Bədxassəli “millətçi” sindromu

Rüfət Əhmədzadə Bədxassəli “millətçi” sindromu Son vaxtlar, Allaha şükürlər olsun ki, artıq, mən də, çox oxunan gənc müəlliflər sırasına girmişəm. Daha doğrusu, gətirilmişəm – hərflərin çiynində. Və bu gün mənim yazdıqlarımı oxuyub üzümə tərifləyən çox olsa da, arxada pisləyənlər və qınaq obyekti edənlər də az deyil. Qınaqların arasında hörmət etdiyim fikirlər də olur. Özümü üzümə qınayanların fikirləri. Qınayırlar ki, əvvəlki “Türkalp” təxəllüsümdən niyə daha istifadə etmirəm və ya, özümü millətçi bildiyim halda, farskökənli “-zadə” sonluğundan niyə imtina etmirəm… Mənim ruhuma bunların qəti dəxli yoxdur. Axı, nə fərqi var, “-zadə” getdi, “Əhməd” və “Rüfət” qaldı – ərəbəssili adlar deyilmi? Bir də, daha çox qınayırlar ki, niyə əslən Azərbaycanın Güneyindən olduğum halda, Güney məsələsinə az-az toxunuram. Son aylar, demək olar ki, heç toxunmuram. Səhər-axşam, acqarına-toxqarına hey “Güney-Güney” deyənlərdən fərqli olaraq, mən öz millətçiliyimi büruzə vermirəm. Son sözlərə fikir verin lütfən. Millətçiliyi büruzə vermək, Quzeydə oturub Güney davası etmək imiş… … Mən Quzeydə oturmuşam. Azərbaycanın Quzeyində. Azərbaycan Respublikası adlanan bir dövlətdə. O dövlət ki, pis-yaxşı var, müstəqildir və o daha yaxşı və adınalayiq olmalıdır. Ədalətlə, vicdan ilə idarə edilməli və inkişaf etməlidir. Əgər inkişaf etsə, bu dövlət “diliuzun” olar. Güneyin Quzeyə birləşməsi yolunda, daha konkret addımlar atmaq da mümkünləşər. Daha, tələbələrin-gənclərin İran səfilriyi qarşısında “hay-huy” eləməsi ilə iş bitmiş olmaz. Vətənin bütövləşməsi naminə, kompleks iş görülər. Elə ona görə də, son vaxtlar, mən ən çox bir şey haqda düşünürəm: QUZEYİN TƏRƏQQİSİ! Bu tərəqqi isə, yalnız, əliqoynunda düşünməklə gerçəkləşəsi deyil. Onu yazmaq, demək, irəliyə atmaq və tələb etmək lazım. Kimdən? Əlbəttə ki, hakimiyyətdən. O hakimiyyyətdən ki, tərəqqini yalnız təmir-tikintidə hiss edir. O hakimiyyət ki, millətin qanını zəhərləyən, gələcəyini şübhə altına salan rüşvətxorluq ilə savaşa bilmir. Niyə? Çünki, hakimiyyət və korrupsiya eyni cəbhədədirlər. Qarşı cəbhədə isə, xalq-millət var. Halbuki, hakimiyyət və xalq ittifaqı olsaydı, dövlətin də, millətin də, elə bu hakimiyyətin də gələcəyi tam təmin olunardı. Bu ittifaq jesti isə, aşağıdan yox, yuxarıdan gəlməlidir. Amma, gəlmir! Sanki, hakimiyyətlə xalqın arasında bir uçurum yaranıb. Nə olsun ki,bu gün xalqın əksəriyyəti itaət edir? Nə olsun ki, etiraz səsi az ucalır… Çarəsiz buraxılmış xalqın haqqı boğazda qalar bir gün. Qalmalıdır da! Azərbaycanda xeyli “millətçi” var. Təşkilatlı, sosial və maddi bazası olan, müxtəlif yerlərdə müxtəlif dəstəklərə sahib… Lakin, BIR İŞƏ YARAMAYAN! Təbii ki, millətin işinə. Onlar, hakimiyyətin qətiyyətsizliyi üzündən qaytarılması ləngidilən və hələ də düşmənlərdə qalan Qarabağı və məsuliyyətsizlik üzündən torpaqları su altında, insanları sıxıntıda qalan Aran bölgəsini unudurlar. Və ya unutmağa çalışırlar… Yaxud da ki, qorxurlar yada salmağa. Fərqi yoxdur, nəticə-göstərici də bəllidir: FƏRSİZ “MİLLƏTÇİ”LƏR! Millətçilik “bozqurd” işarəsi ilə şəkil çəkdirməklə bitmir. Heç, konsertlər keçirib əsdirməklə də. Millətçi ideologiya yalnız şüarlardan və nümayişkəranə jest-işarə yığnağından da ibarət deyil. Gəlin, ilahiləşdirilən və kor-təbii mütləq qəbul edilən “həsənsoxdu mentaliteti”ndə də axtarmayaq millətçiliyi. Və onu da unutmayaq, hər mühafizəkar da millətçi ola bilməz. Deməli, hər millətçinin də mühafizəkar olması şərt deyil. Şəxsən, mən mühafizəkar-filan deyiləm. Amma, gəlin, sübut edin ki, millətçi deyiləm! Millətçilik ağlamaq da deyil – Şuşa, Təbriz, İrəvan, Dərbənd, Borçalı ellərini yada salıb sızlamaq. İldönümlərində tədbirlər keçirib “atəşin” nitqlər ilə matəm saxlamaq… MİLLƏTÇİLİYİN ƏN UĞURLU BAŞLANĞICI ANLAMAQDIR – MİLLƏTİ! Bəli, bəli, milləti anlamaq. Onu duymaq – Vətənin hər yerində. Güneyində də, Quzeyində də, hər bir köşəsində milləti hiss edib, onun fərdlərinin də qayğı və duyğularını dərk etmək.Və sonda, çoxluğun da istəyini və gərəyini kəşf etmək. Bunu bacarırsansa, artıq, yola düşmüsən. MİLLƏTÇİLİK YOLUNA!

Advertisements

Bədxassəli “millətçi” sindromu” üçün 3 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma