Əsas səhifə » Esselər(içsəslər) » Paraşütçünün göyə tullanışı

Paraşütçünün göyə tullanışı

(həyati esse)

Bu yazını yazmaq üçün, çox düşünmək gərəkirdi. Zarafat deyil, bir  həyati esse yazmaq eşqinə düşmüşəm. Baxmayaraq ki, yenə də həyat kimi (istənilən halda) yarımçıq  və “nakam” məzmunlu bir yazı alınacaq… Yaşadıqca yazdığımı, yazdıqca da yaşadığımı düşünsək… Mənə bir əbədiyyət də bəs etməz. Bu günə isə, 3 min işarəlik yazı da kifayət edər məncə.

Heç olmasa, dünənləri xatırlatmaq, sabahları düşündürmək naminə, mənim də bir paycığım olsun deyə…  Düşünmədən yazacam – düşünən beynimi dayandırmadan. Mən həyata düşünmədən başladım. Və həm də, istəmədən. İlk aldığım nəfəsimdə ağlamsındığım kimi… İlk daddığım öpüşdə xumarlandığım kimi…

… Bu günə necə gəldim, dünənimi necə bu günümdə hiss edə bildim, “ölərəm” deyərkən, necə ölə bilmədim… Hər şeyə necə dözdüm? Və bəlkə də, dözmürəm? Lap elə sənin kimi. Axı, nəyə görə biz daima dözməliyik? Daddığımız acılarmı çox şirin gəlir yoxsa? Duyduğumuz yalanlarmı qulaqları xoşhal edir gün-günə? Bəlkə, biz sadəcə əzablarla sevinclərin sevdasını duyuruq? Puç olan arzularla, acqarına xəyallarmı qururuq? “Yox” deyərsən, amma, inan ki, bunun cavabı “hə”dir (Bu arada, Pənah Hüseynin “həbəli”si yadıma düşdü və bir az eynim açıldı).

Böyük uğursuzluqlar kiçik uğurları qızıla çevirir. İnsana yığıcılıq öyrədir. Amma, çox təəssüf ki, əksər zamanlarda əzablar öyrəşdirir. Xüsusən də, sevgidə. Bir dəfə güclü sevən sevginin əzabına öyrəşir. Nə qədər əzabdan imtina etsə də, onun üçün “çətinliklərlə fəh edilən zirvə” anlayışı yaranır. Bu “zirvə” sevgi olur. Dağ aşiqlərə gəlməz – aşiqlər dağa gedər. Gəlsə də, o dağ deyil, saədəc təpəcikdir – aşiqlərə marqsız. Elə buna görə də… Nə mən qazana bildim, nə də ki, qazandıra. SEVGİ ASANLIQ SEVMİR!

Bax, bu şüardan çox zəhləm gedir. Çünki, şüarların şüurlarda yarandığını yaxşı bilirəm. Şüursuzcasına şüuraltına həkk olunmasını da. “Nə etməli?” soruşma. Nə edə biləcəyini düşün sən.

Biriylə alınmadı? Əlini salla və get. İrəlidə növbəti bir sevgi var… Dayan, dayan! Sənə gələn biri var. Onu görməyib də gedirsənsə, demək sənin şüuraltına hopan “sevgi – əzab” mütənasibliyi heç vaxt səni xoşbəxt eləyə bilməz. Sadəcə, yaşamaq gərək – köhnə bir essemdə yazmışdım: “səhər oyanıb gecə yatdığın kimi”. Bu an isə, Ömər Xəyyamı xatırladım: “Bu anınla ləzzət al – bu an sənin həyatındır!”

Özgələrdən az günah görmək naminə, məncə, ən ideal vasitə ilk günahı özündə axtarmaqdır: “Bəlkə, səbəb məndədir?” Amma, özünüittiham çox uğursuz üsuldur – və çox gerisaxlayan!

Dünya müxtəlif tip insanlarla dolu olduğu kimi, həyat da müxtəlif variantlarla doludur. Məhz ona görədir ki, heç bir aforizm və deyimlər də mütləq prinsip kimi bütün variantlarda özünü doğrulda bilməz. O zaman, bir yol qalır. “Situasiya-intuisiya-analiz” üçbucağı. Sonda “analiz” gəlir. Yəni ki, məntiq. Məntiq də hər şeyi həll edir. Və ya həll etməsə belə, “diaqnoz” verə bilir. Əlbəttə ki, npvbəti variantlar üçün. Amma, çox təəssüf ki, insan nə qədər nisbilik ağuşudna olsa da, içində bir mütləqiyyətçilik var – o bir “variant”a görə, növbəti “variant”lara da diaqnoz verir – başını ağrıtmadan.

Nə olur olsun, həyatımız variantlardan, yollardan, cığırlardan ibarətdir. Amma, hamısı da bir nöqtədə birləşir. O nöqtəyə “ölüm” də deyənlər var, “qurtuluş” da… İstənilən halda, hər şey çox dinamikdir və hər şey çox monoton. Çünki, bu dünyada qeyri-adi və məntiqlə anlaşılmayan heçə nə yoxdur. Amma, insanların ən çox meyl saldığı məşğuliyyətlər də çox vaxt məntiqsiz təəssürat yaradan olur və sadəcə “ekstrim” marağından irəli gəlir.

Mənim idman növləri arasında izləməyi (izləyib düşünməyi) çox sevdiyim və hələ də ilginç gördüyüm paraşütçülükdən bir neçə cümlə qyed etmək istərdim. Paraşütdəntullanma sadəcə əyləncədir – və yaxud da işgəncə. Nə qədər əzilən-zədələnən paraşütçülər olub ki, onlar ömürlərinin sonunadək də bu işlə məşğul olub. Ömürlərinin sonunadək də olmasa, şikəst olanadək.

Məqsəd nədir? Sadəcə, göydən yerə enişin ləzzətini dadmaq – səliqəli şəkildə. Amma, ilk öncə, paraşütçü göyə qalxmalıdır. O yıxılır, əzilir, durur, düzəlir… Yenidən qalxır havaya … və yenidən enir yerə….  Bu, yasaq bir sevdanın ağuşuna atılmağa bənzəyir. Amma, yasaq tanımır. O, sadəcə, səliqəli yıxılmağı öyrənir. Bir gün nəsə olacaqsa, o da, bir gün olacaq. Bu gün isə, tullanır…

PARAŞÜTÇÜ YERDƏN GÖYƏ TULLANIR!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma