Romantik bloklaşma

Rüfət Əhmədzadə

Çox romantik bir bloklaşma oldu!

Yeni yaranan “Qarabağ” bloku bizləri ağ günə çıxaracaq

(reportaj əvəzi)

Dünən, Masazırda, evimizdə, otağımda, bilgisayarın önündə və nəhayət, “Facebook”da oturub bala-bala tuturdum.Dünyadan xəbər. Birdən, “tia.az”ın rəhbərliyindən təcili olaraq başqa bir xəbər aldım. Daha doğrusu, onlar da bu xəbəri təcili alıblar və “pas” kimi mənə ötürüblər ki, bununla nəyi var məşğul olum.Və mənə yeni yaranan və Azərbaycan siyasətinə əvəzsiz perspektivlər vəd edən möhtəşəm bir blokun yaranması ilə bağlı bir reportaj hazırlamaq tapşırıldı.

Belə ki, iki görkəmli siyasi xadimin rəhbərlik etdiyi “Ümid” və Azərbaycan Demokrat partiyalarının bir araya gəlməsi və blok yaradaraq, gələcəkdə xalqı öz arxasınca (sürüyüb) aparması çox əlamətdar bir hal sayıla bilər. Çünki, “Qarabağ” Bloku bizləri ağ günə çıxaracaq.

Hər halda, əminəm ki, belə bir hakimiyyəti olan dövlətin vətəndaşları ağ bayraqdan əskik olmaz. Hələ bütün bun ağ bayraqlar bir yana qalsın, yeni blokun adı özlüyündə bir perspektiv deməkdir. Çünki, son zamanlar, bizim cəmiyyətimizdəki “Qarabağ”sevərlər, Qarabağsevərlərdən daha çoxdur. Yəqin ki, bu reallığı nəzərə alan müdrik siyasətçilər də, məhz bu amildən yararlanmaq naminə, “Qarabağ” Futbol Klubunun yeni bir dublikatını yaratmağı qərara alıblar. Sadəcə, siyasi blok şəklində.

Getmək istəmirdim. Amma, işlərin mənim istəyimlə həll olunmadığına görə, səsi qapazla çıxan diktofonumu və qeyd dəftərimi götürüb yollandım tapşırığa. Ona görə getmək istəmirdim ki, “Facebook”da tam tuta bilmədiklərim var idi. Beynəlxalq xəbərləri lazımınca mütaliə etməmişdim.

Yol boyu, məni tutmuşdu. Fikirlər, nostalji… İctimai-siyasi həyatda olduğum illər keçirdi gözlərim qabağından. Gözəl illər idi. Amma, nəsə tutmadı o vaxt mənimki. Eybi yox, tutacağa, daha doğrusu olacağa nə deyəsən? Mənimki, mətbuatda tutur. Pul da olmasa, 10-15 oxucu. Ən azından, buna görə şükr etmək olar.

İqbal Ağazadəni ordan-burdan tanısam da, indiyədək heç görüşməmişəm. Və ona görə də, hər hansı bir xatirəyə də malik deyiləm. Amma, Sərdar Cəlaloğlu ilə bir xatirəm var. Təzminən 3 il bundan əvvəl, bir neçə yeni yaranmış milli demokrat yönümlü gənclər təşkilatlarının sədrləri ilə bir araya gəlib koalisiya yaratmağı qərara aldıq. Və həm də düşündük ki, ictimai-siyasi həyata girə bilmək üçün, siyasi liderlərlə də görüşlər keçirək. İlk və son görüşümüz də, məhz Sərdar bəylə oldu. Bir saatlıq görüşdə millətçi olduğumuza görə, dahi siyasətçi tərəfindən o qədər tənqid atəşi və demokratik tövsiyyələrə tutulduq ki, çıxarkən bir-birimizi belə sualla tutduq: “Axı, biz bura niyə gəldik?”

Görüşdən bir neçə gün sonra, ADP-dən xəbər gəldi ki, bəs partiya yeni yaranan və qərargahı olmayan gənclər koalisiyasına dəstək verməyə hazırdır. Amma, məsələnin dərinliyinə varanda bəlli oldu ki, bizə dəstək yox, sadəcə, qərargahda bir otaq verilə bilər, ayda 100 dollar kirəyə. Bu dəyərli təklifdən imtina etdik, çünki, o pulu verməyə imkanımız yox idi. Bir müddət sonra isə, həmin kolaisiya tanınmamış dağıldı. Ona görə də, bu yazımda adını çəkmirəm.

Nə isə…Elə, mənzilbaşına yüz metr qalmışdı ki, tutdu.  Bəxtimin gözəlliyi. Bəxtimə uyğun olaraq, mən də tutdum. Elə yanımdaca, səkidən düşərkən dikdabanı qırılan bir xanımı. Yəni, elə tutdum ki, asfalta yox, mənim qucağıma yıxıldı. Çox demokrat bir xanım olduğundan, mənim tutmağım ona elə də pis təsir eləmədi. Əksinə, xoşhal bir şəkildə öz minnətdarlığını da bildirdi. Amma, dikdabanı çox pis durumda idi və bu durumu yiyəsini də pis duruma salırdı.

Odur ki, mən çox düşünmədən bu xanımı tutmaq qərarına gəldim. Söhbətə ki, bir balaca eyni açılsın. Və beləcə, işimi və tapşırığımı bir kənara atıb, tutmağa davam elədim. Xanımın qolundan ki, yaxınlıqda bir ayaqqabı təmirçisi tapıb xanımın duruşunda balans əmələ gəlsin. Və heç olmasa, bu yazıq da tuta bilsin. Özünü ayaqda ki, mənim əlimdən qurtulub evinə tək çata bilsin. Yoxsa, mən onu evinə qədər tutsaydım, orda başqa şeylərdən də tutmaq lazım gələcəkdi. Pilləkənin sürahilərindən, qapının dəstəyindən, neçə gündür yanmış və dəyişilməyə ehtiyacı olan lampadan… Nə isə, bir-birimizdən tuta-tuta və soraqlaşa-soraqlaşa, nə qədər gəzdik  və axtardıqsa da, bir ayaqqabı təmirçisi tapmadıq.

Və sonda, xanım qərara aldı ki, yeni dikdaban alsın. Tuta-tuta bir dükan tapdıq. Ordakı mallardan heç biri xanımın zövqüncə olmasa da, axır, gözü birini tutdu və çantasını açıb bir neçə şax “onluq” çıxardı. Bu an, mən tutdum. Anladım ki, xanım demokrat olmaqla yanaşı, həm də istənilən kasıb bir vətəndaş üçün ümid və perspektivlər kəsb edən bir simadır. Siyasi olmasa da, həddən çox ictimai.

Elə, bütün məqamları nəzərə alaraq, ağlıma bir fikir gəldi ki, fürsət ikən xanımı tutum. Dilə tutum ki, qəhvədən-çaydan içib tutduğumuz stresi bir azca ataq. Amma, dilə tutmaq lazım deyildi. Xanım özü havada tutdu və dəstəklədi bu fikri. Çox uzatmayım, xudmani bir kafe tapıb qərar tutduq. Mən xanımı tuturdum söhbətə, xanım isə, məni tuturdu baxışlarıyla… Tuta-tuta, bir də gördük ki, artıq durmaq zamanıdır. Hesab gələndə isə, birdən yadıma düşdü ki, mənim pul kisəmi marşrutda çəkiblər. Əlbəttə, mən xanıma desəydim ki, mən son bir ildə özümlə pul kisəsi gəzdirmirəm və cibimdə də çox vaxt 2 manatdan artıq pul olmur, heç cür inanmazdı. Xanım “problem yoxdur” deyib hesabı özü verdi və mənalı təbəssümlə məni süzdü. Deyəsən, tutdu. Həyəcan.

Xanımı evə yola saldım, amma, daha tutmaq lazım gəlmədi mənə. Çünki, mən bəs qədər tutmuşdum. İndi isə, arada-bir, xanım qolumdan tuturdu ki, yeni dostluğun dəlil-isbatı olsun. Evə çatdıqda isə, mən bütün siyasi iradəmi toplayaraq, öz potensialıma tam əmin şəkildəbəyan etdim ki, bu xanımla yeni bir blok yaratmaq əzmindəyəm. Bu bloklaşma təklifim qarşı tərəfdən təbəssümlə qarşılansa da, “bir gün görüşüb müzakirə edırik” cavabı ilə bədənimi vicvicə tutdu. Öz telefonunu mənə verdi ki, nömrəmə  zəng atım. Bu məni bir az rahatlaşdırsa da, hələ də, içimdə kiçik bir siyasi narahatlıq var idi: “Bu münasibət də Qəmbər-Mirəlioğlu müttəfiqliyinə bənzəməsə yaxşıdır. Neçə ay mehriban-mehriban görüş, axırda da, heç nə tutmamış burax.”

Hələ ki son dəfə (əlindən) tutduğum bu xanımdan ayrılıb, bribaşa evə gəldim. Bu tanışlıq təəssüratları və həm də yorğunluq yaman tutmuşdu məni. Düşündüm ki, operativ işləyən saytlardan və ya jurnalist tanışlardan bir xəbər tutaram və mövzunu işləyərəm. Elə də oldu. Axşamüstü öyrəndim ki, artıq, möhtəşəm blokun yaranması gerəkləşib. Və bu blokun qoşa sütünları olan “Ümid” Partiyası və ADP  seçkilərə birlikdə qatılmaq barədə qərar qəbul edib.

Və bu cütlük, hardan və necə bilmirəm, 91 nəfərlik bir namizəd siyahısı da tutublar. İndiyədək nə tutduqlarını dəqiq sadalaya bilmərəm, amma, tutacaqlarının bir çoxunu açıq şəkildə bəyan ediblər: Daha 20 dairə üçün siyahı, qətiyyətli mövqe, yüksək səviyyəli blok, reytinq və… Amma, Sərdar Cəlaloğlu tutub. Üzünü tutub digər partiya sədrlərinə ki, ay balam, bəsdirin tək-tək tuta-tuta gəzdiniz, gəlin birlikdə tutaq.

Nə deyim, xeyirli olsun! Ümidvaram, bu seçkilərdən nəsə tutacaqlar. Amma, inanmıram ki, bu iqtidar tutduğunu buraxa və kiməsə nəsə xeyirli bir şey tutmağa imkan verə. Çünki, onun əlində süpürgə yox, hakimiyyət və güzəştsiz bir mövqedir. Burda biri atır, qalanları isə, tutur.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma