Əsas səhifə » Poeziya » Hər şey qəşəng olacaq!

Hər şey qəşəng olacaq!

(mənsur şeir)

Sənə olan sevgim necə dərindir… Bilirmisən? Sənə həsr olunan duyğularımdan ruhum vəcdə gəlir, köksüm yüksəlir…. Zirvə tək uca, hündür… Sən bu zirvədəsən, hiss edirmisən? Aşağıda məni səndən ayıracaq nə varsa… Ayıra bilməyəcək! Qəlbimdəki susuzluq səninlə bitə bilər… Amma, vüsalın belə, doyura bilməyəcək. Ömrüm gödəkdir əlbət, sən ona əbədiyyət qatacaqsan… Vallah, billah, inan ki, sən özün də mənimlə çox xoşbəxt olacaqsan! Sən fərəh duyacaqsan, mən sənə söz verirəm.

Sənə olan sevgimi sübut etmək üçün mən… Gecəmi-gündüzümü hey sənə həsr edərəm. Sən məndən küsəndə də, mən səni düşünərəm. Mən sənlə yaşayaram. Səninlə danışaram, susanda da… Yan-yana düzdüyüm hərflər də dil açar – yalnız eşqinlə sənin.

Bu eşqdir. Yazdığımda, üç hərflə oxunulası bir söz. Amma, o bir canlıdır, hətta, canın özüdür – yaşadığımız zaman. Onda nə qədər duyğu, onda nə qədər qayda… Və nə qədər qaydasızlıq birləşib. İnsanilikdir sevgi! Və sənin sevgin də, məhz, mənə insaniliyi duydurur hər zaman. Baxmayaraq, səndən başqa heç kimçün yaşamıram.

Sənə olan hisslərim o qədər zəngindir ki… O qədər rənglidir ki, bir əsər toxuyaram. Bir ehtiras bayrağı. Etirazım olar bu, duyğu düşmənlərinə. Ucaldaram onu mən şəhərimin ən görkəmli yerində. Sındıraram onun böyüklüyüylə bütün başqa bayraqların böyüklük rekordunu – bircə anın içində. Dalğalanar bayrağım – ən dərin dənizlərə dalğalanmaq öyrədər. Qürrələnər bayrağım – ən mətin qayalara əzəmət dərsi keçər…

Cıra bilməz –  siyasət tək, hər saat bir səmtə əsən küləklər. Dələ bilməz – kasıbların boğazından kəsilən pullar kimi, göyə sovrulan rəngarəng fişənglər…. Gəlsə, təhlükə ac quşlardan gələr – Xəzərin kirlənmiş suyunda, zəhərlənmiş balıq leşi dənləməkdən beziblər, yəqin, onlar.

Amma, sən heç üzülmə! Sevgimiz bayraq olsa, nə baş verər – mən öncədən görmüşəm. Elə, ona görə, qərar vermişəm: Sən olan hisslərimi mən bayrağa deyil də, silaha döndərəcəm. Həm bir silah olacaq, həm də “kövsər” bardağı – sevənlə sevməyənin hərəsinə bir cür görünəcək bu. Boğacam şəhvətində məhəbbət boğanları. Oyadacam vicdansızlar əlindən yaralı düşüb yatan könülləri.

Sənin sevgin şimşək olub yaxacaq… Yağış olub səhralara yağacaq…. Hər şey qəşəng olacaq! Yaxşı düşünənlər yaxşı şeylər görə biləcək! Mən əminəm sevgimizin gücünə. Çünki, əsl sevgini duyuram mən. Bənzəməz bu, beş ildən bir oyanan sevgilərə…  Ağılları-vicdanları ayaqların arasına sürükləyən hisslərə…

… Şükür olsun Yaradanıma mənim. Nə yaxşı ki, varam mən – sevməyi bacarıram. Nə yaxşı ki, varsan sən – mənə mənim də var olduğumu hiss etdirirsən. Sən mənimsən, mənim cismim-ruhum ilə sənin olduğum kimi… Mən səndə yeni bir nəfəs tapmışam. Bu nəfəsdə, əbədi həyata həvəs tapmışam. Və səndən iki övlad qazanmışam – gözəllikdə bir-biriylə yarışan. Elə, ikisi də mənə əzizdir. Nəzm də, Nəsr də… Nə yaxşı ki, var onlar!

Və nə yaxşı, bloq var. Mən də sənə bu cür xidmət edirəm.

Advertisements

Hər şey qəşəng olacaq!” üçün 5 cavab

  1. super… yaradirsan da. yaxshi o bextever kimdir? yoxsa sadece texeyyulunde canlandirdigin biridir? kim bilir? sen ne qeder sade gorunsen de, bir o qeder de murekkeb birisen. Labirint kimi… bir turlu chixish yolunu tapa bilmeyen kimi seni de derk etmek chetindir mence… ancaq seni kitab kimi oxumaq uchun mence sehirli yumaq komek etmez lol… ugurlar…

  2. “… Şükür olsun Yaradanıma mənim. Nə yaxşı ki, varam mən – sevməyi bacarıram. Nə yaxşı ki, varsan sən – mənə mənim də var olduğumu hiss etdirirsən. Sən mənimsən, mənim cismim-ruhum ilə sənin olduğum kimi…”…….Rufet ne yaxshi ki sen varsan, ne yaxshi ki bu blogu yatarmisan,biz de snin yazilarini oxuyub menevi zenginleshirik,menen hezz aliriq.qelemine quvvet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma