Əsas səhifə » Esselər(içsəslər) » Cütləşmə hüququ

Cütləşmə hüququ

Və yaxud

“Din-din” nə din deməkdir, nə də DİN!

10 Dekabr Beynəlxalq İnsan Hüquqları günü də beləcə keçib getdi. Adi günlərdən bir az fərqli şəkildə. Onu fərqə mindirən isə, bir adı oldu… Üstəgəl, insan hüquqları dərdi çəkənlərin yazıları, müzakirələri və tək-tük bəyanatlar. Bəlkə, hanısa gənclər təşkilatı “parti” də keçirdi – xəbərim yoxdur. Hansısa QHT hansısa q(K)rantdangələn tədbir də keçirə bilərdi – dəətim olmayıb. Amma, yenə də, ruslar demiş: “Ni bolşe, ni menşe”. Günün dalınca baxma, getdi. Ömrümüzdən.

Kimi üçün boğazdan yuxarı gəldi edilən söhbətlər, kimi üçün mədədaxilindən bağırsağxarici mahiyyət daşıdı, kiminin ürəyini sızıldatdı… Kimi üçün isə, göbəyinin aşağısına da, paçasının arasına da olmadı. Heyvan kimi baxdıqları insanların hüququ olduğunu düşünərlərmi yəni? Bir yazar dostumun dediyi kimi, onun kor bucağından belə şeylər görünmür. Onun. Onun kim olduğunu soruşmayın. Heç özüm də bilmirəm. Yazar dostumdan da soruşdum, dedi “öldür, demərəm!” Təklif edirəm ki, bu da bir dövlət sirri kimi qəbul edilsin.

Sovet dövründə, rüblər, illər, beşilliklər plan kimi yola verilirdi. İndi, hər günümüz yola verilir. Və hər günə bir ad qoyub, növbəti günü eyni tempdə qarşılayırıq. Yuxarıda dediyim kimi, azca fərq o günlərin statusunda olur. Necə ki, seçkiləri öncədən hazır olan mandatlarla yola verdilər, necə ki edilən şikayətləri, necə ki, bütün məhkəmələri əvvəlcədən yazılmış qətnamələrlə…

Gələn il də, Avropa Məhkəməsinin kəsdiyi cərimələri yola verəcəklər. Kasıb-kusubun gözünü dikdiyi büdcənin pulları ilə. Onsuz da, bu büdcədən pul çıxmalıdır. Və müxtəlif layihələrə, növbənöv tədbirlərə xərclənməlidir. Heç olmasa, bu plan elə yerinə yetirilməlidir ki, icra edənlərin də xeyri olsun. “İcra edən” deyəndə, yanlış anlamayın, lütfən. Mən “biyara gedən”ləri demirəm.

Bu il çox polifonik il oldu. Sözün hər mənasında. Daşqınlar, basqınlar, soyğunlar, ifşalar, görüşlər, qırışmalar, isti buxar, soyuq duş… Və dindarlara bir sürpriz də, xüsusi olaraq eyd edilməlidir. Uzun illər boyu, hələ də rüşvətxorluqla mübarizə aparıb onu məhv edə bilməyən (bu arada yaxınlarda həmsöhbət olduğum bir ağsaqqaldan eşitdim məsəl yadıma düşdü – “Bağban əkdiyi ağacı kəsəndə, uf deməsə, bağban deyil!”) cənab nazirimiz bir qərarla dindarları pat vəziyyətində qoydu. Kimisi dedi ki, yaxşı edib, kimisi dedi ki,  dinçilərə bəhanə verilib.. İstənilən halda, bu qadağa bir çoxlarının heysiyyətinə toxundu. O qədər ki, bunu “namus-qeyrət” çərçivəsinə çıxardılar. Mənim fikrimcə isə, bu qadağanı yalnız 9-cu sinifdən aşağı tətbiq etmək daha yaxşı olardı. Artıq şərh verməyəcəm.

Yaman qeyrətbaz və abır-həya gözləyən cəmiyyətimiz var imiş. Elə, dindarları da bura qatıram. İndiyədək, gənc dindarların dul və boşanmış qadınlarla siğəyə girməsindən çox eşitdim, tanışlarım da var. Amma, bu gənc “mömin”lərdən biri belə, bu cür qadınlarla daimi ailə quracaq arzsunda və ya cəsarətində deyillər. Etiraf edək ki, mühafizəkar ortamda böyümüş hər kəsin ailəsində belə bir fikir var: “Camaat bizə nə deyər? Ayıbdır. Min cür söz eşidərik…” Bu da sizə, dinin “din-din” davası. Məgər, dul və ya boşanmış qadınların yalnız cinsi tələbatımı olur? Nə isə…

Eləcə, müxtəlif fiziki deffektlərə sahib adamlar barəsində də belə demək olar. Cəmiyyətin münasibəti eynidir. O zaman, cəmiyyətdə pərakəndə yaşayan və hər iki cinsdən də olan bu cür insanlar necə etməlidir? Öz “yarı”larını axtarmalıdır. Bunun üçün isə, təbii ki, son zamanlar gündəmə minib (sözün hər mənasında) düşməyən evlənmə verilişləri məqsədəuyöun sayıla bilər.

Xüsusən, yaxın günlərdə, bu verilişlərə gələn yaşlı (çoxu da övlad qayğısından məhrum), boşanmış, dul və ya deffektli insanların özünə tay tapması ilə bağlı xəbərlər məni sevindirir. Bəli, sevindirir. Oxucum deyəcək ki, bəs tənqid edirdin?! Əslində isə, həqiqət budur. Mən bu verilişləri deyil, xalqın bu verilişlərin FƏLSƏFƏSİNƏ VARMADAN öz həyatının ayrılmaz hissəsinə çevirməsinə təəccüb edirdim. Mən ona təəccüb və təəssüf edirəm ki, xalqımız bir şeyi anlamır:

AXI, NİYƏ İNSANLARIMIZ SEVGİDƏN, QAYĞIDAN VƏ DİQQƏTDƏN KƏNAR QALMALIDIR Kİ, EVLƏNMƏ VERİLİŞLƏRİNƏ DƏ EHTİYAC OLSUN?!

Xalq isə, evə qapanır, televizorun arxasında azartla iki (ANS və ATV) kanalın arasında manevrlər edir… Qonşusunun, qohumunun, sevdiyinin, sevəninin nə öldüsündən, nə qaldısından xəbəri yoxdur. Bəli, insanlar həqiqətən də reallıqdan uzaqlaşıblar. Virtuallıq onları çəkdikcə, qapıdan qıraqdakı həyat və mühit onlar üçün maraqsız olur. Amma, TV arxasından, uzaqlarda kimlərinsə cütləşməsinə tamaşa edirlər. Bu arada, yuxarıdakı fikirlərin ümumi ruhuna uyğun bir cümlə ilə, zəhlətökən yazımı bitirirəm:

“QONŞUM YAXŞI OLSAYDI, KOR QIZIMI ƏRƏ VERƏRDİM!”


Advertisements

Cütləşmə hüququ” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma