Ağsaqqallara məktub

Rüfət Əhmədzadə

Ağsaqqallara məktub

(buynuzlu poetik esse)

Ağsaqqallar! Siz nə yaman qocasız!? Lap, elə mənim kimi. Ucalıqda, hər saqqalı ağaran qocadan siz ucasız. “Mənim kimi” demirəm. Mən öz ucalığımı özgə ucalıqlarla müqayisə etmirəm. Mənim adıma ucalan zirvə var. Budur, mən öz zirvəmə dırmaşıram.

Siz necə də müdriksiniz, siz necə də dahisiniz! O qədər ki, sözünüzü yerə salmağa da yox ixtiyarım. Mənim gəncliyim sizin qocalığın heyfidir. Hətta, lap deyərdim ki, yaşayammadığınız gənclik illərinizin. Alın, istədiyiniz qədər heyfinizi siz… Mənim də növbəm gələr, çürüdərəm daşlaşan ürəyimlə sütun-sütun ərləri, heyf edərəm kefim üzrə sərf olunan illəri.

Ənənəyə dönər bu. Köhnəlməyə qoymarıq köhnə fikirləri biz! Ağsaqqalar, heç də ruhdan düşməyin! Nə istəyirsinizsə… Deyin, özgələr etsin! Mənim kimi qoca ruhlu-xəstə canlı deyil də, gənc bədənli-tazə ruhlu kölələr.

Sizin hər kəlamınız şorbaya dad qatan dəfnə yarpağı. Suyu dadlı olsa da, özü çox quru, dadsız… Ona görə, mən sadəcə həzm edirəm – zövq almadan, amma ki, səsimi çıxarmadan. Çünki, dadacağım ən ləzzətli şey – azad düşüncəm, o da, yalnız ölümqabağı qismətim olar yəqin. Axı, mən nə edim ki, ruhum sizə tabedir.

Onu siz qaytardınız – minillərin dəfn etdiyi, göylərin də rədd etdiyi lənət səltənətindən… Amma, heç də minnət etməli deyil. Axı, siz nə bilirsiz, qan sızmış bir beyinlə düşünmək necə çətin!? Bu çətinlik içində, ancaq bir şeyi aydın düşünə bilirəm mən: hələ də, müddəti bitməyibdir – gözlərimi ağuşunda açdığım bu lənətli zülmətin.

Amma, hey çalışıram! Mən də sizlə bərabər çarpışıram – özüm olmasam belə, məndən sonra gələnlərin gözü gün görsün deyə. Gözlərini qamaşdıran Günəşi demirəm mən – ruhları görsün deyə! Bəlkə, elə budur məhz, məni mübarizəyə sədaqətdə saxlayan. Kitab-kitab ülkülər arasında, təkcə ilham aldığım sadəcə bu duyğudur – otağımın dar pəncərəsindən boylandığımda, küçədə oynayan uşaqları seyr etdiyimdə oyanan alovlu hiss – gələcəyə məhəbbət duyğusudur!

O uşaqlar mənə məni andırır. Siz məni seyr edərkən, özünüzü xatırladınızmı heç!? Ümidvaram, bu oldu… Və yəqin ki, sizin səhvlərinizi təkrar etmək mənim qismətim olmaz – o həyətdə oynayan uşaqlar yanlış etməsin deyə. Buna yol verməzsiniz! Səhv yol göstərməzsiniz… Hələ ümid edirəm. Bezginliyin və günbəgün artan bir əzginliyin burulğanında çırpınan ümid var. Onu görürsünüzmü!?

Mənim əllərim zərif, mənim qollarım zəyif… Gücüm çatmır xilas edim milyonların taleyinə ümidi. Mənə kömək etməyiniz gərəkdir… Yox, məni hiss etməyiniz gərəkdir! Sadəcə, güvən ilə. Mənim də bir ağsaqqal olduğumu düşünməniz yetərli mənə. Bu qədər xəyalların arasında, bir xəyal ziyan etməz.

Eh, ağsaqqallar! Siz nə deyərsinizsə, ona əməl edərəm. Sizin iradənizi öz düşüncələrimə özül-təməl edərəm. Mübahisə etmərəm. Mən sadəcə yazaram… Çünki, mən bir yazaram. Yazaram ki, hiss edəsiz, mən necə də bezaram, sizin qoca beyninizdən boşalan o yükləri daşımaqdan! Belə getsə, bir az da… Yazaram “yaşamaqdan”.

Advertisements

Ağsaqqallara məktub” üçün 2 cavab

  1. Mən sadəcə yazaram… Çünki, mən bir yazaram. Yazaram ki, hiss edəsiz, mən necə də bezaram, sizin qoca beyninizdən boşalan o yükləri daşımaqdan! Belə getsə, bir az da… Yazaram “yaşamaqdan”…..yaz,Rufet yaz,dushunen beynin,yazan ellerin yorulmasin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma