Əsas səhifə » Esselər(içsəslər) » Misir Mərdanova xüsusi ehtiramla

Misir Mərdanova xüsusi ehtiramla

Əvəzedilməz nazir Misir Mərdanov

24.12.2009 tarixində tia.az-da yayımlanıb

Misir Mərdanova xüsusi ehtiramla

(hərflər leksiyada)


…Söyəcəm həm səni, həm hüququnu!
Nə “düzgün təhsil”dən çərənləyirsən?
Oxuyub kafirin yazdıqlarını,
Bizi “demokratik” şantaj edirsən?!..

Artıq, bir neçə ildir ki, hər tədris ilinin və ya imtahan sessiyasının başlanmasından əvvəl ölkədə belə bir “sensasiyon” xəbər yayılır: “Təhsil nazirliyində anti-korrupsiyon tədbirlər gücləndirilir”.
Bəh, bəh, bəh! Belə bir xəbəri qürbətdə eşidərkən, bir anlıq sevindim. “Ölkədə əməlli-başlı islahatlar gedir” deyə düşünərək, geri dönərsəm, elə ilk fürsətdəcə partiya mənsubiyyətimi dəyişməyi qərara aldım. Amma… Lakin…. Sonra…

…Əgər, bu xəbərlər özünü əsl mənada doğrultmuş olsaydı, yəqin ki, cəmi bir neçə il ərzində, Azərbaycan öz təhsil sisteminin mükəməlliyinə görə, inkişaf etmiş Qərb ölkələrini də geridə qoyardı. Amma…. Dalını gətirməyə ehtiyac yoxdur. Hər şey hər kəsə aydındır. Elə aydın olduğuna görə də, bu “leksiya”nın qısa olmasına qərar verdim….

… İlk vaxtlar eşitdiyimizdə, bizi bir anlıq sevindirən bu “sensasiyon” xəbərlər, getdikcə “çeynənmiş saqqız” kimi öz effektini də itirdi. Artıq, xalq hər şeyə skeptik yanaşmağa başladı. Hər şeydən şübhələnən Şerlok Xolms kimi! Nə etsin, yazıq xalqım!? O qədər inanıb aldanıb ki, bu binəva xalq! Təkcə “təhsil” məsələsində yox!….

…Mövzuya aid olmasa da, sözgəlişi bir haşiyə:
Mən əminəm ki, əgər, İmam Mehdi Əleyhissəlam bir gün öz mübarək vücudu və nuru ilə Azərbaycan adlanan məmləkətdə zühur etsə və camaatı beyətə çağırsa, hətta, bunun üçün bir çox möcüzələr də göstərsə, yenə də bizim xalq ona beyət gətirməz. Nəinki beyət, hətta, “mömin” xalqımın onu daş-qalaq edəcəyindən də əminəm! Elə məhz buna görə də, İmam Mehdi Azərbaycanda zühur etməyəcək!…

…Təhsil millətin xoşbəxt gələcəyi üçün “özül”dür! Bunu hətta bu “özül”ü korlayanlar da bilir və hər addımda bağırırlar…

…Güclü bir millət yetişdirmək üçün ən yaxşı və öncül yol, onun içində savadlı kadrlar yetişdirməkdir. Onu mütriflərin, manqurtların ümidinə buraxmamaq üçün Vətəninə, Millətinə, Allahına bağlı olan ziyalı ordusu hazırlamaq! Türkçülük-Turançılıq ideologiyasının banilərdən olan Əli bəy Hüseynzadədən bir sitat gətirmək burda yerinə düşər: “ Türk tarixdə iki dəfə yüksəlib. Birinci dəfə imanıyla, ikinci dəfə isə silahıyla. Tarixdə üçüncü yüksəlişinə isə Türk öz elmiylə nail olacaq.”

Əlbəttə ki, gözəl arzudur, türklüyün yüksəlişini diləmək. Lakin, millətinin hazırkı durumu yüksəlişə bənzəmirsə, elmsizlik, haqsızlıq, gücsüzlük içində pərişan haldadırsa, demək sənin bədbinliyini də anlamaq olar. Amma, bağışlamaq yox! Sən bütün olanalrla barışmağa davam etsən, ən azı 30 ildən sonra sənin Təhsil Nazirliyin də, sənin Milli Elmlər Akademiyan da gənc alim üzünə həsrət qalacaq. Düzdür, satılan-paylanılan elmi dərəcələrlə “alim”lərin sayını artırmaq olar, ancaq, onların yetişdirəcəyi “kadr”ların da nə olacağını düşünmək belə dəhşətlidir!
Həm dəhşətli, həm də acı bir duyğudur – millətinin övladını savadlı, ziyalı bir durumda görmək istədiyin vaxt, gözlərinin qarşısında “dağ”a dönən, çürüyən, geriləyən və sözün əsl mənasında bazar qaydaları ilə yönətilən bir təhsil sistemini seyr edərək xəyallara qapılmaq…

.. “Yönətilən” deyəndə, təbii ki, ağlınıza bu “sistem”i yönətən Misir Mərdanovun adı gəldi. Mənim ona qarşı hər hansı bir şəxsi və ya hüquqi qərəzim yoxdur. Bu alimə qarşı ironiya niyyətində də deyiləm. Amma… Əgər, onun Kiv-də dedikləri həyatda yaşananlarla uyğun gəlmirsə, verdiyi əmr və qərarları ona tabe olanlar dinləmirsə… Bir sözlə, nazir dura-dura, bu problemləri mən həll edəsi deyiləm ki! İstənilən sahədə, istənilən qurumda, hətta, dövlətdə belə, məsuliyyət yalnız rəhbərliyindir! Əgər hər şey yaxşıdırsa, demək, rəhbərlik də yaxşı işləyir. Əgər əksinədirsə…

…Avropa Birliyi ölkələrindəki təhsil sistemi demokratik şəkildə yönətilir (son illərdə gündəmə düşən “dini geyim” qalmaqallarını saya almasaq). Bir az da dərinə getsək, “özü-özünü yönətən” sistem də deyə bilərik. “Demokratiya” anlayışının özündə ehtiva etdiyi “azadlıq” və “məsuliyyət” prinsipləri, adıgedən qitənin təhsil sistemində də özünü əks etdirir. AB ölkələrinin təhsil sistemi “Boloniya prosesi” əsasında fəaliyyət göstərir. Bu “proses”ə görə ali təhsil məktəblərindəki tədris proqramı tələbələrin maraq və istəyinə uyğun tərtib olunur və onlara azad seçim imkanı verilir. Ancaq, bizim dərsdən qaçan, universitetə vaxt keçirmək üçün gedən, leksiya vaxtı ya yatan, ya da otaqdan-otağa “blutuzlaşan” bir çox tələbəmizdən fərqli olaraq, oradakı tələbələr ali məktəbə hərbi xidmətə gec getmək üçün yox, savad almaq üçün daxil olurlar. Elə buna görə də, yaradılan azad seçim şəraitindən tam məsuliyyətlə istifadə edirlər.

Eşitdiyimə və bildiyimə görə, bizdə də bəzi universitetlər “Boloniya prosesi”nə keçib. Təbii ki, bunu təqdir edirəm. Ancaq, mənim fikrimcə, hər hansı “proses”dən qabaq, ilk öncə, tələbələrə təklif olunan “məhsul”u yeniləmək və onların təhsilə maraq və münasibətini dəyişdirmək lazımdır…

… İstəyirəm bu “leksiya”nı bir ölkəni yad etməklə bitirim. Avropaya təzə-təzə inteqrasiya edən, ancaq, hələ də Azərbaycan kimi “Post-Sovet” statusundan xilas ola bilməyən Ukraynanı. Bu böyük, perspektivli, savaşsız, gözəl təbiəti və “mənzərəli” xanımları ilə dünyada məşhur olan bu ölkəyə vurğunam. Xüsusən, orada olduğum müddətdə, təhsil istemi ilə maraqlandıqdan sonra, bu ölkədə qalıb yaşamaq arzum oyandı… Təsvir edin, adıgedən məmləkətdə, cəmi beşccə yüz dollar “hörmət” etməklə, sanballı bir universitetin sanballı bir fakultəsinə daxil ola bilərsiniz.  Ancaq, bizim ölkədə… belə qanunsuz hallar qətiyyən mümkün deyil! Əgər, sizin “hörmət”iniz beşcə yüz dollardırsa….

Salamat qalın! Növbəti “leksiya”da görüşənədək!..

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma