Borçalınamə

Rüfət Əhmədzadə

Borçalınamə

(səfər təəssüratları)

İyulun 24-ü, səhər Bakıdan yola düşdük. İstiqamət başqa dövlətə idi. Gürcüstan Respublikasına. Amma, ömrümdə ilk dəfə idi ki, başqa dövlətə tamam başqa və təzadlı duyğularla gedirdim. Çünki, bu başqa dövlətdə, mənim ölkəmin bir hissəsi var idi.

Nə qədər pafoslu səslənsə də, deməliyəm:

Vətənimin bir guşəsindən o biri guşəsinə getmək üçün, sərhədd məntəqələrindən keçəcəyimi düşünmək, mənə əzab verirdi.

Və yol boyu, həm də Güney Azərbaycanı düşünürdüm. İllərdir ki arzusunda olduğum baba yurdum Ərdəbilə girməyimi də xəyal edirdim bu arada. Bir anlıq, içimdəki həyəcanı  fərq edərək düşündüm: “Borçalıya gedərkən beləyəmsə, Ərdəbil yolunda ürəyim partlardı, çox ehtimal!”

Çox əcaib və yeni hisslər keçirirdim. Sanki, öz Vətənimdə qəriblik yaşamamışam heç. Əlbəttə! Quzey mənə o qədər doğmalaşıb ki…

…Sərhəddə qədər maraqlı yolçuluq keçdik. Avtobusda olan 40-dan çox jurnalist və idmançının hər birində həm həyəcan,  həm də tarixi əhəmiyyət daşıyan bir tədbirin iştirakçısı olmaqdan doğulan sevinc və ümidləri var idi. Bu insanların arasında bir biganə-mütirf axtarmağa ehtiyac yox idi. Yolboyu gedən diskussiyalarda da hiss olunurdu ki, məsələni anlayanlar cəmləşmişdir bir yerə.

“Qırmızı Körpü” yə yaxınlaşarkən isə, yol yorğunluğuna, hədəfə yaxınlaşma sevinci qarışdı. Hamının gözlərindən işıq saçırdı. Amma, çox səbrsz olmuşduq yaman. Sanki, o biri tayda bizi acil nə isə gözləyirdi. Biz isə, tez gedib özümüzü çatdırmalı idiq. O qədər inam və məsuliyyətə bürünmüşdük ki, elə bil, bu səfərlə, tarixi bir problemi həll edəcəkdik. Buna haqqımız da var idi. Və belə bir tədbirdə iştirak edən və edəcək hər kəsin buna mənəvi haqqı və hətta, borcu çatır. Çünki, böyük məsafələrin qət edilməsi kiçik addımlardan başlayır.

Mən isə, özümü lap milli qəhrəman kimi hiss edirdim (oxucumun təbəssümünü düşünüb, bu arada, mən də gülümsünürəm). Fərəh və həyəcan duyğuları damarlarımda qan qaynadırdı.

Sərhədd məntəqəsini keçərkən, sevincimə bir məyusluq da qatıldı. Öz dövlətimdə görmədiyim nizam-intizam, səliqə və ümumiyyətlə, sərhədd mədəniyyətini cəmi bir neçə metr o tərəfdə gördüm. Artıq, şişman, hər adama şübhə ilə baxan və qorxunc simalı polislər də gözə dəymirdi. Bu dövlətdə, yəni Gürcüstanda, bəstəboy və “balkonsuz” arıq adamlar dururmuş qanunun keşiyində.

Ukraynada olarkən də,  belə hisslər keçirmişdim. Lakin, bütün bu dəyişikliklər, düz qulağımızın dibində baş verirdi. Ona görə də, təəccüblənirdim eşitdiyim bütün müsbət yeniliklərə . Amma, dövlət çox kasıb şəraitdə inkişaf edirdi. Demokratik islahatları saymasaq, inkişaf da o qədər hiss olunmur. Bu arada, düşündüm. “Görəsən, bu respublika da ildən ən azı 12 milyon ton neft ixrac etsəydi, inkişaf səviyyəsi necə olardı?” Suala cavab tapa bilmədim. Çünki, heç də yaxı tanımadığım bir millətin idarə etdiyi dövlətdə idim.

Qarşımıza çıxan gürcülərin bizə qarşı münasibəti heç də pis deyildi. “Bizə” deyəndə ki, qonaqlara. Amma, yerli həmvətənlərimizlə söhbət edərkən, gürcülərin çoxunda şovinist genlərin olduğunu öyrəndim. Deyilənə görə, əksər hallarda, etnik ayrı-seçkilik halları da olur. Lakin, bu çox mədəni şəkildə baş verir. Yəni, ermənilər kimi, hayasızlıqla, səs-küy qoparmaqla yox, tədrici şəkildə çətin şəraitə salmaqla soydaşlarımızın öz el-obasından küsməsinə və doğma yurdunu boşaltmasına nail olurlar.

Amma, bütün günahları gürcülərin də üzərinə yıxmaq olmaz. Bir etnik vahiddə ki, milli birlik ideyaları, gələcəyə aid qalmaq-yaşamaq-yaratmaq həvəsi və maariflənmə səviyyəsi zəyif oldu… Deməli, elə, belə olmalıdır.

Soydaşlarımızın arasında savadsızlıq və məktəbsizlik halları üstünlük təşkil edir. Sosial problemlər isə, təhsil,birləşmə və hər hansı ictimai-siyasi fəallıq barədə düşünməyə nə zaman qoyur, nə də enerji. Oxumaq və ya işləmək üçün Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələrə gedənlərdə isə, demək olar ki, qayıdıb burda daimi yaşamaq arzusu yoxdur. Çünki, Borçalıda perspektiv də hiss olunmur. Sənayenin inkişafı yox dərəcəsindədir.

Bakıda oxuyub doğma kəndində müəllim kimi çalışan tək-tük gənclərə rastlasam da, onlar da maaş azlığından şikayət edirdilər. Əsas dolanışıq isə, həyət-bacadan, yəni, ailə təsərrüfatından çıxır.

Gürcü dilini mükəmməl bilən soydaşlarımız da azlıq təşkil edir ki, dövlət işlərində yer alsınlar. Lakin, dövlət dilini bildiyi və imtahanlardan keçdiyi halda, “yerimiz yoxdur” cavabı ilə qarşılaşan soydaşlarımız da var. Məsələnin əsl mahiyyəti mənə məlum olmasa da, bu cür ürək ağrıdıcı məqamlar ərazinin boşaldılmasına xidmət edir, şübhəsiz!

Gürcüstan dövlətinin kasıb olmasını və bölgələrə yetərincə diqqət yetirə bilməməsini də nəzərə alsaq, “dilemmavari” bir vəziyyət müşahidə olunur.

“Elat Mədəniyyət Günü” tədbirinin keçirildiyi Dmanisi (Başkeçid) rayonunda, kəndlərimizin boşalması halları çox müşahidə olunur. Əsas səbəblər isə, təbii ki, yuxarıda qyed etdiyim kimi, işsizlik və məktəbsizlik problemləridir. Xüsusən də, 2 gecə keçirdiyimiz Şindilər kəndində 250 nəfər səkindən yalnız 80 nəfər qalıb ki, onların da çoxu, əsasən yaşlı nəsildən və azyaşlı körpələrdən ibarətdir. Cavanlar demək olar ki, gözə dəymir.

On il bundan əvvəl 11 illik olan kənd məktəbi isə, cəmi 4 illik təhsil verə bilir. Və cəmi bir yaşlı müəllimə  var kənddə. Şagirdlərin qız vaxtı qonşu kəndlərdəki məktəblərə getməsi isə çox çətin olur. Təbiəti nəzərə alanda isə….

Məktəbin ətrafında və idman zalında isə eşşəklərə və qoyunlara rast gəlmək olar. Yol yoldaşım olan “Həftəiçi”nin əməkdaşı Əli də çox “gözəl” kadrlar qeydə aldı. Üstündə yazısı belə olmayan məktəb binasından uzunqulaq boylanırdı biz tərəfə…

…İyulun 25-ində, Armudlu gölü yaxınlığında möhtəşəm tədbir düzənləndi. Həqiqətən də möhtəşəm idi. Əhalinin ruh yüksəkliyi və iştirakda fəallığı çox xoşuma gəldi. Sakinlərin bizə xilaskar kimi baxaraq səmimi söhbətlər etməsi və dərdləşməsi isə, çox qəribə hisslər oyadırdı. Hətta, bəzi xahişlər də olurdu ki, düşünürdüm: “Mən jurnalist kimi nə edə bilərəm ki?” Əlimizdən sadəcə dinləmək və toxtaqlıq vermək gəlirdi.

Şikayətlənlər arasında, ədiblər də var idi. Kitab nəşri, oxunması problemə dönüb. Xüsusən də, gənc yazarların yetişməsi zəyifləyib. Yazanlar da oxucu üzünə həsrətdirlər. Bu barədə, Mədət Coşqunla və Osman Dərvişlə də dərdləşdik. Şəxsən təklif etdim ki, Borçalı ilə bağlı bədii bloq yaradım və onların göndərdiyi ədəbiyyatı yerləşdirim. Təklifim onlar üçün çox sevindirici oldu.

Tədbir maraqlı keçdi. Lakin, bu işin təşkilində də bəzi həmvətənlərimizin laqeyd və qısqanc münasibətlərinin şahidi olduq. Tədbirdən əvvəl təxirəsalma ilə bağlı şaiyələr və bəzi ziyalıların iştirakına qarşı əngəl və təzyiqlər barədə eşidəndə, çox pis oldum. Heç, Gürcüstan dövlətinin rəsmiləri də yüksək səviyyədə iştirak etməyə maraq göstərməmişdilər. Azərbaycan dövlətindən isə, yalnız bir səfirlik əməkdaşı…

…Qazaxıstanda bizneslə məşğul Dmanisi sakinlərindən biri ilə həmsöhbət oldum. İmkanı ilə öyünsə də, öz yurduna sərmayə qoymaqda maraqlı deyildi. Səbəbini isə belə izah edirdi ki, bu dövlətə etibar yoxdur, yəni, dövlət çevrilişi olacağı təqdirdə, hər şeylərini itirə bilərlər. Baxmayaraq ki, bir vaxtlar “oğrular ölkəsi” kimi tanınan Gürcüstan indi Qafqazın ən demokratik dövləti hesab edilə bilər. Çünki, korrupsiyanın qabağı kəsilib… Amma, yenə də, bizimkilər qorxur.

Həmsöhbətimdən maraqlı bir xəbər də eşitdim. Dediyinə, bu rayondakı gürcülərin çoxu ermənidən dönmə imiş. Və onları “15 rublluq gürcü” adlandırırlarmış. “15 rublluq” deyimi isə, ona görədir ki, vaxtilə, bu məbləğdə pul verib pasportlarında dəyişiklik ediblər.

Tədbir günü, rəsmi hissədən sonra, göz yaxınlığında ziyafət oldu. Hamının başı yeyib-içməyə qarışmışdı ki… On altı yaşlı idmançı yoldaşımızın göldə batdığını eşitdik. Və hamı masanı tərk edib gölə doğru qaçdı. Sambo üzrə Avropa 3-cüsü Mikayıl Orucov gölün o tərəfinə üzmək istərkən, sudurqası tutmuş və …. Hamı şok içindəydi!

Bu qədər rəngarəng duyğularımıza, bir qara matəm rəngi də əlavə olunmalıydı sanki! Allah rəhmət eləsin!…

…Növbəti gün, pərişan bir əhval ilə, Bakıya yola düşdük. Qayıdarkən, Koroğlu qalasının yanından keçirdik. Gedənbaşda qaranlıq olduğu üçün, bu abidəni seyr edə bilməmişdik. Koroğlunun istirahət məkanlarından biri imiş. İndi isə, qalamızın yanında, iki özü boyda bir xaç işarəsi ucalırdı…

Vətənimə dönmədim, evimə qayıtdım. Ölkəmdə olmağın sevinciylə yox, dövlətimin kədərli varlığı ilə… Acı həqiqətlə üz-üzə qaldım!

Advertisements

Borçalınamə” üçün 6 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma