Əsas səhifə » Esselər(içsəslər) » Onun bloqu da var…

Onun bloqu da var…

Rüfət Əhmədzadə

Onun bloqu da var…

(esse)

Nə qədər çox şeydən narazı olsam da, ətraflı təhlil etdikdən sonra, heç də tam əminliklə deyə bilmərəm ki, Azərbaycanda bloqçuluq inkişaf etmir. Çünki, bu gün, Azərbaycanın  internet istifadəçiləri arasında, özünün bloqu və həvəskar saytı olan minlərlə gənc və orta yaşlı nəslin nümayəndəsi var. Sadəcə, kəmiyyət və keyfiyyət baxımından yanaşanda, ortaya bəzi “əmma”lar çıxır. Amma, çox halda, mən “keyfiyyət” yox, məhz “məsuliyyət” və “məşğuliyyət” amillərini də qabardardım.

Həm də, Azərbaycand cəmiyyətində “Yeni media” və ya “ Vətəndaş jurnalistikası” (“citizen journalism”) kimi anlayışların tam kök salmaması və vətəndaşlar arasında bu sahəyə geniş və davamlı həvəsin yaranmamasını, həm ictimai fikir, həm də (daha çox), vətəndaşların beyinlərini məşğul edən sosial-siyasi-iqtisadi problemlərlə izah etmək və başlıca səbəblərdən biri kimi göstərmək olar. Amma, bu problemlərin bəzən bəhanə olaraq da göstərilməsi və gözlərdə aşırı böyüdülməsi də, mənim fikrimcə, daha çox rastlanılan haldır.

Azərbaycan internet  istifadəçiləri əsasən “Azeriblog”, “wordpress”, “blogger.com”, “livejournal” və “wordpress” sistemi əsasında qurulan “blogy.az” platformalarından istifadə edir. Türkiyənin “blogcu.com” platformasından da istifadə edənlər var. Hazırda, cəmiyyətimizdə yüzlərlə insan var ki, “blog coding” və “webdesign” işlərinə kifayət qədər yiyələniblər.

Və tam sərbəst şəkildə sayt və ya bloq yarada və  idarə edə bilərlər. Belə ki, yaradılır da. Lakin, bu bloq və ya saytların uzunömürlü olmaması və bəzilərinin qısa müddətdə tanınmasına baxmayaraq, az sonra öz reytinqini itirməsi də çox zaman  müşahidə olunur.

Dərketmə və araşdırma qabiliyyətimin yetdiyi qədər, problemlərin səbəblərini aşağıdakı kimi sıralaya bilərəm:

– Sahibindən araşdırmaçılıq, yaradıcılıq və davamlı həvəs tələb edən bloqlar, məhz tələbatın yetərincə və mütəmadi olaraq ödənilməməsi üzündən, “passiv bloq” durumuna düşərlər.

– Yaradıcılıq imkanları və həvəsi olsa da belə, davamlı şəkildə internetdən istifadə və vaxt sərfində çətinlik çəkən bloq yazarları, zamanla bu sahədən uzaq qalarlar. Və başları digər məşğuliyyət sahələrinə qarışar.

Bu arada, bir şeyi də qeyd edim ki, vaxtilə bloq saxlayıb indi məşğul olmayan bəzi tanışlarım məhz ailə qurduqdan və məişət problemləri ilə yükləndikdən sonra, bloqlarına da biganə yanaşmaq məcburiyyətində qalıblar.

Nəzərə də alaq ki, həvəskar bir fəaliyyət olan bloq yazarlığı, əsasən, gənclər arasında təşəkkül tapır, maddi tələbata cavab vermir… O zaman, gənclərin 25-30 yaşdan sonra bu fəaliyyətdən uzaqlaşması və ya gec-gec yazması tam başa düşülən olmalıdır. Çünki, bu dövrdə bir gənci artıq onun bloqunu oxuyanlar yox, onun əlinə baxan yaxınları maraqlandırır və narahat edir.

– Baxmayaraq ki, tanınan bloq sahiblərinin çoxu (elə oxucuların da) elə mətbuat nümayəndələri və ictimai-siyasi xadimlərdir, onların da çox zaman vaxt və ya digə problemləri yaranır ki, fərdi bloqlarına daha çox vaxt ayırsınlar.  Xüsusən, həmsöhbət olduğum bəzi (bloq sahibi) jurnalistlər, bunu  “subyektiv yanaşma” probleminin olması ilə əlaqələndirir.

Çünki, onlar mətbuatda nə qədər sərbəst olsalar da, işlədikləri redaksiyanın icazəsi və müəyyən qədər təsiri olur və bu səbəbdən də, jurnalistin arxasında duran qəzet rəhbərliyi var. Bloqda isə, o tamamilə təkdir. Və çətin zamanlarda müdafiə olunmur.  Hətta, bəzən baş redaktor jurnalisti şəxsi bloq saxlamaqdan yayındırmağa cəhd etməsi halları da olur.

Xüsusən də, Adnan Hacızadə Və Emin Millinin həbsindən sonra, “bloqçu” sözünün “təhlükəli şəxs” təsəvvürü yaratması və bir çoxlarının bundan xoflanması da bu səbəbə əlavə kimi göstərilə bilər.

– Mətbuata marağı olan bloq sahiblərinin tanındıqdan sonra, başqa internet və ya mətbuat orqanlarına keçməsi və bloqlarını “taleyin axarı”na buraxması da müşahidə olunandır.

– Adiləşmə. Bloqçu bir müddət yazır, oxucu yığır, lakin, getdikcə, hər şey onun üçün adiləşir. Xüsusən, bloqçuluqdan maddi stimul görmədikdə, onun bloqunda mütəmadi yazmasına marağını itirir.

– Bir çoxlarının “bloq” ( və ya “weblog”) anlayışını tamamilə qavramaması və bloqlarını ordan-burdan topladıqları müxtəlif məlumatlarla “əyləncəli sayt” tipində formalaşdırmasından dolayı, həmin bloqa qarşı oxucu marağı da çox və davamlı olmur.

Və s. (nəzərimdən və fikrimdən qaçan hansısa məqamlar varsa, oxucu bağışlasın və özü şərh və ya elektron məktub formasında fikirlərini əlavə etsin)

İstənilən halda, bloq fəaliyyəti, yazarlığa həvəsi və bacarığı olan və yaxud hansısa siyasi görüşü təbliğ və ya tənqid etmək arzusuna sahib gənclər üçün çox əlverişli və məsləhətlidir. Burada, özünü-fikrini ifadə edirsən, səni anlayan və fikirlərini bölüşən dostlar tapırsan və yazdıqca-oxunduqca, bir peşəkar jurnalist qədər püxtələşirsən.

Hətta, bloq vasitəsilə mühüm piar təsiri yaratmaq və ya hər hansı istiqamətdə karyera qurulması və inkişafı da mümkündür. Sadəcə, gərək, özündə məsuliyyət hiss edərək, yazılarına da diqqət və inkişaf marağı ilə yanaşasan. Nə qədər peşəkar olmasan belə, öz (bloq) işinə peşəkarcasına yanaşmağa çalışasan.

Və sonda, istəyirəm aktual olan “Bloqçuya jurnalist demək olarmı?” sualına cavab verim. Bloqçu özünü necə (yazıçı, jurnalist, publisist, şair, proqarammist, marketinq mütəxəssisi, analitik və s.) təqdim edirsə, ona da o peşənin sahibi kimi baxmaq olar. Yəni, ümumiləşdirmə aparmadan, bir insanın yazdıqlarından yaranan təəssürat daha öndə olmalıdır.

Unutmaq lazım deyil ki, hər bir həvəskar yazar, özlüyündə bir potensial peşəkardır.

P.S:  Qərb ölkələrində, 31 Avqust tarixi Beynəlxalq Bloqçular Günü kimi qeyd edilir. Bu bayramın “beynəlxalq” olduğunu nəzərə alıb, yerli bloqdaşlarımı da təbrik edirəm.

Advertisements

Onun bloqu da var…” üçün 4 cavab

  1. Yazıya və təbrikə görə təşəkkür. Azərbaycan netizanlarına belə bir yaz lazım idi. Fikrimcə, bu sahədə daha geniş və ciddi araşdırmaya ehtiyac var.
    Sonda həqiqətən də aktual olan bir suala verdiyin cavab maraqlıdır. Amma məsələnin bir hüquqi tərəfi də vardır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma