Yerdəyişmə qanunu

Mənim yerimdə olsan…

(esse)

Bu gecə,  sən öz sevgilinlə sağollaşıb, ümidlərlə yatağa girəcəksən. Öz yerində yatacaqsan. Amma, sabah olanda, artıq əbədiyyən vidalaşdığın və yalnızca yuxularda danışdığın birini sevəcəksən – mənim yatağımda oyanacaqsan. Bu oyanış sakitcə olmayacaq – onurğandan qopan ağrılar səni  nəriltiylə atacaq yeni günün ağuşuna. Gözlərini açdığında və təmirsiz-səliqəsiz-darısqal bir otağa baxdığında, sənin yaşaya bilmədiyin həyatın necə də gözəl olduğun anlayacaqsan.

Otağı çox seyr etməyə vaxtın olmayacaq, sənin beynini dələcək mədəndən qopan qurultular –  hardansa, əlüzyuyanına dırmaşmış bir qurbağanın salamlaması kimi.

Birdən, boynunda küt ağrı hiss edəcəksən. Başını arxaya itələyib quluncunu sındırmaq istəyəcəksən. Boynundakı şaqqıltıdan həzz alırkən bir anlıq, ani yumub-açdığın gözlərini tavandan sallanan hörümçək toru oxşayacaq. Bəlkə, kefin bir balaca korlanar. Əsəbi şəkildə, üzünü sağa çevirərsən – otağın bir küncündə qaçışan tarakanlar sənə sənin heç də tənha olmadığından xəbər verəcəklər.

Və sən, həm də onu dərk edəcəksən ki, heç də bütün əhval pozan olaylar sonuncu və həlledici deyil. Açıq qalan pəncərənin torunda gəzişən kərtənkələni də süzməyinlə, sən özünün mövcudluq fəlsəfəni tam qəbul edəcəksən. Necə də tez və asan olacaq mənim yerimə öyrəşmək yeni həyat tərzinə. Hər şey adi olacaq. Artıq, hamama girəndə işığın yanmaması da səni heyrətləndirməyəcək. Çünki, lampa bir aydır ki partlayıb və öz yerini kimsəyə vermək fikrində deyil.

Sən, hətta, ölü insanların da varlığını hiss edəcəksən, gənclərin də qoca ruhla yaşadığını biləcəksən – qətifəyə qərq etdiyin üzünü, güzgünün qarşısında, yavaş-yavaş, özünə təqdim edərkən. Bu, bir teatr səhnəsində pərdənin qalxmasına bənzəyəcək. Yumoristik epizodlarla dolu dəhşətli bir faciə canlanacaq gözlərinin qarşısında.

Könlündən bir tüstü almaq keçəcək. Sanki, öz içindəki quraqlıq bir səhranı papirosun dumanında itirmək istəyəcəksən – özünüdərk onu görməsin deyə.

Otağına qayıdaraq, kitabların, vərəqlərin, boşalmış və bulaşmış qab-stəkan-nəlbəki mitinqinin keçirildiyi masanın bir küncündə, səhər ananın alıb qoyduğu papiros qutusunu yeni kəşf sevinciylə götürüb açacaqsan. Sonra, təzədən yatağına üz tutaraq, yığılmış-büşüzmüş döşəkağının qucağından alışqanı qoparacaqsan. Və yandıracaqsan – ömrünün boşa keçən beş dəqiqəsini. Külqabı axtaracaq, papiros məzarlığına dönən külqabını boşaltmağa ərinəcək və nəlbəkilərdən birini külqabıya çevirəcəksən. Sənin qəlyanaltın belə keçəcək.

Birdən düşünəcəksən ki (həmişə düşündüyün kimi), bəlkə gec deyil və bu gün də bir iş axtarıb tapa bilərsən. Amma, pulun olmayacaq hətta avtobusa minib şəhərə çıxmağa da. Dostlarına zəng edib bir az kömək istəyəcəksən. O dostlara ki, beyninin məhsulu ilə çörək qazandırırsan. Onlar isə, yenə kasıblıqdan gileylənib sənlə sağollaşacaqlar. Bir fahişəyə zəng edib görüşə çağırmaq üçün.

Sən o zaman 7 milyard insanın içində tək qaldığını anlayacaqsan. Evdə də təksən. Biri işdə, biri qürbət ölkədə… Sən isə, buralarda.

Bax, elə buralarda, sən özünə ən yaxşı bir məşğuliyyət axtarıb tapacaqsan .Yavaş-yavaş düşünmək… Və əlbəttə ki, yazmaq! Mənim yerimə yazmaq. Yaşamağın yerinə…. Mənim yerimdə olsan.

Advertisements

Yerdəyişmə qanunu” üçün 5 cavab

  1. Rufet bu yazi heyati benzetmelerle o qeder zengindir vallah adam qalir hansin numune cheksin amma en lezzetlisi-Otağına qayıdaraq, kitabların, vərəqlərin, boşalmış və bulaşmış qab-stəkan-nəlbəki mitinqinin keçirildiyi masanın bir küncündə, səhər ananın alıb qoyduğu papiros qutusunu yeni kəşf sevinciylə götürüb açacaqsan. Sonra, təzədən yatağına üz tutaraq, yığılmış-büşüzmüş döşəkağının qucağından alışqanı qoparacaqsan. Və yandıracaqsan – ömrünün boşa keçən beş dəqiqəsini. Külqabı axtaracaq, papiros məzarlığına dönən külqabını boşaltmağa ərinəcək və nəlbəkilərdən birini külqabıya çevirəcəksən. Sənin qəlyanaltın belə keçəcək. Bir de sene qurban bele agrili yazilara chox da getme bu chox dehshetli bir ezab hissi kechiren adamin yazisidir yeni senin.Ureyim agridi.Xahish edirem lutfen nikbin ol qoy seni etraflarin seni hemishe gulen gorsunler.yaziya soz yoxdur superrrrr…..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma