Tikanlı esse

Və yaxud

Patriotlar üçün “pat” vəziyyəti

Anti-milli Konstitusiya gününü başa vurduq. Və həm də, saxtakarlıq və şərəfsizlik bahasına keçirilmiş Milli Məclis seçkilərindən 5 gün daha uzaqlaşdıq. Seçkilərdən günlər keçdikcə, mətbuatdakı saxtakarlıq ittihamları və seçkilərə həsr olunan başlıqların da sayı azalmağa başladı. Burda, “saqqız çox çeynəndikcə dadını itirər” məsəlini də qeyd etmək olar. Xalq, müxalifət və mətbuat da yenidən asta-asta yuxuya gedəcək və bir də 2013-cü il prezident seçkilərində oyanacaq. Ümumi götürəndə, bizim müxalifətçiliyimiz də, demokratlığımız da “növbətçi”likdən o tərəfə getmir. Bloqçularımızın çoxu da artıq başqa mövzulara keçid alırlar. Daha romantik, daha həyati, daha duyğusal…

… Müxalif mətbuat hakimiyyətin birabıqçı “qələbə”sindən, müqtədir q(k)ələm xadimlərimiz isə, müxalifətin  birabırçı məğlubiyyətindən yazır. Hər iki tərəfdə də eyni ittiham var: BİABIRÇILIQ.

Amma, əslində isə, nə müqtədirlər biabır olub, nə də müxaliflər. BİABIR OLAN XALQDIR! Bu fərsiz iqtidarı da, bu aciz müxalifəti yetişdirən, ortaya çıxaran və sahib çıxa bilməyən xalq. Ortada qalan xalq – sözün hər mənasında. Səsini “bəxti-xuda”ya həvalə edən, hər iki tərəfdən gözünü sıyırıb göyə dikən (əslində aşağı, lap aşağı – paçasının arasından aşağı) və “Mehdi gözləyən” xalq.

Guya, Mehdi də gəlsə, bacaracaq bu xalqla! Ay-hay! Bu xalqda xalqlıq qalmayıb. Onlar – yəni, xalqın haçalanmış-parçalanmış üzvləri, çoxdandır ki, bir yerə ancaq məktəb direktoru, fakültə dekanı, universitet rektoru, icra hakimi, botalyon komandiri və idarə rəhbərlərinin göstərişi ilə yığışırlar. Şəxsən, mən inanmıram ki, yaxın 10-15 il ərzində, hansısa ideya ətrafında 50-60 nəfər bir yerə cəmləşə bilsin və nahaqqın üstünə getməyə cəsarəti çatsın. Əlbəttə ki, bu xalqın cəsur oğulları var, amma, ayrı-ayrı tinlərdə.

Xalq iqtidarı da, müxalifəti də baykot edib. Üçüncü qüvvə gözləyir guya. Amma, üçüncü qüvvənin və ya liderin ortaya çıxması və QÜVVƏ kimi görünməsi üçünsə, ÜÇÜNCÜ TƏBƏQƏ olmalıdır. Bu isə, yoxdur. Ya da ki, o qədər zəyif və pərakəndə vəziyyətdədir ki, özünün QÜVVƏYƏ EHTİYACI VAR. O ki qaldı, hansısa qüvvəni ortaya çıxaracağına…. Bu xalqın canında “hazıranazirlik” var. Sən özün güc (pul) tapıb onun qarşısına çıxmayınca və gözlərini-qulaqlarını manızlar sayağı “mazol” etməyincə, onlar səni qəbul edən deyil.

Heç siyasi reklam vasitəsi ilə də bu xalqa özünü tanıtmaq çətin olub. Çünki, xalq öz televiziyasındakı siyasi verilişlər bir yana qalsın, informasiya proqramlarını da izləmir. “Toy olsun”, “Onun yarısı”, “Çal-çağır” , “Maqazin” və sairə və ilaxır və ilxı. Kriminal xəbərlərə maraq da siyasi xəbərlərə olan meyldən daha böyükdür.

Pultla idarə olunan televiziya kanallarında tez-tez deyilir ki, seçkilərdə “50 tam 100-də filan qədər” seçici iştirak edib seçkilərdə. Sonra da seçkilərin yüksək səviyyədə keçirilməsindən dəm vururlar. Necə olur ki, 50 faizlik iştirak olan seçkilər yüksək səviyyəli olur? Şəxsən, iştirak etdiyim 31 saylı dairədə 25 %-dən artıq seçici marağı görmədim. Tutaq ki, seçicilərin 50%-i bütün ölkə üzrə gəldi… Bəs, qalan 50 faiz? Bu, hələ karusel, işçilərin zorla seçkiyə göndərilməsi və pul hesabına “yığma-tökmə” hesabına alınmış rəqəmdir. Könüllü olsa idi, əminəm ki, cəmi 10-15 faiz iştirak olardı. O da, az-çox nəyəsə ümid edən müxlaifətçilər və namizədlərin qohum-əqrabası olardı.

Millət artıq demokratiyadan da bezib. Yox, onu bezidiriblər. Əlbəttə ki, bir adama “şomu” adıyla çayır otunu dalbadal yedirtsələr necə olar? Axı,yetim ömründə “şomu” görməyib! Onun gördüyü elə otdur ki, qoyun kimi soxurlar gözünə. Çayırdan da bezib, “şomu”ya da ümidini itirib, indi saman istəyir. Ümummilli mənada – FEODALİZM!

Gəlin, sıravi vətəndaşların  dilindən ən çox çıxan ifadəni oxuyaq (yapçılar oxusunlar və fərəh duysunlar):

“Seçki-meçki boş şeydir. Hər şey prezidentdən asılıdır. Elə parlamenti buraxsalar, bizim də canımız rahat olar, qulağımız da dinc!”

P.S.: Hardansa qulağıma gəlib çatdı ki, 31 saylı Suraxanı seçki dairəsinin “seçilmiş”i Fərəc Quliyev çox pis əsəb sarsıntısı keçirib. Keçmiş olsun və Allah şəfa versin! Və bir də, işdüzəldən mələklərindən birini göndərsin Fərəc bəyin qulaqlarından birinə pıçıldamağa ki, bu dünyada saxtakarlıq yolu ilə alınan mandatlar o dünyada heç bir rol oynamır. İlahi, amin!

Advertisements