Eviçi romantika

Rüfət Əhmədzadə

Eviçi romantika

(mənsur şeir)

Yaxın gəl, ay utanmaz! Otur dizim üstündə. Qucaqlayım səni yenə, səmimi duyğularla. Gün qaraltmış qollarını aşır mənim boynuma, işıldayan iri-qara gözlərini zillə mənə, yax məni! Cüt zərrə bəyaz parıltı cuşa gətirsin məni… Yaxınlaşdır üzünü, burnunu sürt burnuma, şıltaq-şıltaq gülümsə…  Hətta, bir ehmalca, başınla da vur məni… Axtar alın yazımda, oxu ismini mənə! Hər pıçıltın yeni bir həzz, yeni ilham gətirsin, qoy, ruhuma beləcə!

Öpüşlərinlə yenə, xatırlat boşuna yaşamadığımı. Mənsə, səni qucum, sıxım, kövrək qabırğalarını itirim qucağımda…  “Ah-uf” eləmə, qəti! Sevdiyimdən edirəm, incidirəmsə səni!

Yenə, çil-çılpaq olub, qaçırsan sağa-sola. Yenə, heç nə vecinə deyil sənin – nə insanlar, nə dünya! Sənin öz arzuların, sənin öz qayğıların… Başlayan hər gün üçün, eyni cür planın var… Oynamaq, oynamaq, oynamaq! Bu həyat da sənə oyuncaq gəlir! Hətta, səni sevənlərin sevgisi də bir oyuna bənzəyir… Sən belə hiss edirsən. Sən belə dərk edirsən! Eh, səni şıltaq! Ay səni ərkəsöyün!… Bu həyatda, sən hələ nə görmüsən!?

Tez-tez, səni ümidlərlə, məhəbbətlə seyr edib, gülüşündən, baxışından ruhlanıb, kəsərəm önünü bir quldur kimi. Yenə sarıb qollarıma, qaldıraram ayaqlarını yerdən… Və israrla soruşaram dönə-dönə, “Məni nə qədər istəyirsən?” deyə… Sənsə, məsum təbəssümlə əllərini qaldıraraq “dünya boyda!” deyərsən.

Fərəh dolar qəlbimə, inan ki, o dəqiqə, dünya da olar mənim… Sən mənə dünya qədər əziz olmusan necə!

Arada, yorğun gələrəm evə, nəvazişə həvəssiz, bezgin-üzgün yıxılaram yatağa… Hətta, səni əzizləmək belə, çıxar yadımdan… Yandırdığım, amma, sonuna qədər çəkməyi unutduğum papiros giləsi düşüb əriyər döşəmədə… Mən isə, əsəbimdən yastığa döşəməkdə… Öz qəzəbim öz içimi yandırar… Səssizcə, xəbərsizcə sızlaram çarpayımda! Gizlədərəm səndən, hamıdan … Çəkdiyimi – sənin heç tanımadığın qadından!

Anlamaz o, hiss etməz o… Bəlkə, bilməz, bixəbərdir, necə əzablar çəkdirər mənə o! Bilsə də, yəqin sevinər… Sevdirib özünə, sonra isə, incidər! Sanki, həzz alar bununla zalım.

Amma, sən hiss edirsən. O kövrək ürəyinlə, sən könlümə girirsən… Ruhumun ağrısını, sanki, sən də duyursan! Hərdən elə gəlir mənə, bu dünyada, yeganə yaxınımsan. Nə qədər də, gizlətsəm də, səndən hər bir sirrimi, sən məndən xəbərsiz sirlərimi bilərsən, dərdimi bölüşərsən…

Ehtiyatla qapını aralayıb, kiçik-kiçik addımlarla, mənə yan alarsan sən… Yanımda oturarsan… Tumarlarsan başımı.. Məni ovundurmağa, qəmi unutdurmağa çalışarsan, sevgi dolu, qayğı dolu məsum baxışlarınla… Məni dilə tutarsan, könlümü almağa çalışarsan… Mən isə, axmaq kimi, acılaram nahaqdan, qovaram otağımdan – “oynamağa həvəsim yoxdur” deyə… Heç bilməzsən, sonradan, necə qınayaram özüm-özümü!

Səni çox sevirəm mən – çünki, buna layiqsən! Amma, mən az sevildim – yəqin, layiq olmadım… Tanrıdan bir arzum var –  mənə bənzəməyəsən! Məndən qopan iztirablı ahların birini də, heç zaman çəkməyəsən!

Eh! Bacıoğlu… Vaxt var idi, mən də sənin kimiydim – qayğısız, acısız… Utanmaz, şıltaq uşaq! Sənin kimi çılpaq olub, gəzərdim qızmar günəş altında. Sanardım ki, bütün ömrüm hey günəşli keçəcək…

…Get, oyna, əzizim! Get oyna həyətdə, yoldaşlarınla! Fikir vermə dayına. Qoy, bir azca, tənha qalım, fikrə dalım, keçmişimi xatırlayım.. Sonda isə, yuyum xatirələri, elə, göz yaşlarımla! Ümidvaram, bu dəfə bacararam.

Advertisements

Eviçi romantika” üçün 4 cavab

  1. senin yazilarinin hamisi beledi. evvel ele bilirsen qadina olan mehebbetden yazirsan, sonra tamamile bashqa bir shey oldugunu anlayirsan. Deyirem axi sen sozlerden nece istifade edeceyini chox yaxshi bilirsen. chox beyendim yazdigini. Umimiyyetle senin butun yazdiqlarini beyenirem. Bir tek siyasi yazilar menlik deyil. Hormetlerle…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma