Ehtiraslı fəlsəfə

Rüfət Əhmədzadə

Ehtiraslı fəlsəfə

(poetik esse)


Əllərim ağ baldırlarına daldı. Əllərim ağ baldırlarında qaldı. Ordan o tərəfə keçə bilmədim. Nə yuxarı, nə irəli… Ürəyim həyəcandan, əllərimsə, ehtiyyatdan titrədi. Sanki, hiss etdim birdən, lap yaxında əcəli!

Sən mənim olmalıydın. Çünki, mən də, özümü sənə tam bağışladım. Mən səninlə yaşadım… Yox, mən səni yaşadım! Yaxşı, ya pis, elə bacardığım tək. Səni duydum, hey düşündüm… Ağlım yetənədək. Xəyallara qapılanda da unutmadım səni, gözlərimi açanda da… Xəyaldakı dünyama yad olan bu dünyanın yanlış həqiqətiylə baş-başa qalanda da!

Mən ancaq səni sevdim! Yalnız səni istədim. Axı, səni Tanrı bəxş edib mənə! Hətta, məni bezdirdiyində belə, yenə səndən dönmədim. Mən sədaqətli oldum. Görən, sən bacardınmı mən bacardıqlarımı!?

İndi, mənimsən ancaq. Sevişməliyəm sənlə. Bax, elə buradaca, bu sevgi meydanında! Gecənin zülmətində. Xəstə, xəbis, məkrli ruhlar cəmiyyətində… Çox istərəm! Cəsarətlə, məhəbbətlə… Nəfəsini duymaq, vüsalına çatmaq, bir gecəlik də olsa, sənin dadını almaq – iyirmi dörd il dadammadığımı! Amma, nədənsə, əsirəm yenə. Özüm öz qismətimdən, bəlkə, kəsirəm yenə!? Yoxsa ki, kənardan baxışlar kəsir… Yad nəzərlər əzir mənim eşqimi!?

Ehtirasmı həddən artıq çox oldu? Yoxsa, sevgim başıma vurdu mənim… Seyrçilik adətiylə, hücümçuluq yox oldu!?

Qətiyyət, qətiyyət! Bəlkə, olardı, amma… Sən də tabe olmursan. Sinən mənə yapışsa da, əllərinlə qovursan…. Dizlərinlə vurursan! Niyə məni zalımca incidirsən!? Məgər, mənimlə olmaq istəmirsən? Onda, niyə məni tərk eləmirsən? Birdəfəlik, biryolluq, məni ruhsuz, ölü-cansız buraxıb da, getmirsən…

… Uğurumu da səninlə qazandım. Sənin şərəfinə badə qaldırdım. Aldığım zərbələr də sənin üzündən oldu. Hətta, sən vecimə olmayanda da… Axı, niyə imkan verdin sən buna!? Nəyə görə, qoydun məni özgəni düşünməyə, sənlə birlikdə ikən!? Niyə ölüm müjdəsini duydurdun – təngnəfəs olduğum, yaxamı cırdığım, hamını qorxutduğum boğanaq anlarımda!? Bizim sevgimiz belə, aciz oldu asi astmanı məğlub eləməyə…

…Cəsarətlə səndən keçəcək ikən, rəzalətlə sənə geri qayıtdım. Anladım ki, gec də olsa, səndən qeyri heç kimsə mənim deyil… Və mən də heç kimsənin! Necə də olsa belə, barışmalıyam sənin verdiyin hər qəminlə, alışmalıyam üzüntü içində hər dəminə… Gecənin səszizliyində duymalıyam səni, fürsətə dəyər verib qucmalıyam belini… Sabahın bəxtsizliyini gözə almalıyam mən. Sənlə keçən hər an üçün, təbəssümlə şükr etməliyəm mən! Göz yaşları içində gülümsəmək….

…Hər görüşdən sonra, sənə bir duyğusal şeir yazaram. Bir görüşdən növbəti görüşədək, ayrılığın əzabıyla sızlaram. Və getdikcə, anlaram: Mən sevgini heç də parlaq səhərlər üçün deyil, ağ sətirlər qaralamaq naminə daşıyaram!

Sənin uğrunda da savaşammıram. Sənə layiqli aşiq olammıram! Anlayıram, utanıram, usanıram acizliyımdən… Budur! Elə, indi, yenidən… Çəkəcəm eşq badəsini… Durmadan, dibinəcən… Yenə, əsir vücudum. Yenə, heç nə alınmır! Səni, əvvəlki səni itirməyə qorxuram… Yoxsa, sənin içində itməyəmi!? Bəlkə, qorxuram, kimsə alar məndən…. Ya da, səni incidərəm, küsüb gedərsən… Gözlənilmədən, birdən!

Amma ki, bir tərəfdən, heç mənim də deyilsən. Ya sən mənim kirəmdəsən, yaxud da ki, mən sənin… Bu, çox önəmli deyil. Onsuz da, hey özgələrin qismətini sevmək oldu qismətim!

Gəlsənə, bu gecə, səninlə səmimi olum bir az. Rast ki, başladıq səmimi söhbətə… Bilirsən, əslində, elə bu dəqiqə, səndən savayı da bir sevdiyim var. Sənə “sevgilim” deyirəm, ona isə, “həyatım”. Amma, inan, nə sənə, nə də ona xəyanət eləmirəm! Axı, hər ikinizi də sevirəm…

Ya onu sənə qurban verməliyəm, ya da sənə görə, ondan keçməli. Axı, necə edim mən!? Nə edim ki, elə, siz ikiniz də mənimlə qalasınız. İkiniz də mehriban, xoşca dolanasınız… Yəni, bu ola bilər!?

Eh! Daha nə deyim? Bundan artıq nə yazım? Ey, hələ, anam məni doğmamışdan, Tanrımın qara yazdığı həyatım! Səni sevdimsə də, sevişəmmədim!

ƏLLƏRİM AĞ BALDIRLARINDA QALDI!

Artıq, yavaş-yavaş, aralaşırlar. Bir azdan, cırmaqlayacam öz tüklü budlarımı…

…Axı, niyə sən qadına bənzədin!? Ehtiraslı, iztirablı, tərəddüdlü, təkəbbürlü… Xəyanətkar xislətli bir qadına! Sən necə də ələyatmaz imişsən. Ay səni… Qəribə həyat!

Advertisements

Ehtiraslı fəlsəfə” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma