Bir də olmayacaq!

Bir də olmayacaq! Daha narahat olmayın. Sizi bezdirməyəcəm.Daha qulaqlarınız mənim şüarlarımı, üsyan-etirazımı heç eşitməz olacaq. Sükutumla darıxdıracam sizi…

… Elə sizin xətrinizə, hər şeyə göz yumacam. Ətalətin ədalət evində hökm etməsinə dözəcəm. Xəyanətin məhəbbətə ləkə gətirməsinə səbr edəcəm. Ədalət də gözümdən düşəcək, məhəbbət də. Daha sədaqətimi kötək gözətləyəcək. Vicdanımı basdıracam… Amma, hara bilmirəm. Eybi yox, bir yer taparam. Təki, siz deyən olsun!

Daha Vətən sevgisindən qəti danışmayacam. Qarabağı bir qara xatirə tək, ildə-ilə yada salmaq bəs edər. Tez-tez xatırladıb da, sizi dəng etməyəcəm. Tanrının adını da dildən uzaq tutacam, ehkamlarını da – sizi qıcıq edəcək nəsə deməyim deyə. Çalışaram, fikirlərimi də islah edərəm – məhz, sizlərdən biri ola bilim deyə!

Bütün müqəddəslərimi ciblərimə yığacam. Ayələri kitabda yox, rəqəmli əskinaslarda axtaracağam daha! Həqiqəti bildiyimlə-düşündüyümlə deyil, oxuduğum-eşitdiyimlə müəyyən edəcəm. “Milli sevgi” deyilən pis vərdişi tərkidəcəm – sizin aranızda ruhi xəstəyə bənzəməym deyə.

“Oxuduğum” söylədim… Oxutdurulanı oxuyacağam. Özüm oxuduqlarımı zərərli xatirə tək, yadımdan çıxaracam.

Elə sizin xətrinizə, sizi yox, özümü düşünəcəm. Milli qeyrətimi milli sərvətlərimlə birlikdə ixrac olmuş sayacam. Gedən dəyərlərlə yox, gələn dəyərlər ilə yaşayacam. “Milli-mənəvi əxlaq” ifadəsi düşəcək mənim “qara lüğət”imə – adətən, zəhləm gedən söyüşləri saldığım siyahıya.

Vətənpərvərliyi də dəbdən düşmüş sayacam. Sizin kimi “nəyə lazımdır!?” deyib, məsxərəylə “hətəmpərvərlik” kimi yad edəcəm – əgər, hərdən Vətəni xatırlasam.

“Müasir gənc vətənpərvər olmaz!” şüarını şer dəftərimin cildinə həkk edəcəm. Ara-bir ilham gələndə, çaşıb dəbdən düşmüş dəbə uyğun nəsə yazmayım…

…Bir də olmayacaq! İndiyədək, nəsə oldusa belə, çoxsaylı qandaşlarımın istəyini mən nəzərə alacam. Və bir də su alacam – ağzıma. Kürün-Arazın zəhərlənmiş suyundan, “Xəzər” adlı kanalizasiya gölünün suyuna qədər, mənim qanımı pozacaq nəsə varsa içəcəm. Ağzımı büzsəm belə, mədəniyyət xətrinə yaylıqla gizlədəcəm turşumuş sifətimi.

Amma, gözlər qarısında güləcəm dayanmadan. Öz gözlərimdə isə, asılıb qalacaq qanına qəltan olmuş milli heysiyyətim, canıma düşmən olmuş azad şəxsiyyətim!

“Çingizlə gəldi, Mübarizlə getdi”  deyib, vətənpərvər gənc obrazını ölmüş biləcəm. Əgər, bu obrazdan nəsə qaldısa, o da Budapeştdədir – həbsxana uniformasında, dəmir barmaqlıqlar arxasında gəzişməkdə. Ramil ilə birlikdə, həbsə məhkum edəcəm intiqam hisslərimi!

Xalqımın hüquqlarını tapdalayan xalqlara, kimliyimi təhqir edən kəslərə “qardaş” deyən qandaşa nankor tək baxmayacam.  O, ağzına gələni danışacaq… Mən isə, hey susacam. Axı, onun insan hüquqları var! Mənim milli hüquqlarımdan indi kimə nə!? “Milli” olan yerdə millət olmalı. O zaman, bu hüquqlardan millətin özünə nə!?

Təhsil ocaqlarına rüşvət ocağı açmağa gedəcəm. Bu zaman da, fürsəti fövtə verməyib, eşq macəraları ilə bəzəyəcəm öz gənclik illərimi. Kişiliyi daha çox fahişə ilə yatmaqda ölçənlərin gözündə, daha yaxşı oğlan kimi görünməyə çalışacam. Əgər, özümdə olmasa, uzaqdan baxıb həsəd aparacam – nə yolla fərqi yoxdur, altına bahalı “inomarka”, yanına isə sarıbaş bir “metiska” salıb gəzənlərə. Bu arada, bir özümü də süzüb, özümə də nifrət edəcəm belə.

Atamı da qınayacam nəyi var! Vaxtı ilə ağıllı tərpənmədi, axına qoşulmadı deyə, onu fərsiz kişi hesab edəcəm. Gözümdən düşəcək halal süfrəsi. Milli ruhda aldığım tərbiyənin gərəksiz olduğunu anlayacam nəhayət!

Mən sizin aranızda, indiyədək düzgün hesab etdiyim hər şeyi unudacam. Bütün prinsiplərimi, bu günə qədər məni yaşadan və mübariz edən   düşüncələri… Daha sizin yanınızda, haqqa yönəlik heç nə deməyəcəm. Yalnız, sizi dinləyəcəm. Çoxluğun sözünə hörmət edərək, “başını aşağı sal, yaşa!” tövsiyəsiylə, mən də başışağı yaşayacam.

Baxmayaraq ki, bu vaxtadək hey əsəbləşirdim və belə məsləhətlərə ədəbsizcə bu cür cavab verirdim: “Məgər, mən qoyunam, başıaşağı gəzim-dolaşım!?”

Amma, daha, elə səhvlər etmərəm. Mən də çoxluğa qarışıb…. Sizdən biri olacam! Axı, mən sizi çox sevirəm, mənim… Əziz, həmvətənlərim!

Rüfət Əhmədzadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma