Milli İntihar Ordusu

(esse)

Ötən həftəsonu, bir əsgərin Ağdamda (Orta Qərbənddəki hərbi hissədə) özünü avtomatla vurmasını eşitdim. Bilmirəm, əslində necə olub və mətbuat bu məsələyə necə həsr olunub…Amma, bilirəm ki, mətbuatda İNTİHAR barəsində bircə kəlmə də getməyib. Bunu təsadüfən bir tanışımdan eşitdim.

Əslində, bu oxucum üçün də, təzə xəbər deyil. Çünki, intihar etmək bizim orduda adi hala çevrilib. Əsgərlərimizin psixoloji durumu o səviyyəyə gəlib çatıb ki, artıq, əlinə atəş fürsəti düşən əsgər, ya digər əsgər və zabitləri öldürməyə çalışır, ya da ki, özünü. Buna deyərlər, SÜMÜYÜN ƏT YEMƏSİ!

Bu gün, “Qərbə inteqrasiya edən”, “NATO-ya qoşulan” və “Beynəlxalq arenada söz sahibi olan” dövlət, eyni zamanda, müharibəli olduğunu unudur. Vətəndaşlarını hər an baş verəcək savaşa hazırlamaq əvəzinə, onlarda bezgin əhval ruhiyyə kökləməkdə maraqlı görünür. Çünki, görünənlər buna işarə edir.

Pessimist əhval-ruhiyyə yalnız orduda deyil, bütün cəmiyyətdədir. Gələcək əsgər ilk olaraq təhsil sistemində gözümçıxdıya salınır, “rüşvətsiz-adamsız iş aşmaz, aşsa da, rahat aşmaz!” şüarı bir psixoloji kod kimi hopur gənclərin beyinlərinə. Və təbii ki, insanlara sosial zümrəsinə görə fərq qoyulduqca, onların özündə də, bu cür fərqli əhval ruhiyyə yaranır. Nəticədə isə, MƏNƏVİYYAT SINIR! Birini yüksəldib, digərini alçaldan “bazar” qanunları İNTİHARÇI VƏTƏNDAŞLAR YETİŞDİRİR!

“Əsgər” anlayışı dünyanın istənilən ölkəsində, istənilən millətində İGİDLİK VƏ MÜBARİZLİK RƏMZİ hesab edilir – AZƏRBAYCANDAN BAŞQA! Niyə? Bu sualın cavabı yuxarıda verilib. Həm də, qoy, oxucular gözlərini yumsunlar və görməyə alışdıqları Azərbaycan əsgərini bir anlıq təsəvvürə gətirsinlər. Əminəm ki, obyektiv və məlumatlı olan bircə oxucum belə, bu “Mübarizlik Rəmzi”ndən fərəh duya bilməyəcək. Əksinə, ürək ağrısı ilə dərindən köks ötürəcək və… bir kimsəsiz küçə uşağına aid edirmiş kimi, xəyalında “yazıq!” deyə acıyacaq.

Amma, belə “statistik” əsgərlər bizim orduda minlərlə və hətta, on minlərlədir. Deməli, Azərbaycan Milli Ordusu… Mən başqa nə deyə bilərəm ki, sadəcə, içdən ah çəkərəm və “YAZIQLAR OLSUN!” deyib, yenə xəyallarıma qayıdaram. Xəyallarım daha maraqlıdır mənim üçün. Çünki, xəyallarımdakı Azərbaycan ordusunda bircə nəfər belə YAZIQ VƏ İNTİHARÇI ƏSGƏR yoxdur!

Mən Azərbaycan əsgərini gözdən salmaq üçün belə “içdənlik” etmirəm. Əksinə, ona görə “yazıq-yazıq” deyirəm ki, BƏLKƏ, başbilənlərin ürəyi yumşalar, əsgərlərimizə həqiqətən yazığı gələr… və QARAGÜN ORDUMUZUN DƏRDİNƏ ÇARƏ QILAR! Mütləq, təcili bir tədbir görülməlidir! Əgər, bu hakimiyyət, bu ölkəni daha çox idarə etmək fikrindədirsə, deməli, “dedovşina” və “varlı-kasıb” prinsipləri ordudan yığışdırılmalı və orduda ruh yüksəkliyini qaldıracaq islahatlar aparılmalıdır. “Ruh yüksəkliyini qaldırmaq” deyəndə, “şou-proqram” nəzərdə tutmuram. Əsgərə əsgər kimi diqqət və qayğı göstərilməlidir. O, qayğısız keşik çəksə,vətəndaş da rahat olar, dövlət də! AXI, MILLI İNTIHAR ORDUSUNUN QORUDUĞU DÖVLƏT NƏYƏ LAZIM?
(26.02.2010 tarixində tia.az-da yayımlanıb)

http://tia.az/index.php?name=News&op=Article&sid=1753

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma