…

Oxucu və rəyçilərin sayı artdıqca, onu da öyrəndim ki, özümü ifadə edərkən, yazım uzun alınsa da belə, mümkün qədər ritmika və axıcılıq prinsiplərinə riayət etməliyəm – Oxucunun yorulub, məni tərk etməməsi naminə.

Bu yazım da artıq uzanmaq üzrədir. Və güclə topladığım fikirlərim də cığallığa başladığı üçün, ritmikanın da pozulma təhlükəsi yaranır. Elə buna görə də, müəllif öz “bekara cızma-qara”sını bitirir.

Advertisements

Bekara cızma-qara” üçün 5 cavab

  1. Belə bir söz var:bütün vaxtını işə sərf etmək tənbəllikdir.Həyat yalnız iş görməkdən(dolayısı ilə istehsal etməkdən).İnsan həyatını istədiyi kimi yaşamalıdır.Əgər sənə bədii yaradıcılıqla məşğul olmaq daha çox zövq verirsə bununla məşğul ol.Nəticədə bu da bir işdir həm də çoxlarının bacarmadığı bir iş.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma