Əsas səhifə » Proza » Günəşlə romantika

Günəşlə romantika

Rüfət Əhmədzadə

Günəşlə romantika

(hekayə)

Allah Nüsrət Kəsəmənliyə rəhmət eləsin! Bizlərin yadına Günəşi saldı… Və Günəşə xatırlatmağa getdi – onun yandırdığı  bəşəriyyəti. Həqiqətən də, çox gözəl demişdi o: “Günəşə doğru yüyürən bir uşaq… ” Böyüklər xəbər tutdu. Və ehtiyatlı oldular. Zamanında tədbir tökə bildilər. Yəqin ona görədir ki, Günəşə doğru yüyürən uşaqların çoxu məyus və peşman qalır yarı yolda. Qaranlığa məhkum viranlıqlarda…

…. “Həyat onunla başlayır” deyirlər. Çünki, hər səhər onunla açılır. Yeni səhər isə, yeni fürsət deməkdir. Dünənki günahları bu gün yumaq naminə, həyat kitabında yeni səhifədir. Fəlsəfədir işıqlıq… Yoxsa, fiziki məfhum? Baxmayaraq ki, elm çoxdan inkişaf edib, amma, hələ də Günəş  öz fəlsəfi mənasını itirmir ki, itirmir.

Mən də ağlım kəsəndən, Günəşə vurğun oldum. Sevdim onu. Süzdüm onu hər səhər. Dərsə gedəndə, dərsdən gələndə… Onun baxışlarını hiss etmək, onun təbəssümünü süzmək… Həqiqi bir səadət idi mənə! Ömrümdəki əsl nuru duyurdum, həyatımın mənasını dərk edirdim onunla. Hələ uşaq idim ha! Romantika o zamanlardan qıcqırıbmış məndə.

Desəydilər ki, Günəş tutulub, işıq saçmır, bəlkə də, bir neçə saniyəlik təəccüblə ötürərdim o xəbəri… Amma, desəydilər ki, Günəşə nəsə olub, vallah, dəli olardım, dünya fırlanardı başıma bir anda! Yaşamağa həvəsim də itərdi. Axı, dəlicəsinə sevirdim onu – Günəşi! İlk sevdiyim qız idi…

… Uşaq ağlımla, necə də bağlanmışdım ona! Elə hey onu düşünürdüm. Dünyada ondan başqa bir Günəş tanımırdım. Cəmi 7-8 yaşım olardı, amma, elə sevgi hiss edirdim ki… Bəlkə də, gənclik-aşiqlik illərimdə, o cür duyğular keçirməmişəm, elə güclü sevgi hiss etməmişəm. İndi isə, demək olar ki,heç nə hiss etmirəm – sevərək yanılanlara zavalımdan savayı.

İlk şerimi də ona həsr etmişdim. Təbii ki, çox sadə bir qafiyə yığnağıydı. Amma, məni duyğularım məcbur etmişdi o şeri yazmağa! Və getdikcə, ehtiras da oyanırdı qəlbimdə. Sevgini hiss etməyim özümdə də əcaib bir xof yaratmışdı. Romanlar oxuyurdum, melodrammalara baxırdım… Və sevgini anlamağa çalışırdım. Həm də istəyirdim ki, dəqiqləşdirim – mən o qıza qarşı nə hiss edirəm?

Bu əsl sevgi idi. Hər halda, mənim təsəvvürümdə. Onunla oynamağa, onunla vaxt keçirməyə çalışırdım. Mümkün qədər çox! Bir binada qalırdıq, bir həyətdə oynayırdıq və bir “çevrə”nin uşaqları idik. Yaxşı da yola gedirdik. O zaman, mən sadəcə dost idim ona. Çax yaxşı bir dost. Dost ha!

Problemsiz uşaqlıq yaşayırdıq. Sadəcə, bir “amma” var idi – fərqli siniflərdə oxuyurduq. Bu hal məni çox üzürdü. O başqa bir oğlanla bir parta arxasında… İlahi! Bunu düşündükcə, dəli olurdum. Yanımda oturan qızdan isə, lap çirginirdim! Onun mırıq dişlərini görəndə, ürəyim bulanırdı. Elə, ona görə də, az dindirirdim onu.

Təsəvvür edirsiniz!? Mənim kimi dəcəl və çox danışan bir insan, səssiz-səmirsiz otururdu dərsdə. Belə davam edə bilməzdi. Həm Günəşsizlik, həm də səssizlik… Ürəyim partlayırdı! Hey düşünürdüm ki, sinfimi necə dəyişdirib Günəşin  sinfinə keçə bilərəm. Müəliməm çox yaxşı insan idi. Dəcəl olmağıma baxmayaraq, mənim zəkamın və zehnimin vurğunuydu. Özümü tərifləmək üçün demirəm, sinif rəhbərim belə düşünürdü.

O məndən razı idi, valideynlərim də ondan. Anamla mehriban rəfiqələrə çevrilmişdilər. Onları bir-birindən küsdürmək gərəkirdi. Deməli, bacardığım qədər müəlliməmi bezdirməli və zəhləsini tökməliydim.

Qarşıma məqsəd qoydum və bacardım. Zəhləmgetmiş parta yoldaşımı sevindirməyə başladım. Daha dəqiq desəm, bezdirməyə. Yeri gəldi-gəlmədi, danışırdım onunla. Nədən gəldi! Yerimi dəyişdirdilər, yenə də, dilim dinc durmadı. Ərköyünlüyümü olmadığım qədərdə göstərirdim. Və dərslərimi də heç oxumurdum. Axırda, müəlliməm özü təngə gəlib, anamdan məni başqa sinfə köçürməyi tələb etdi. Anam da, çarəsiz qalıb arzuma yaxınlaşdırdı məni.

Günəşin sinfinə keçmək istəyimə  “Niyə də yox?” deyə cavab verdilər. Və ikinci sinfin üçüncü rübünə Günəşli siniflə başladım. Amma, ayrı partalarda otururduq. Zəhləm gedirdi, həm özümün parta yoldaşımdan, həm də onun. Ümumiyyətlə, Günəşdən başqa hamıdan zəhləm getməyə başlamışdı. Artıq, hər kəsi öz sevgimə düşmən hesab edirdim. Əslində, adi haldır –  sevəndə belə olur.

Bir gün, Günəş xəstələnib, dərsə gəlmədi. Və həmin gün, dərsdən evə gedərkən, bir bəhanə ilə dava çıxarıb, onun parta yoldaşının sol gözünü göyərtdim. Öz xoşu ilə, yerini mənə verməyə razılaşdı.

Günəşqarışıq, hamı təəccüb etdi buna. Mənim törətdiyim əməldən isə, çox adam bixəbər idi. Sinifdə bütün oğlanların gözünü qorxuzmuşdum. Yeni sinif rəhbərim isə, mənə hey yarınmağa və məmnun etməyə çalışırdı. Axı, atam çox varlı idi və onun pulu ilə alınan hədiyyələr gəlirdi bizim evdən məktəbə. Mən dəcəllik etdikcə isə, hədiyyələrin sayı da artırdı.

Günəşi  gündən-günə daha çox sevsəm də, cəsarətim daha da azalırdı. Özüm də əsəbi olurdum bu qorxaqlığımdan. Sevgi məni Məcnun kimi cinvurmuşa çevirmişdi. Elə, yəqin, oxuyanlar da, “Leyli və Məcnun”u xatırlayırlar. Axı, mən nə edim ki, Məcnun kimi, mən də öz uşaqlıq dostuma vurulmuşdum. Heç, o zaman, Nizamidən də xəbərim yox idi.

Bir gecə düşündüm ki, artıq yetər – “Səhər ona açmalıyam sevgimi!” Səhər evdən məktəbə qədər ha çalışdımsa da, boş-boş uşaq söhbətlərindən başqa heç nə bacarmadım. Qəribədir ki, o da həmin gün çox qəribə görünürdü. Heç vaxt elə sıxılan və utanan sima görməmişdim onda. Sanki, o da nəsə demək istəyirdi mənə. Bu, daha da gərgin edirdi məni. Nəhayət ki, dərs başlamamış, özümdə cəsarət tapdım. Uşaqlıq vaxtı çoxunun bir-birinə dediyimi kimi, “Səni istəyirəm!” dedim. Cavab sükut oldu.

Və bu sükut birinci dərsin sonuna qədər sürdü. Sanki, mənim pərt halda, 45 dəqiqə səssiz və kefsiz oturmağım ona təsir etmişdi. Tənəffüs zəngi vurulanda, mənim əlimdən tutub, astadan qısaca “Hə!” dedi. Həmin an, necə də xoşbəxt oldum! Dünyada ən bəxtəvər adam idim!

Həmin gündən başladı – əsl Günəşli günlərim. Bir-birimizdən, demək olar ki, ayrılmırdıq. Bir-birimizin evinə gedib-gəlirdik, bir yerdə dərs oxuyur, nahar və şam yeməklərini də birlikdə yeyirdik… İstisnaları saymıram, oxucu özü bilir. Valideynlərimizi də heç də tam məmnun etmirdi bu mehribanlığımız. İkimizin də anaları narahatlıqla seyr edirdilər bizim sevgimizin inkişafını. Amma, uşaq qəlbi qırmaq istəmirdilər…

… İlk olmağı bir yana, ömrümdə ən uzun məhəbbət macəram oldu bu. 4 ilə yaxın çəkdi. Biz böyüdükcə sevgimiz də böyüyürdü. Və sevgiylə yanaşı ehtiras hissləri də doğulurdu. Artıq, özümü də qorxutmağa başlamışdı bu. Uşaq ağlımdan min cür fikirlər keçirdi. Hər onun yanında olanda bədənimi od bürüyürdü təmiz. Gülməlidir, eləmi? Oni iki yaşlı uşaq nələr düşünə bilər! Əlbəttə ki, düşünməliydim də. Ətrafda hər şey açıq-aşkar idi.

İkimiz də, 90-cı illərdə dəbdə olan bütün seriallardan xəbərdar idik. Yaxşı bilirdik orda nələr baş verir…Və hər ikimiz də kişi-qadın münasibətləri barəsində, demək olar ki, hər şeyi bilirdik. Əminəm ki, o da özünü çox qəribə hiss edirdi…. Amma, heç nə demirdi.

“Hə”dən bir ay sonra, onu yanağından, bir il sonra isə, dodağından öpmüşdüm.

Yay idi. Dərslər qurtarmış, Günəşli bir fəsil başlamışdı. Bilmirəm, Günəşin istisindənmi, ya Günəşin sevgisindənmi, qızmar duyğularla hey alışırdım. Bir gün, anam kənddən nənəmin bağdan yolladığı üzüm payından bir qaba doldurub, Günəşgilə yolladı.

Anası yatmışdı. Məni otağına çağırdı. Çoxdandı ki, belə tək olmurduq onunla. Heç otağına da çoxdandır ki, girmirdim. Üzümlə dolu qabı masaya  qoyub, birlikdə oturduq . Bir az üzümdən yeyib, bir az da danışırdıq mehriban-mehriban. Onunla danışa-danışa, onu düşünürdüm. Üz cizgilərini təhlil edirdim beynimdə. O böyüyürdü. O gözəlləşirdi. O yetişirdi.

İndi oxucular öz ürəklərində deyəcək ki, bu uşaq pornoqrafiyasıdır. Mən də, soruşacam ki, sizdə bu olmayıbmı? Ən azından, bu hisslər…

…Qəfil, dayana bilməyib, əllərindən tutdum və özümə sarı çəkdim. Müqavimət görmədim. Çox dərinə getmirəm… Eləcə, öpüşürdük. Bərk-bərk, uzun-uzun… Birdən, qapı açıldı. Bizi masa arxasındaca… Dəli oldu yazıq arvad! İti qovan kimi qovdu məni. Və qadağan etdi bir daha ona yaxınlaşmağı.

Səhərisi gün, onu  əmisigilə, yaxın rayonlardan birinə yolladılar. Lakin, mənim üçün çox uzaq olan yerə… Mənsə qaldım Günəşsiz!

Çox peşman idim. Günəşin anası ilə də üz-üzə gəlməkdən çəkinirdim. Onu uzaqdan görən kimi, yolumu dəyişirdim. Evdəkilər nəyin baş verdiyindən bixəbərdilər – mənim bəxtimdən. Yay günləri keçirdi, amma, Günəş gəlmirdi ki, gəlmirdi. Mənsə gözləyirdim. Və heç bir yerə istirahətə getmək də istəmirdim. Axırda, atam tərsliyimə məhəl qoymayıb məni Naxçıvana yolladı.

Bütün Avqust ayını, atamın dostugildə keçirdim. Sentyabr ayınadək, evə qayıdıb Günəşi tapmaq və heç nə olmamış kimi, yenidən sevgimizə davam etmək istəyirdim. Yaman nigaran idim ondan. Axı, o qalmaqladan sonra, bircə dəfə də danışmaq imkanımız olmamışdı. Darıxırdım onun üçün! Əmin idim ki, o da…

… Bakıya qayıtdığımda, onu görmədim. Gördüyüm bir yük maşını oldu- Günəşgilin köçünü daşıyacaq. Demək, başqa yerə köçürdülər. Maşının onlara gəldiyini bilən kimi, əsəbi halda onlara qaçdım. Nə özü var idi, nə də anası. Bir atası idi, bir də fəhlələr. Sumqayıta köçürmüşlər. Orda ev alıblarmış. Mənim Günəşim də artıq ordaymış….

… O vaxtdan, həmişəlik olaraq, itirdim Günəşimi. Və bir daha görmədim… Lənət şeytana! Gərək, onu belə dəlicəsinə sevməyəydim. Gərək, heç öpməyəydim onu, nə dodağından, nə yanağından… Romantika qıcqıranda, belə olurmuş demə!

Və sonda, istəyirəm, oxucularımın da xəyallarını alt-üst edim. Mən öz qəhrəmanıma  şərti bir ad vermişəm.

Advertisements

Günəşlə romantika” üçün 9 cavab

  1. Gözəl yazmısan Rüfət.Bu yazını oxuyan hər bir kəs öz uşaqlıq xatirələrinə qayıdacaq.Mən də qayıtdim.Və əslində insan ömrünün ən xoşbəxt anlarının o dövrlər olduğunu bir daha anladım.
    Təşəkkür edirəm sənə!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma