Əsas səhifə » Esselər(içsəslər) » Bir “Sizif”in iç səsi

Bir “Sizif”in iç səsi

Və yaxud

Ümummilli qətliama könüllü getmək

“Tragikomediya”nın son pərdəsinə keçid alırıq. Sabah seçki günüdür. Və sabah yenə də saxtakarlıq, daha doğrusu, xalqın belinə yenə də bir zərbə reallaşacaq. İdeoloji qətliam gedir, bəylər və xanımlar! Belə bir qətliama məruz qalan cəmiyyətdə sözün əsl mənasında vətəndaşlıq etmək və sözün əsl mənasında vətəndaş böyütmək çox çətin və eyni zamanda çox təhlükəli bir işdir. Şərəfli olmasını isə, qeyd etməyə dilim gəlmir. Vətəndaşlıq şərəfinin öldürüldüyü bir ölkədə “şərəfli vətəndaş olmaq”la “ağılsız olmaq” ifadələri sinonim kimi qəbul edilməkdədir.

Baxmayaraq ki, bizim ölkədə yazıb-oxumağı bacarmayan vətəndaşlar yox səviyyəsindədir… Axı, oxuyub yazmaqla heç də iş bitmir! Görəsən, bu vətəndaşlardan neçə faizi oxuyub-yazdığını dərk edir? Görəsən, 10 manata görə seçkiyə gedib istənilən pullu namizədə səs verməyə hazır olan vətəndaşlar dərk edirmi ki, onların səsini ucaldan, onların haqqını tələb edən insanları seçsəydilər, bu dilənçi payına göz dikməzdilər?

Görəsən, evinə “jek”dən zəng gələndə, “filankəsə səs verərsiz” kimi sözlər eşidən vətəndaşların dilindən olmasa da, ağlından keçirmi ki, onların seçiminə müdaxilə etmək qanunsuzluq və ən əsası, ŞƏRƏFSİZLİKdir? Görəsən, neçə faiz, “nə işimə lazımdır, qulağım dinc olsun!” sözlərini beynindən çıxdaş edib özünün və gələcək nəslinin taleyi naminıə etiraz səsini bildirməyə cəsarət edir?

Görəsən, həmin “jek”lər deyilmidir, insanların qarğışını qazana-qazana, hər xırda işə görə onlardan pul yığır, büdcədən pul silirlər? Görəsən, “jek”in təzyiqi və qorxusu ilə seçkiyə gedən vətəndaşlar bunu düşünürmü? Heç olmasa, onlardan beşcə faizi belə bilirmi ki, səsvermə gizli və şəxsidir? Heyhat!

Hamısı “bir-birinin tayıdır” deyə seçkiyə getməkdən və ya onların səsinə ehtiyacı olan (əslində, səsə ehtiyacı olan seçicilərdir) müxalifət namizədlərinə səs verməkdən imtina edənlər anlamır ki, məhz YAP-çıların tayı olmadıqlarına görə müxalifətdədirlər. Xüsusən, gənclər.

Ümumiləşdirmə aparmadan, şəxsən öz payıma deyirəm. Əgər, mən ONLAR KİMİ yaltaq-yapalaq olsaydım, yaxama kiminsə şəklini vurmamaq naminə, tələbəlik illərimdə elmi konfranslardan imtina etməz, öz potensial və savadımı müxalif ruhlu yazılar yazmağa və müxalif ruhlu millətçi təşkilatlar yaratmağa sərf etməzdim. Bunların arasına girər, məddahlıq və yaltaqlıq yolu ilə özümə “perspektiv” qurardım. Əlbəttə ki, “ağlın yoxdur da!” ifadəsi ən aktual cavab olar mənim üçün.

Nə deyirəm? Azlıq çoxluğa tabe olmalıdır. Bu gün azlıqda qalan şərəfli təbəqə məğlub durumdadır. Lakin, ŞƏRƏFLİ MƏĞLUBİYYƏTDİR BU!

Və mən, şərəfsizlik və saxtakarlıq yolu ilə seçkiyə gedən və buna könülsüz olsa belə, itaətlə riayət edən hər bir Azərbaycan vətəndaşına üz tuturam: Allah sizə inam versin! Allah sizin kor olan dünyagörüşünüzü bərpa eləsin! Nəhayət, anlayasınız ki, “müxalifət acdır, bunlar toxdu qalsınlar” deyə saxladığınız bu YAPokratiya və onların mənliksiz əlaltıları heç vaxt haram tikədən doyası deyillər. Və ən əsası, haqqı tapdandığı halda, səsi çıxmayan xalq, “LOX” xalqdır!

Siyasi həyatda Vüqar Bəyturan kimi tanınan Vüqar Orucun səlahiyyətli nümayəndəsi olaraq, 31 saylı Suraxanı seçki dairəsində 2 aya yaxın müddətdə qanunsuzluq, saxtakarlıq və ən əsası, seçicilərin əksəriyyətində olan inamsızlıq və savadsızlığı gördüm. Və gördüm ki, Elçibəyin şərəfli adı şərəfsiz oyunlarda istifadə olunur, vətənə xidmət seçki reklamına dönüb, şərəfli keçmişlə öyünən Fərəc Quliyev YAP hakimiyyətini və mənzil istismar sahələrinin (“jek”lərin departament rəhbəri Ənvər Quliyevin qohumu olduğunu da qeyd edək) xidməti ilə mandat almağa çalışır. Gördüm…  Məyus oldum… Yazdım…Yazıram…Və bitirirəm:

Biz şərəflə mübarizə apardıq və xalqın özünəinamını qaytarmaq üçün əlimizdən gələni etdik – deməli, məğlub deyilik. Tanrı qatında, vicdanımız qarşısında dilimiz qısa deyil. Nə olsun ki, yenə də zəhmətimiz hədər sayılar. Bir gün qalıb seçkiyə. Sabah nəsə dəyişə bilər… Möcüzə olsa! Yox, yox…. Göstərişlərə “baş üstə!” deyənlər nə eşidib nə dediklərini və nə oyuna girdiklərini dərk etsələr!

P.S.: Dünən axşam, İTV vasitəsilə mənim və çoxlarının ürəyindən tikan çıxaran çıxışına görə, Azərbaycanın mərd və cəsur xanımı Gözəl Bayramlıya milyon yol təşəkkür edirəm!

Advertisements

Bir “Sizif”in iç səsi” üçün bir cavab

  1. Yadinda bir sheyi saxla millet olmaq chox boyuk bir meseledir sivilizasilalar ve cemiyyetler min illerdir buna dogru gedirler…..bizde ise belli olmayan sebeblerden bu ish duzelmir ki duzelmir baba belli olanlari bilirik,amma hansisa daha tehlukeli bir meqam var ki o hele shexsen mene belli deyil….

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma