Əsas səhifə » Esselər(içsəslər) » Seçkilərə sevgilərlə

Seçkilərə sevgilərlə

Və yaxud

Şəffaf qutunun möcüzəsi barədə növbəti esse

Artıq, 20 günlük seçki təşfiqatı başladı. Rəsmi olaraq. Əslində, çoxdan başlamışdı. Mətbuatda müxtəlif namizədlərin ağ və qara “piyar”ları getdi 2-3 həftə. “Piar”dan başqa əsas məqsəd isə, bəzi dairələrə bəzi mesajlar çatdırmaq idi. Jurnalistlər üçün isə, ümdə məqsəd bəzi namizədlərin diqqətini çəkib pul qazanmaq oldu. Çünki, qəzetçiliyin el-oba ümidinə qaldığı bir ölkənin heç bir jurnalisti evə girərkən qucağına dovşan alıb “nətərsən, balam?” demir.

Ailəsinin, daha doğrusu, ailəsini əhatə edən problemlərin fikri ilə evdən çıxan bir yazarı, təbii ki, seçkilərin demokratik keçirilib-keçirilməməsi və ya hansısa dairələrin mənfi ya müsbət fikri maraqlandırmır. Maraqlandırsa, seçki “qəmədiyə”miz də marağını itirər.

Yox, əgər, bir jurnalist “Adamın başı üstə Allah var, hardasa qərbdə demokratiya!” prinsipi ilə seçkilərin mahiyyəti ilə baş sındırsa da, bu ancaq toxqarına və kefikök halda yatmazdan qabaq ola bilər – o da, əgər onun vicdanı və şüuru alkoqol hücumuna məruz qalmayıbsa. Ümumiyyətlə, seçkilərlə məşğul olan çox az adam seçkilər barədə düşünür – məsələyə fəlsəfi yanaşanda.

Amma, bu seçkilər məni də hərdən düşündürür – fəlsəfəyə fəlsəfi yanaşanda.  Çünki, mənim də də bir vətəndaş kimi seçki barədə öz fikirlərim var – Tofiq Bəhramov stadionunun həlledici “uqlovoy”lar vurulan künclərinin birindən yanaşanda.

Fikirlərim varsa, deməli, yazmalıyam. Heç olmasa, beynimdəki əhəmiyyətsiz və faydasız (seçki barədə) fikirlərimi boşaldıb azca yüngülləşmək naminə. Amma… And olsun, şəffaf qutunun möcüzəsinə, beynim düşünməkdən bezməsə də, yazmaq üçün söz düzməyə ərinir. Ha əlləşsəm də ki, nəsə siyasi-kosntruktiv-obyektiv bir təhlil ortaya qoyum, alınmır. Axı, mən ehtimaldan ziyadə, həm də inamımdan irəli gələn nəsə yazmalıyam. İnam isə, rol oynamır.

Oynasa da, ancaq bir emosional cümlə doğa bilər: “İLHAMLANARAQ SEÇKİ BARƏDƏ BİR QALIN KİTAB DA YAZSAN BELƏ, ONUN TALEYİ 5 DƏQİQƏLİK İLHAMA TABEDİR!”

Yəni ki, hər şey dəyişə bilər. Bir gündə, bir saatda, hətta, bir an içində belə, istənilən dairədə, istənilən qutuda “Məmmədhüseyn” yerinə “İmamqulu” çıxa bilər. Hətta, “original” səslər belə “saxta” ola bilər. Bax, elə bu da, şəfaf qutunun möcüzəsidir. Belə möcüzələr isə, ancaq Azərbaycan kimi işıq sürəti ilə inkişaf edən ölkələrdə baş verə bilər…

… Hərdən düşünürəm ki, bu ölkənin iqtidarı qədər, müxalifəti də şablonlaşıb. Hətta, içi mən qarışıq, bütün xalqımız “şablonlaşma” dövrü yaşayır. Eh! Kimsə bilməz ki mən nələr çəkirəm – hansısa maraqlı ifadəni, deyimi və ya şüarı yazmaq istəyəndə. Nədənsə, bu xalqdan biri olmağım həqiqəti ilə hələm-hələm barışa bilmirəm.

Məncə, düşündüklərimdə həqiqət də var. Çünki, gördüklərim-oxuduqlarım-eşitdiklərim bunu deməyə əsas verir. Bir tərəfdən iqtidar namizədləri özlərinin (YAP hakimiyyətinin) ölkəyə verdiyi sabitlik və MDB səviyyəsində “yüksək inkişaf göstəriciləri” barədə ağız dolusu tərif edir, digər tərəfdən isə, maxalifət namizədləri hakimiyyətin qüsurlarını irimiqyaslı şəkildə tənqid edir. Amma ki… Xalq da bezib (mənim kimi), əminəm!

Və artıq, hər iki tərəfdən danışılanlar da çeynənmiş və maraqsız gəlir –  evinə nə qaz, nə su gələn, “jek”də səsi-sözü eşidilməyən, icra hakimiyyətinin qapısından qovulan  və asfaltçəkmə-vədvermə mərasimlərindən (seçkiöncəi) bəri, öz deputatının üzünü belə görməmiş sıravi vətəndaşa! ƏSLİNDƏ, MARAQLI GƏLMƏLİYDİSƏ DƏ, MARAQSIZ GƏLMƏLİDİR – ÜMUMMİLLİ MƏSƏLƏLƏR!

Sıravi vətəndaşın irimiqyaslı problemlər və ya uğurlar barədə düşünməyə şüuri imkanları qalmayıb, sanki! Çünki, şüurətrafında maneələr, təzyiqlər və tikanlı məftillər görür. Elə ciddi təhlükə olmasa belə, ona bu cür görünür. Çünki, inamsızlıq-çarəsizlik-qorxu üçlüyü sıravi vətəndaşın şüuraltına çox məharətlə yeridilib. Bu “müqəddəs üçlüyü”onların beynindən çıxarıb atmaq üçün isə, dairəbə-dairə, məhələbə-məhəllə işləmək lazımdır – tədricən. İlk öncə, seçicilərim “jek”lərlə problemlərini həll eləməklə. Bəlkə, o zaman, bu xalqda inam yarada bilərsən. Amma… İLHAMSIZ NƏ İNAM?!

Əlavə nə deyim? Çox əcaib və qəraib mənzərə yaranıb bu ölkədə. Və çox əcaib vətəndaşları var bu dövlətin – indiyədək seçdikləri (və ya elə zənn etdikləri) YAP-çı deputatlardan xeyirdən çox ziyan görsələr belə, hətta, onlara inanmasalar belə, yenə də YAP-çıdan başqasına səs verməyə qorxanlar. “Müxalifət” sözü eşidəndə, dərhal “türmə” sözünü fikirləşənlər!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma