Əsas səhifə » Ordan-burdan » Hüseyn Cavid əsrarı

Hüseyn Cavid əsrarı

Hüseyn Cavid əsrarı

Naxçıvandan bütün Azərbaycana, Azərbaycandan bütün Dünyaya doğulan Günəş

Hüseyn Abdulla oğlu Rasizadə (24.10.1882, Naxçıvan şəhəri – 5.12.1941, Rusiya, İrkutsk  vilayəti). Azərbaycan xalqının ədəbiyyat tarixində iz salmış dahi  şair və  dramaturqdur.   Ziyalı, tanınmış din xadimi Abdulla Rasizadənin ailəsində doğulmuş, ilk təhsilini Naxçıvanda mollaxanada, sonra isə M.T. Sidqinin “Tərbiyə” adlı yeni üsullu məktəbində almışdır (1894-98).

Klassik üslubda ilk şerlərini də “Gülçin” və “Salik” imzaları ilə burada yazmışdır. 1899-1903 illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin Talibiyyə mədrəsəsində təhsilini davam etdirmişdir.

İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra Gəncədə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, Azərbaycan romantizminin banilərindən, çağdaş Azərbaycan ədəbiyyatının yaradıcılarından biri olmuşdur.

Cavid sənəti bədii növ, janr və forma cəhətdən zəngindir. O, lirik şerlərin, lirik-epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifıdir. “Keçmiş günlər” adlı ilk şer kitabı 1913-cü ildə çap olunmuşdur.

Cavid daha çox dramaturq kimi tanınmışdır. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. Mənzum “Ana” (1910) pyesində nəciblik, sədaqət, mərdlik kimi keyfıyyətlərin yalnız sadə insanlarda olduğu göstərilir. “Maral” (1912) faciəsində şəxsiyyət və qadın azadlığı məsələsi qaldırılır, ailə münasibətlərində mürtəce əxlaqi görüşlər tənqid edilir. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan “Şeyx Sənan” (1914) əsərində xalqları bir-birindən ayıran dini və milli təəssübkeşlik əleyhinə üsyankar etiraz ruhu hakimdir. Cavid bu dövrdə tədriclə, “Haqq verilmir, alınır” ideyasına gəlib çıxmışdı.

Həmin ideya “Şeyda” (1917) dramında, “Haqqını sən mübarizə ilə ala bilərsən” (1918) poemasında daha bariz ifadəsini tapmışdır. “Şeyda”da Cavid yalnız ideya və mənəviyyatlardakı ziddiyyəti deyil, real sosial ziddiyyətləri də göstərir, “füqərayi-kasibə”ni, “qabarlı əllər”i istismarçılarla mübarizəyə çağırırdı. Yaradıcılığında mühüm yer tutan “İblis” (1918) faciəsində dövrün bütün mürtəce qüvvələri – “insan insana qurddur” fəlsəfəsinin tərəfdarları, “iyirminci əsrin mədəni vəhşiləri” olan imperialist dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır.

Estetik ideyalarına sadiq qalan Cavid bununla yanaşı, 20-30-cu illərdə öz dövrü ilə səsləşən bir sıra əsərlər yaratmışdır. “Azər” dastanı (1920-37) bu əsərlər arasında xüsusi yer tutur. 1926-cı ildə müalicə üçün Almaniyaya gedən və bir müddət Berlində yaşayan Cavid vətənə Qərb dünyasının sosial-mənəvi ziddiyyətlərini əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı. “Nil yavrusu” əsərində Cavid müstəmləkə zülmünü qəzəb və nifrətlə damğalayırdı. 20-30-cu illərdə Cavid bir sıra tarixi dramlar yazmışdır. “Peyğəmbər” (1922), “Topal Teymur” (1925) əsərlərindən sonra yazdığı “Səyavuş” (1933), “Xəyyam” 1935) tarixi dramları Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi bir dönüş oldu.

Hüseyn Cavidin anadan  olmasının 100 və 110 illik yubileyləri geniş qeyd olunmuşdur. Naxçıvanda , Bakıda ev muzeyləri yaradılmış, Bakıda vaxtilə yaşadığı binaya barelyef təsviri olan xatirə lövhəsi vurulmuşdur. 100 illik yubileyi ərəfəsində Heydər Əliyevin təşəbbüsü ilə cənazəsi İrkutsk vilayətindən Naxçıvana gətirilib, buradakı ev muzeyinin yaxınlığında dəfn edilmişdir.  Qəbri üzərində  məqbərə isə, 1996-cı ildə tikilmişdir.  1982-ci ildə Naxçıvanda “Hüseyn Cavid poeziya teatrı” açılmışdır. Adına Bakıda, Naxçıvanda və respublikanin digər şəhər və rayonlarında küçə, bağ, məktəb, kitabxana, kinoteatr və s. mədəni maarif müəssisələri var. Bakıda əzəmətli abidəsi ucaldılmışdır.

*********

Mənim Tanrım

Hər qulun cahanda bir pənahı var,

Hər əhli-halın bir qibləgahı var,

Hər kəsin bir eşqi, bir allahı var,

Mənim tanrım gözəllikdir, sevgidir.

Gözəl sevimlidir, cəllad olsa da,

Sevgi xoşdur, sonu fəryad olsa da,

Uğrunda mənliyim bərbad olsa da,

Son dildarım gözəllikdir, sevgidir.

Gözəlsiz bir gülşən zindanə bənzər,

Sevgisiz bir başda əqrəblər gəzər,

Nə görsəm, hanki bəzmə etsəm güzər,

Həp duyduğum gözəllikdir, sevgidir.

Şərq qadını

Mən nə idim? Şərqin əzilmiş qadını!

(Bir az sükut…)

Mən nə idim? Uf, onu heç sormayınız!

Varlığım bir quru heç!

Keçmişin ən qaba, ən vicdansız,

Kirli dırnaqları qəhr etdi məni.

Görmədim gün işığı;

Doğduğum gündən — əvət — tarixin

Paslı zəncirləri inlətdi məni.

Hər tərəfdən qara bir mövhumat

Pərdələr çəkdi həmən gözlərimə…

Qoparırkən fəryad,

Etdi qanun ilə din istehza

Mənim öksüzcə qırıq sözlərimə.

Yox, yalan söylədim, aldanmayınız;

Vardı bir çox tapınanlar da mana

Çünki pək dilbər idim,

Süslü kaşanələrin qoynunda,

Məni sarmışdı ipəklər, tüllər…

Ağlayırdım gülərək,

Alışıb məhbəsə, altun qəfəsə,

Söndürürdüm qaba şəhvətləri mən…

“Pək gözəlsən” — qaniçən sultanlar

Məni əyləncə yapar,

Çox zamanlar da bağışlar birinə,

“Ən nəfis işvəli bir qüvvə” — deyə.

Oh, nə miskincə həyat!?

Yeri gəldikcə atarlar Nilə,

Yaxud atəşkədəyə…

Duyğusuz tanrıya qurban olaraq,

Kül olurdum yanaraq, qıvrılaraq.

Daha dəhşətli bəla, — çirkin isən, —

Atacaqlar dərhal

Bir çuxur, bir quyuya, bir kanala.

Yapsalar hər qabalıq, alçaqlıq,

Baş əyərdim susaraq of demədən…

Bir zamanlar mən, əvət, bir heç idim,

Qismətim sillə, dayaq, könlüm əsir,

Bir böcəkdən də həqir.

İmdi lakin o tikənlərdən uzaq —

Gülərək, oynayaraq,

Yaşamaq zövqünü duymaqdayım ancaq, ancaq…

Yox, mən artıq sürünən heç deyilim,

Parçalanmış da qaranlıqdan hörülmüş

kəfənim,

Gəmirilməz beynim.

İştə ən şanlı üfüqlərdə uçan

Şərqin azadə, gülər bir qızıyam;

Uca həşmətli fəzalardan aşan

Pənbə bir yıldızıyam!..

Verdim o gün ki, zülfi-pərişanə könlümü…

Verdim o gün ki, zülfi-pərişanə könlümü,

Saldı nigar o zülfdə zindanə könlümü.

Yalvardım əczinən ona, bəlkə xilas edə,

Zənciri-zülfə bağladı divanə könlümü.

Hər qədr uydum ol büti-tərsa cəmalinə,

Yandırdı şəmi-hüsnə çü pərvanə könlümü.

Gülzari-hüsnə Yusifi-dil çıxdı seyr edə,

Saldı o yar çahi-zənəxdanə könlümü.

Etdikcə mən məhəbbət o kafər balasına,

Etdi cəfayi-naz ilə viranə könlümü.

Vəslə yetirməyib, gecə-gündüz fəraqdə,

Təbdil edibdi laləsifət qana könlümü.

Bəzmi-vüsalə həsrəti-ümmidvar idim,

Saldı bəlayi-firqətə məstanə könlümü.

Gülçin binəva idim, oldum müridi-şeyx,

Yandırmışam mən atəşi-hicranə könlümü

Solğun bənövşələr

Bir müsamirə xatiratından.

Boynu bükük, ey öksüz bənövşələr!

Ah nə çapuq saraldınız, soldunuz?

Nerdə o dünkü sevdalı nəşələr?

Nədən böylə həp pərişan oldunuz?

Şəfəqdən doğma ləbləri öpərkən,

Siz ki bəxtiyarca gülümsərdiniz.

Yoxsa o nurdan tökülmüş əllərdən

Ayrılınca çiçəkləndi dərdiniz?

Gözəl, hər halınız gözəl… Daima

Xəstə könlüm oxşar sizi, alqışlar.

Uf, nədənsə çox toxunur ruhuma

Vərəmli çöhrələr, məhzun baxışlar…

Advertisements

Hüseyn Cavid əsrarı” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma