Əsas səhifə » Esselər(içsəslər) » Kimdir ən badbəxt adam?

Kimdir ən badbəxt adam?

Kimdir ən bədbəxt adam?

(gündəmə uyğun esse)

Cəmiyyət inkişaf etməlidir. Yox, inkişaf etdirilməlidir. Kimlərsə tərəfindən. Bəs bu “kimlərsə” kimdir? Əlbəttə ki, insanlar. O insanlar ki, sağlam düşünə bilirlər. Yəni, ruhi problemləri yoxdur. Özgələrindən əvvəl, özləri arasında. Çünki, insan cəmiyyəti özündən hiss etməyə, özündən dərk etməyə başlayır. Bir nöqtədən doğulub, səpələnən işıq tək!

Cəmiyyətin üzündə, gözündə olanlar var. Cəmiyyəti xoşbəxt etmək iddiası ilə. Çünki, tarix boyu, “bədbəxt” sayılanlar “xoşbəxt”lərdən çox olub. Amma, nədənsə, cəmiyyəti özünü xoşbəxt sayanlar yox, hey bədbəxtlik dadanlar xilas etməyə çalışıb. Elə, bədbəxt olduqları üçün də…

… Bu “bədbəxt-xoşbəxt” söhbəti, son zamanlar, bizim gündəmimizi də işğal etməyə başlayıb. Beynəlxalq təşkilatlar tərəfindən 64 %-i bədbəxt kimi dəyərləndirilən bu cəmiyyətin diqqəti yönəlib bir nöqtəyə – “Görəsən, ən bədbəxt adam kimdir?” deyə. Ürəkağrıdıcı hal da ondadır ki, bu nöqtədə və ya diqqət mərkəzində olan kəslərin hər birini (ad çəkməyəcəm) xalq arasında özünə-sözünə görə dəyərləndirən və sevən kəslər var.

Və bu “mərkəzdəki”lər, heç də seçilməyib-tanınmayan adamlar deyil. Deməli, cəmiyyətdə ictimai rəy yaranmasına təsir göstərə biləcək mühüm söz sahibi olan insanlardır. Amma, hər biri öz çəkisinə görə, müəyyən qədər. Əgər, bu “müəyyən qədər”lər müxtəlif istiqamətdə haçalanırsa və hərə öz xəyali çəkicini bir xəyali küncə vurursa, deməli, bu cəmiyyətdə də heç vaxt bütöv və sağlam ictimai fikir yaranmayacaq!

Belə bir vəziyyətdə isə, təbii ki, mən də fikirlərin və baxışların haçalanmasına seyrçi qala bilmirəm. Çünki, özümə güvənirəm, özümçün nə istədiyimi və hal-hazırda nəyə qadir olduğumu bilirəm. Deməli, cəmiyyəti də hiss edəcək, dərk edəcək və nəyisə dəyişməyə cəhd edəcək gücdəyəm. Ən azından cəhd etməyi ki, bacararam! Yalnız bir istəklə ki, kimlərdəsə hansısa məsələ barəsində sağlam təsəvvürün yaranmasında mənim də xidmətim olsun. Və yalnız, düzgün təsəvvürün!

Düzgün təsəvvürün yaranması üçünsə, bu ortaya atılmış “bədbəxt adam” deyimini incələməyə çalışacam. Və bu arada, xahiş edirəm, yuxarıdakı “özümə güvənirəm” ifadəsinə bir də diqqət yetirin. Çünki, bütün problemlər elə insanlarda özünəgüvən qıtlığı üzündən baş verir. Və beləcə, bəzi şəxslərdə “bədbəxt adam” kompleksi yaranır.

Bu arada, özünəgüvən qıtlığının psixoloji əlamətlərini “aşağılıq kompleksi” altında araşdıran Don Hamaçekin fikirlərini çox uyğun və diqqətəlayiq görürəm. Belə ki, mahiyyətcə heç bir fərq görmədiyim üçün, Hamaçekin “aşağı adam” obrazına bəzi subyektiv əlavələr etməklə, “bədbəxt adam” kimliyini çözməyə çalışacam.

Psixoloq olmadığıma görə, ola bilər ki, hansısa məqamı buraxım və ya səhv edim. Hər halda, bu mənim tam subyektiv bir yanaşmam olacaq.

Kimdir bu “bədbəxt adam”? O adam ki, özünəgüvənmə səviyyəsi çox aşağıdır. Lakin, bu onda bir kompleks və ya qorxu yaradır. Özündə bir “bədbəxt”lik hiss edərək, ətrafdakıların da bunu duymasından, bilməsindən və düşünməsindən qorxur. Elə ona görə də, qorxunun üstünə hücum çəkir. Və daim çalışır ki, diqqət mərkəzində olsun.

Bədbəxtlər ətrafdakılar tərəfindən nə qədər “özündənrazı” adlandırılsalar da, özlərinə hədsiz nifrət bəslərlər. Çünki, özlərini ətrafdakılardan çox zəif və bacarıqsız hiss edərlər. Amma, elə “özündənrazı” kimi də görünməyi və çağırılmağı sevərlər. Axı, bu onlar üçün çox böyük bir titul kimi görürünür! “Eqoist” sözünə söyüş kimi reaksiya versələr də, qəlblərində həmin kəslərə qarşı, dərin minnətdarlıq duyarlar. Axı, həqiqətən də eqoizm çox yaxşı keyfiyyətdir – bunu, yaxşı duyğular keçirənlər bilər.

“Özündənrazı” həyat tərzi ilə özlərinə təsəlli verən və beləcə altkimliyini gizlətməyə nail olan “bədbəxt adam”lar daim diqqətdə olmağa çalışarlar. Lakin, “diqqətdə olmaq” faktorunun tələbləri ilə onların mənəvi tələbləri arasında bir tərs mütənasiblik hökm sürər. Axı diqqətdə olan adam təriflə yanaşı tənqid də edilə bilər, gördüyü işlər təhlil obyektinə də çevrilər… Əslinə qalsa, “bədbəxt adam” heç tərifi də sevməz. Amma, çevrəsinə bir “tərifolunma vacibliyi” nümayiş etdirər. İçində bir mənəvi savaş aparan və özünütənqidlərlə çarpışan bu yazıqlar, kənardan bir tənqid-təhlil gördükləri anda, bir “partlayış reaksiyası” göstərərlər.

Bu isə, ağzına qədər dolmuş bir stəkana əlavə su tökülməsinə bənzəyər. Təbii ki, “daşqın” da olmalıdır! Bu, həm onların özlərindən asılı olmayan bir psixoloji qanunauyğunluq, həm də onların mənəvi tələbatının ödənilməsi olur. Çünki, beləcə, “özündənrazı” obrazını canlandırmaq üçün bir fürsət yaranar… Əsl bədbəxt adamlar, heç bir şəxsilik daşımayan hər xırda tənqidin arxasında, bir “şəxsi qərəz” axtarıb tapmağa çalışar və bunu da hey gözə soxarlar. Çünki, onların şəxsi özünüdərkində qüsurlar hökm sürür.

Elə, özlərində xeyli qüsur gödükləri üçün də, özgələrində qüsur axtararlar. Və əllərinə bir xırda əsas keçən kimi, onu hədsiz böyütməyə (“qarışqa-fil” məsələsi), mühüm bir mövzuya çevirib diqqətləri özündə cəmləşdirməyə və başqa bir nöqtəyə yönləndirməyə çalışarlar. Beləcə, özlərində ani təsəlli duyar və içsəslərini bir anlığa susdurmuş olarlar.

Onlar heç vaxt olmadıqları bir “Eqo”nun rol icraçısına çevrilər… Bu isə, bədbəxt adamlar üçün, bir xoşbəxtlik sayılır – kənddə inək sağan və nimdaşda gəzib-dolaşan bir qızcığazın, birdən-birə, hansısa filmdə zəngin xanım roluna dəvət alması kimi!

Məhz, şikəst şəxsiyyətə sahib olanların da səciyyəvi cəhətidir ki, başqaların şəxsiyyətinə hücum çəkər, peşəyə dəxli olmayan təhqirlər yağdırarlar. Ortaya, qarşı tərəfin əxlaqi, mənəvi keyfiyyətlərini, keçmişlərini və ailə məsələlərini qatar və cəmiyyətdə gözdən salmağa çalışarlar. Bu cür mövzulara toxunan kəslər isə, şəxsən mənim fikrimcə, eyni problemləri yaşayan və bundan mənəvi əzab çəkənlərdir.

Peşəkarlıqdan uzaq olan biri, daim, başqalarını “qeyri-peşəkar” kimi qələmə verər. Belələri, öz “bədbəxt” statuslarını sağdakına-soldakına yapışdırmağa cəhd edər. Və çalışarlar ki, özlərini cəmiyyətin gözündə, elə cəmiyyətin özü qədər böyüdərək, mühakimə edəcək gücdə və qabiliyyətdə göstərsinlər. Axı, bu üsulla, “bədbəxt adam” çevrilib “fövqəlinsan” ola bilər! Yəni ki, “hamıdan fərqlənən”.

Fərqli görünmək isə, bu tip xəstələrin bir iç ehtiyacıdır. Çünki, onların içindəki bədbəxtin bir arzusu var – fərqlənmək! Ehtiyac olan yerdə isə, deməli, qalmaqal, ittiham, hücum etmək, “hücuma və işgəncəyə məruz qalmaq” halları da olmalıdır.

“Bədbəxt adam”lar, başqalarına mənəvi və fiziki işgəncə vermək və hisslərlə oynamaqla, öz acılarını unutmuş olarlar. Hər şeydə ifrata vararlar. Çünki, onların özlərin özlərinə verdikləri işgəncənin üstünə gələn tənqidlərin özüdə bir ifrat yaratmış olar. “Stəkan” məsələsini yenə də yada salaq.

Özünü dünyanın ən bədbəxt insanı kimi hiss edənlər, özlərindən də bədbəxtini axtarmaq ümidi ilə, hamını təhlil edər, ədavətə qalxar… Amma, debatdan, diskussiya və adil rəqabətdən qorxar, qaçar və gizlənərlər. Adlarının, nə başqa adlarla yanaşı çəkilməsini, nə də kimlərləsə bir sırada görünməyi istəməzlər. Çünki, özlərini “tərəziyə qoyulmuş” kimi hiss edərlər. Bu isə, bədbəxtliyin ən maksimal həddidir.

Göründüyü kimi, əziz oxucular! Belə çıxır ki, bizim cəmiyyətdə bu qədər qüsurların və geriliyin olmasına səbəb də, “bədbəxt adam”ların daim diqqət mərkəzində olmasıdır. İndi, nə edək? Bədbəxtləri qovaqmı mərkəzdən? Məncə, yox! Heç, mümkün də deyil bu.

Sadəcə, hər birimiz, özünəgüvən hissi ilə Xoşbəxt Adam olmağa çalışaq. Öz işimiz və öz həyatımızla! Bədbəxtlərə isə, diqqət yönəltməyək. Qoy, onlar da, tədricən, diqqət mərkəzindən kənar qaldıqlarını anlasınlar və bir kənara çəkilərək özlərini yetişdirməyə və doğrultmağa çalışsınlar.

Nəticədə isə, bütün cəmiyyətimiz xoşbəxt olsun! Bu da, mənim Ramazan ayındakı ən böyük arzum, duam!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma