Əsas səhifə » Esselər(içsəslər) » They don’t care about us!

They don’t care about us!

Və yaxud

Böyüklər üçün yekə bir nağıl

(felyeton)

Biz də bu dünyaya onlar kimi, əynimizdə əynimiz ilə gəldik. Onlar da bizim kimi, ilk hava udqumunda ağladılar.

Biz də daddığımız zəhrimarın nə olduğunu, düşdüyümüz xarabanın necə göründüyü bilmək üçün, qorxa-qorxa göz açdıq. Elə onlar da eynən. Bizim gözlərimizi böyüklər açdı… Onların gözlərini YEKƏLƏR.

Bizi min bir zəhmətlə, arada-bir nazımızı, tez-tez də qulağımızı çəkə-çəkə böyütdülər. Onları isə… Sadəcə, YEKƏLTDİLƏR!

Biz böyüyə-böyüyə onlardan fərqlənməyə başladıq. Çünki, biz böyüklər və böyüklüyə inanırdıq, böyüklüyü sevirdik… Onlar isə, YEKƏLİK yolunda addımlayırdılar. Bacarmasalar belə, yekə əllər onları itələyirdi qabağa. Bizim böyük fikirlərimizdən fərqli olaraq, onların YEP-YEKƏ addımları vardı. Ona görə də, YEKƏLƏNİRDİLƏR.

Bizə isə, nə vaxtsa demişdilər: “Əsl böyük olan kəs, öz böyüklüyünü göstərməyəndir.” Yəni, YEKƏLƏNMƏYƏN!

Biz buna inanırdıq, biz böyüklərimizdən bu BÖYÜK sözləri dinləyirdik… Həm də, BÖYÜK HƏVƏSLƏ. Amma, düşünmürdük ki, bəlkə, elə bu sözləri YEKƏLƏŞƏ bilməyənlər deyiblər?!

Hə.. Harda qalmışdım? Biz yekələnmirdik, ona görə də, yekələr kimi yekə yerlərə keçə bilmədik. Və bir də baxdıq, ki, YEKƏLƏR BÖYÜKLƏRİ ALÇALTMAĞA ÇALIŞIR. Biz nəsə etməliydik. Axı, bizim əlimiz-qolumuz-ayağımız var idi… Ayaqlarımızdan dartıb yıxdılar. Qollarımızı burub başımıza qaxdılar – yağış kimi çiləyən dəyənəklərdən qoruna bilək deyə.

Düşündük ki, yox… Ay, nə yaxşı! Düşünməyi bacarırdıq. Deməli, danışmağı da!Bizim danışmaq-dinmək bacarığımız var idi… Odur ki, dilimizi dinc qoymadıq – əlimizi yanımıza salsaq da. Onlar kimi bağırmağı-çığırmağı demirəm.Biz nə danışdığımızı yaxşı bilirdik. Onlar da yaxşı bilirdi – NƏ BAĞIRDIQLARINI.

Elə, bizim danışdığımızı da yaxşı bilirdilər. Sadəcə, bağırıb qulaqlarımızı kar edirdilər ki, bizim təmkinlə dediklərimiz onların (q)ulaq pərdələrini dəlməsin. Biz onların vay-şüvənindən qorxmadıq. Çünki, böyük idik. Böyükləri yekəliklə qorxutmaq mümkün deyil.

Və dedik: “Bura baxın, bəsdirin yekəxanalıq etdiniz, nə yekəlik, nə də böyüklük istəmirik sizdən… Heç olmasa, elə bir cəmiyyət qurun ki (qura bilmirsiz, imkan verin, biz quraq), insanlar qorxa-qorxa yaşamasın.”

Onlar isə, yekə bir həyasızlıqla dedilər… Pardon, bağırdılar: “Siz hələ şükr edin ki, küçəyə rahat çıxa bilirsiniz!”

Dedik ki, elədirsə, onda sərbəst toplaşma hüququmuz da olmalıdır. Ucadan cavab gəldi: “Baho! Siz bir gedin, baxın, görün… Barlarda nə qədər sürtüşənlər… Bağlarda nə qədər öpüşənlər… Nəyə lazımdır asayişi pozmaq?!”

Səbrimiz tükənirdi… Dedik, bəlkə tonumuzu qaldıraq: “Azadlıq istəyirik!” Qəh-qəhə və tənə ilə, çımxırdılar bizim üstümüzə: “Veririk – meydanda yox, səhnədə. Çıxın, soyunun… Və abır-həyanızdan azad olun!”

Əsəbləşdik, ufuldadıq… Dilləndik: “Bütün günü efirdə “incəbelli sənəti” göstərirsiz… Barı, siyasət verin!”

Cavab gəlmədi. Susdular… Elə bildik, cavab fikirləşirlər. Ümid etdik: “yəqin ki, bir müsbət cavab olacaq!” Bir də baxdıq… Onlar bizə pornoqrafiya göstərir. Gündüz-günorta çağı. Siyasət olmasa da, siyasi məqsəd ilə.

Daha heç nə demədik. Dilimizin qısalığından deyil, həmsöhbətimizin qanmazlığından! Üzümüzü xalqa tutduq – BİZDƏN OLANLARA. Amma, bizdən olanlar… Bizim “bizim” deyib yandıqlarımız… QULAQLARINI TUTUB ONLAR TƏRƏFƏ KEÇDİ. Bizi necə dandılar…

…Pərt olsaq da, təslim olmadıq. Böyük mübarizədən yorulmadıq. Amma, artıq dinmirik, heç kimə də heç nə demirirk. Biz hələ ki, yazırıq. Yazırıq ki, bəlkə bizim olanlar, yəni, bizimlə bir bizim kimi qalanlar bizi anlayarlar, bizimlə bir nə vaxtsa dillənərlər, səsimiz boğulmaz. Əllərini qaldırıb, irəli addımlarlar – qarşımızı kəsən maneə olmaz…

Bu ümidlə yazırıq. Hələ ki, pis alınmır. Amma, çox heyf olsun! Biz azlıqda qalmışıq. Böyüklərə qarşı olan yekələr öz yanlarına çəkib – alçaltdıqları bizimkiləri. “Yanlarına çəkib” yox, “qabaqlarına qatıb” desək daha doğru olar.

Əşşi! Nə olacaqsa, olsun! Biz yazırıq. Çünki, bizə görə, yazmasaq rahat yaşaya bilmərik. Çünki, bizim BÖYÜK VİCDANIMIZ VAR. Amma ki, yazdıqca da… Kimsə hardansa dedi: “ÇOX YAŞAYA BİLMƏRİK!”

Nə?! Hansı qorxaq dedi bu son cümləni?! Bax, elə bu saniyə, tez çıxsın bir addım irəliyə… Baho! Ay bizimkilər! Xahiş edirəm, bir-bir!


Advertisements

They don’t care about us!” üçün 9 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma