Bir bayramın tarixi

Bir bayramın tarixi

(esse-memuar)

9 noyabr Milli Bayraq Günüdür. Və deyilənə görə, milli dövlətçilik tariximizdə önəmli rol oynayan bu günün yenidən yaddaşlara qaytarılması və ictimai-siyasi gündəmdə diqqətə çatdırılmasında mənim də rolum olub. Hələ, 3 il bundan öncə. Bununla, təbii ki, fəxr edirəm.

Lakin, bunu xüsusi bir yazıda yazmağı bir qədər “fəxriyyə” janrı hesab etdim və öz xatirə və düşüncələrimi “Seçkidən sonra xamuş” adlı essemin sonunda bir neçə cümlə ilə qeyd etməklə kifayətləndim.

Yazmayacaqdım, amma… Adıkeçən yazımı yerləşdirib yayımlayandan 1-2 saat sonra, telefonuma zəng gəldi. Bu, “Azadlıq” qəzetinin əməkdaşı Abbas idi. Mənə vaxtilə “Türküstan qəzeti”ndə “bayraq aksiyası” tədbiri ilə bağlı adımı oxuduğunu və millətin millətçi gənclərini unutmalı olmadığını dedi.

Bir az da həmin hadisə barədə danışmağımı istədi. Danışdım. Sonra isə, bir yazı yazmamı xahiş etdi. Mən razılaşdım, onun “e-mail” ünvanını itsədim və eyni zamanda öz bloquma dəvət etdim. Seçki günündə tutulmağımı və Əli Kərimlinin bəzi müşahidəçiləri ilə bağlı münaqişəmi də qeyd etdim – öz yerində.

Uzun sözün qısası, anlaşdıq. Mən evdən çıxırdım və yazını yalnız evə gələndən sonra yazacaqdım. Bir saat sonra “SMS” də yazıb “e-mail” istədim. Cavab gəlmədi. Deyəsən, bloquma girmişdi. Və deyəsən, cəbhəçilər və onların liderlərinin ünvanına yazdığım incik sətirlər xoşuna gəlməmişdi. Daha mən də “qəhrəman” obrazı kimi yararsız gəlmişdim. Cavab gəlmədikdə, yazı yazmaq fikrindən daşındım. Əslində, buna ehtiyacım da yox idi. Sadəcə, bəzi fikirlərimi ən çox oxunan qəzetlərdən biri olan “Azadlıq”da yayımlamaq imkanımı sezmişdim. O da ki…

…O zaman ki, “20 Yanvar” metro-stansiyası yaxınlığında bir dönərçinin “Gündə bir bayram çıxarırlar!” kimi narazı ifadəsini eşitdim. Yenə yazmaq keçdi içimdən, yenə də evə gəldiyimdə daşındım. Və yalnız gecə keçəndən sonra, saat 1:45 radələrində noutbuka çökdüm – dalbadal sümürdüyüm papirosların tükəndiyini hiss edəndə.

Bəli, indi bayrağımızın bayramından və ya o bayrağın tarixindən yazmalıyam. Amma, tarixçi deyiləm və elmi-tarixi cümlələr  yazmaqla da oxucunu darıxdırmaq istəməzdim. Sadəcə belə başlayaq:

Düz 92 il əvvəl qalxdılar ayağa. Onlar. Bu xalqın övladları. İndikindən heç də artıq mübariz olmayan Azərbaycan xalqının mübariz övladları. İndikindən fərqli olaraq, o vaxt xalqın çox hissəsi yazıb oxumağı bacarmırdı. Və ictimai-siyasi həyatda əsasən burjuaziya və ya mülkədar təbəqənin nümayəndələri iştirak edirdilər. Diqqətlə oxuyun: İNDİKİNDƏN FƏRQLİ OLARAQ!

Düz 92 il bundan əvvəl yoxdan bir bayraq yaratdılar. Bu xalqa özünəinam, qürur və mübarizlik bəxş etmək üçün. Bəs, sonra nə oldu? 23 aylıq hökumət süquta uğradı. Və ya uğradıldı. İstənilən halda, bu xalqın milli-mental dəyəri olan DAXİLİ DİDİŞMƏ adəti son qoydu yüksəlişə.

70 il keçdi. Yenidən dalğalandı bayraq. Və yenidən səsləndirildi bu bayrağı vəsf edən himn. Xalqa özünüdərk, özünəinam və özünəsayğı qayıtdı. Qayıtdı ki, xalq onu  boğsun öz içində…

2007-ci il. 7 Noyabr günü. Qarabağ Azadlıq Təşkilatının qərargahı. QAT Gənclər Şurasının sədri Mürsəl Həsənov, QAT fəalı Manaf Kərimov(həmin gün axşam Şəhidlər Xiyabanında mən, o, Elton və Ramin adlı 2 gənc birlikdə görüşüb, müzakirəsi 2 həftə gedən “Milli Fikir” Gənclər Hərakatı yaradacaqdıq), mən (21 yaşlı BSU tələbəsi və QAT üzvü Rüfət Əhmədzadə) və Azərbaycan Demokratik Gənclər Hərəkatının sədri Ağasif Şakiroğlu kiçik otaqda oturub söhbət edirdik. Ordan-burdan. Sonra, mən çıxdım böyük zala qəzet oxumağa, qayıtdıqda isə, qarşımda “Bayraq günü” tədbiri keçirmək təklifi peyda oldu.  Kimdən gəldi təklif deyə bilmərəm, amma, insafən deməliyəm ki, mənim rolum təşəbbüskarlıq və rəhbərlik olmadı. Sağ olsunlar min dəfə! Onların sayəsində bu cür şərəfli bir işin iştirakçısı oldum.

9 Noyabr Cümə gününə düşürdü. Həmin gün 28 May Metrostansiyasının önündə görüşdük. Çiyinlərimizdə bayraq, əllərimizdə kiçik kağız bayraqlar və Rəsulzadənin protreti olan tarixi məlumat yazılı kiçik vərəqələr… Mətbuatdan da çox adam var idi. Adamlardan çox isə, polis. Yəqin ki, mətbuata “bayraq aksiyası” kimi ötürülən məlumat diksindirmişdi yuxarıları. Biz isə, az idik. Cəmi 6-7 nəfər. Təşkilatlarımızın digər üzvləri səpələnmişdilər əraziyə və gözləyirdilər…

…Elə ilk cəhdimizdə, mülki geyimli polislər bizi mühasirəyə aldı. Bizi metroya tərəf sıxışdırmağa çalışdılar. Neft Akademiyasının divarı boyu düzülmüş yüzlərlə polis isə, seyirçi qalmışdı. Əminəm ki, onların çoxu adam döymək imkanından məhrum olduğuna görə təəssüf çəkirdi.

Təzyiqə əhəmiyyət verməyərək, vətəndaşlara kağız bayraq və vərəqələr paylayırdıq. Mənə qarşı zor tətbiq edilib, itələndikdə, etiraz olaraq vərəqələri səpələdim. Və bu bir mülki geyimli polisi qəzbləndirdi. Cəld kəmərimin arxa hissəsindən tutub “Şəhəri zibilləmə!” deyə yığdırmağa çalışdı. Bir neçə vərəqəni götürsəm də, sonra düşündüm ki, mən nə edirəm? “Yox” dedim və bir də gördüm ki, döyülə-döyülə (kürəyimdən – düz onurğa sütunumdan yumruqlanırdım) polis maşınına 20-30 metr aparıldım – demək olar ki, havada. Təsəvvürə gətiriin, paçası dartılan şalvarda 20-30 metr ayaq barmaqlarının üstündə aparılmaq nə deməkdir? Həm də onurğasından yumruqlar, qulağından isə təhqirlər ala-ala.

Mən 22-ci bölməyə aparıldım. Tədbirin digər iştirakçıları təzyiq altında “28 May”a daxil oldular. Sonradan bildim ki, sahil tərəfdə yenidən bayraqpaylamaya davam ediblər. Manaf Kərimov  və Mürsəl Həsənov isə, Saat qülləsinə dırmaşaraq, üçrəngli bayraımızı ən yuxarıya bağlayıblar. Buna sevinmək olardı. Çıxanda, təbii ki, çox sevindim. Ən azından, zəhmətimiz hədər getməmişdi və aksiya baş tutmuşdu.

Mən isə, içəridə absurd ittihamlarla qarşılaşırdım. “Müxalifətçilik”, “təxribatçılıq”, “ictimai asayişi pozmaq”, “özümü bu bayram barədə bir fərman verməyən dövlət başçısından ağıllı hesab etmək” və s…

… Telefon oğrusu və qıza sataşan bir nəşəxor ilə keçirdiyim 2 saatdan sonra azadlığa çıxdım. Məni Manaf və Elton gözləyirdi. Cibimdə isə, büzüşmüş və cırılmış kağız bayraq var idi Onu polis əzmişdi. Azərbaycan bayrağını formasında gəzdirən və bu bayraqla hansı xalqa-dövlətə  aid olduğu bilinən polisimiz.

Vaxt olacaq, biz bu bayrağı azad edəcəyik. Onu dekorativ rekvizit kimi istifadə edib görkəmdən salan əclafların əlindən!

İndi isə, bütün bayraqsevərləri bir daha təbrik edirəm. Artıq, sizin bayramınız rəsmiləşibdir. 2009-cu ildən. Həm də, dövlət səviyyəsində!

15 Noyabrda edilən qeyd: ŞOK! “Azadlıq”da Abbas adlı adam işləmirmiş. Qənimət Zahid də şəxsən təkzib etdi və o nömrəyə zəng etdi (070 618 16 09), adı Əli imiş və “Azadlıq”da işləmirmiş. qəribədir, məhz bu günlə bağlı məndən yazı istəyən kim idi? Olmaya, mənim keçmiş “silahdaş”larım mənim onlar haqda fikrimi bilmək istəyirdilər?

Advertisements

Bir bayramın tarixi” üçün 4 cavab

    • ÇOX SAĞ OL. AMMA MEN HESZAD ELEMEMİŞEM Kİ, “SENİN” DEME İMKANI OLSUN. HƏMİN ŞƏXSLƏRLƏ AYRI-AYRI OSLAQ DA, İNDİ MƏNİM HAQQIMDA HƏR NƏ DESƏLƏR DƏ, MƏN ONLARIN HAQQINI YEYƏMMƏRƏM. BAX BUNA GÖRƏ DƏ, RİSK EDİB YAZMIŞAM DEMƏK OLAR.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma