Əsas səhifə » Esselər(içsəslər) » Yuxu, kökə və heykəl

Yuxu, kökə və heykəl

(maksimum səviyyədə səmimi esse)

Yuxu həyatdan daha sirlidir. Baxmayaraq ki, çox yuxuların mütləq yozumu var, amma, indiyədək, hələ heç bir həyat hadisəsi mütləq dəyərləndirilə bilmir. Mütləq diaqnozlar verilsə belə, yanlış seçim və uğursuz nəticələr daha çox olur. Bəlkə, elə həyata yanaşdığımız kimi, yuxulara da nisbilik fəlsəfəsindən yanaşaq? Dəqiq heç nə deyə bilmərəm. Çünki, cavabımın “mütləq diaqnoz” kimi səslənməsindən qorxuram. Deyəsən, məni “nisbilik xəstəliyi” tutub. Paradokslar içindəyəm, yəqin, ona görə. Və ən əsası, ona görə ki, həyatın ən paradoks və təzadlarla bol olan gənclik dövrünü yaşayıram. Xüsusən də, belə bir cəmiyyətdə.

Harda qalmışdıq? Yuxuda. Yuxu həyatın ayrılmaz hissəsidir. Onu nə qədər “ani ölüm” kimi dəyərləndirsələr belə, biz onu yaşayırıq. Yuxunu. Görürük, hiss edirik, düşünürük… və həyatımızı da, çox zaman ya bilərəkdən, ya da şüuraltı olaraq bilməyərəkdən, elə yuxu yozumları və təəssüratları əsasında qururuq. O, bizim həyatımızda stimulverici amil rolunu oynayır. Təsadüfi deyil ki, bir çox dindar və mühafizəkar cəmiyyətlərdə (və ya ailələrdə) yuxu amili bəxt nöqütyi-nəzərindən də böyük əhəmmiyət kəsb edir. Hətta, magiyada belə yuxu amili heç vaxt nəzərdən qaçırılmır.

Novruzqabağı, son çərşənbə günlərində subay qızların duzlu kökə yeyib yatması və yuxuda öz gələcək sevdalısını (adaxlısını) görməsi kimi axmaq bir ənənə var. Nə qədər düz olsa da belə, axmaqdır. Çünki, insanları axmaqlığa sürükləyə bilir. Şəxsən, özüm də, sevdiyim qızdan ağır zərbə almışam –  məhz, son çərşənbə günü gördüyü yuxuya görə. Çünki, yuxusunda mən yox idim. Beləcə inamsızlıq, sərsəm inadlar… Nəticədə, ayrılıq. Əminəm ki, mən tək zərərçəkən deyiləm. Bir çox oxucumdan da bu barədə giley dolu məktublar almışam. Xüsusən də, “Son məktub” adlı yazımdan sonra.

Elə, özüm də bilmədən-istəmədən yoluxmuşam bu yuxu xəstəliyinə. Çünki, yuxuda gördüyüm bir çox hadisələr və ya əlamətlər özünü həyatda doğruldub. Amma, özünü hələ ki doğrultmayan bir yuxu var – vaxtaşırı, azca fərqlər olmaqla ildə bir neçə dəfə gördüyüm  bir yuxu. Daha doğrusu, yuxumdakı qız. Mənə su verən, əlimdən tutan… Onu hələ ki görə bilmirəm. Rastıma çıxmır. Həyatımdan is,ə günlər və qadınlar gəlib-gedir. O isə, hələ ki… Deyəsən, doğulmayıb!

Sevgi məsələsini qoyaq bir qırağa, ictimai-siyasi yuxular da olur arada ki, məni çox narahat edir. Amma, heç də pis yuxular deyil, əksinə, möhtəşəm gələcək vəd edən yuxulardır (Müəllif burda uğunur).

Bu yaxında isə, çox paradoksal, hətta, deyərdim ki, absurdla dolu bir yuxu gördüm. Bir parkda oturmuşdum, fəlsəfi pozada papiros tüstülədirdim. Güllü-çiçəkli, yaşıl otlu, sıx və hündür ağacları olan bir park idi. Kievdə oturmağı çox sevdiyim Şevçenko parkını xatırladım. Ona çox bənzəyirdi bu park. Ətrafdakılar da elə sarı-kürən məxluqlar idi. Amma, 10-15 metr yaxınımda bir ins-cins yox idi. Parkda heykəl də. Qarşımda isə, dairəvi bir meydança…

…Uzun sözün qısası, Hardansa, iri bir kuzovlu maşın və kran gəldi. Maşının kuzovunda ağ çexola bürünmüş nəsə var idi. Əlbəttə ki, heykəl. Kranın ucunu ilişdirdilər heykəli bağlayan troslara, qaldırıb qoydular parkın ortasına – qarşımdakı dairəvi meydançaya. Trosları açdılar, çexolu çəkdilər… Qarşımda nə canlansa yaxşıdır? MƏNİM HEYKƏLİM! Bəli, bu mən idim. Üzümdəki qüssəni, kədəri, həyəcanı və ən əsası, sırtıq təbəssümü lazımınca təsvir edə bilməsələr də, mənə oxşatmışdılar. Eynək taxan, saçı səliqə ilə sağa daranan üzüqırxılı heykəl kostyumda idi, sağ əli sinəsindən pencəyinin altına girmişdi, bir əli şalvarının cibində, sağ ayağı isə, irəli. Lap, Napoleonun duruşuna bənzəyirdi. Bütün park əhli tamaşaya yığışmışdı. Şəkil çəkdirmə mərasimi də başlamışdı artıq.

Öz heykəlimi görəndə, qeyzləndim. Qəzəblə heykəli gətirənlərin üstünə şığıdım.  Var gücümlə bağırırdım: “Mən heykəllərə nifrət edirəm! Yığışdırın onu! Mən sağam, mənə niyə heykəl qoyursuz? Yığışdırın…” Məni ordan qovdular.

Amma, yox! Əvvəlcə, qadınlı-kişili yığışıb məni it kimi döydülər, sonra isə, dalımdan kiminsə vurduğu son təpiklə dövrədən çıxdaş etdilər. Mənsə, sürünə-sürünə, gül kimi istirahət etdiyim (tüstülətdiyim) parkı tərk etdim. Sonra isə… Yadıma gəlmir. Elə, deyəsən, ağrılardan oyanmışdım. Bədənim həqiqətən sızıldayırdı. Başımda, qolumda və dizlərimdə şişlər var idi. Sanki, doğrudan da döymüşdülər məni. Əslində, mən yatarkən özümü divara çırpımışdım.

Ufuldaya-ufuldaya düşündüm:

Xalqını, ölkəsini qarşılıqsız və sonsuz sevən bir kəs, özünü bu xalqa nə qədər həsr etsə və can fəda etsə də, xalqın (və ya dövlətin) bildiyi ən yaxşı qədr-qiymət heykəl olacaq. İdeya, fədaini narahat edən problemlər, haqsızlıqla mübarizə, ədalət prinsipləri isə… Əşşi! Təki, abidələr bol olsun, büdcədən pul xərcləməyə yer tapılsın. O ki, qaldı zalımlara… Onların heykəlləri sülalələrinin ömrünə tabedir.

Həyat yuxudan onunla fərqlənir ki, dadını görmək üçün pulun olmalıdır. Yuxulara inanan fədailər bunu çətin anlayar.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma