Julliyan Assanca məktub

(felyeton)

Salam, əziz dostum(uz), çox  hörmətli  və başıqalmaqallı müasir “Robin Qud”umuz Julliyan Assanc! Mən sənə bu qədər təmtəraqlı xitablarla (lap özümü “yapçı”lar kimi hiss etdim) başlayan bir məktub yazmazdım, əgər… Eh, Julliyan… O qədər şeylər baş verdi ki sənin hoqqalarından sonra – adam bilmir “əgər”in dalınca nə yazsın.

Açığı, heç sənə məktub yazmaq fikrim yox idi. Eləcə, ötən günlərdə “wikileaks” haqqında bir yazı yazmaqla kifayətləndim. Tövbə-əttövbə, bəzi dövlətpərəst yazançılar kimi səni MKİ cəsusu adlandırmadım. Sadəcə, qeyd etdim ki, burda nəsə bir “amerikanka” var. Billiard oynamağı sevməsəm də, xəbərim var – gördüyün kimi. Və nəsə bir ümummilli vərdişdir məndə ki, hər adi şeyə də, bir siyasi zad yapışdırmasam bağrım çatlayar.

Mən yaxın günlərdə bir məktub yazmışdım – Culyettaya. Və ondan xəbər gözləyirdim ki, görüm, hardansa mənim Culyettamın da səsi çıxacaq. Amma… Növbəti gün sürpriz oldu. Çox bəd bir sürpriz. Eşitdim ki, səni həbs ediblər. Əvvəlcə, inanmadım. Oxudum, yenə də inanmadım. İnanmaya-inanmaya gözlədim… Bu dəfə, dayanammadım. “Dişi güdən yerdə, mənə erkək qara verirmiş!” məsəli burda yerinə düşür. Taleyimlə barışıb, sənə bir məktub yazmaq istədim. Əslində, istəmirdim… Lakin, içimdən keçdi. Kresloları cərəyana qoşan sızıntıların kimi.

Hər şey çox qəraib və əcaib görünür sənin “sızıntılar”ının ardınca. Və az qala, bəzi məmurların beynində də sızıntı yaranıb. Yalan-gerçək eşitdiyimə görə. Bəzi iş adamlarının seyflərində yaranan sızıntılardan isə, qəti xəbərim yoxdur. Mən atalı-analı bir yetiməm ki, ancaq sübh tezdən yastığımın böyrünə qoyulmuş bir manat papirospulu görürəm. Və bütün gün ərzində yaşamağa da, mənə bu bir manat stimul verir. Bir də ki, yardım əli uzatdığım yazar dostlarımın sms-lə göndərdiyi yardım şifrələri. Bununla, internetdə səni də, sənin “leak”lərinin qəhrəmanlarını da izləyə bilirəm.

Amma, çox heyf olsun ki, son günlər sənin haqda dəqiq məlumatlar ala bilmirəm. Təkcə, bildiyim odur ki, sənə simpatiyası olanlar müxtəlif şəhərlərdə aksiyalar keçirməyə başlayıb. Əllərində də sənin şəklin. Bu, aksiyadan çox karnavala bənzədi, vallah! Sənin həbsin də azadlığın kimi məzəliymiş, Assanc! Nə isə… Səndən xəbərim olmasa da, özümdən və yaşadığım Masazır kəndindən azca yazmaq istəyirəm sənə. Burdan xəbərin olsun.

Kənd özlüyünə pis kənd deyil. Hətta, rəsmi tərəfdən qəsəbədir. Qeyri-rəsmi tərəfdən isə… Kəndimizdən danışım ey sənə! Yox, ay Julik, tələsik ötürmə məktubu. Sənə nə ümummilli problemimiz olan qaz-işıq qıtlığından danışacam, nə də fəxr etdiyimiz neft-qaz bolluğundan. Heç, hörmətli prezidentimizin kəndimizə hələ gəlib çıxmayan uğurlu siyasətindən də dəm vurmaq həvəsim yoxdur. Hətta, onu da yazmayacam ki, 1 aya yaxındır küçəmizdəki qaz borularımızı kəsiblər, indi isə, dölət tərəfindən ayrılmış yeni boruları çəkmək naminə gözləyirlər ki, hər qapıya 50-60 manat atışaq.

Atışmaqda yaxşıdır bizim kəndin əhalisi. Amma, küçədə az-az atışırlar. Ya kafelərdə, ya da avtobuslarda….  Hə, sənə kəndimizin sənin öyrəşdiyin ölkələrdən fərqindən danışım. Avstraliyanı deyə bilmərəm, amma, Avropa ilə fərqlərini azacıq hiss edirəm. Məsələn…

Bax, ey Ümumdünyəvi Julikimiz! Bizim kənddə, atası bilinməyənə “bicbala” deyərlər. Atasını tanıyan yoxdur deyə, “Allah bilir” inamı ilə qeybət qırmarıq, anasını isə, fahişə kimi barmaqla göstərərik.

Sizin tərəflərdə isə, “atasız doğulan” deyəndə, ilk ağlınıza “Tanrı oğlu” gəlir. Yəqin, ona görədir ki, sizdə belələri çoxdur. Qadınlar da, utanmadan-çəkinmədən, ana olmaq arzusunu klinikada çin edir. Kişisiz ailələrə sizdə hörmət edirlər…  Bizdə isə, ümumiyyətlə, “hörmət” sözü öz.lüğəvi mənasını dəyişib.

Bizim kənddə, “Mariya” adı sarışın fahişələri salır bizim yadımıza…Bəzi qadınlar da ah çəkərək, Rusiyadakı kişilərinin əkdiyi uşaqları hesablamağa çalışır xəyalında. Ən yaxşı halda, hansısa serialdan bir qəh… qəhrəman olar. Onun da, ya atası bilinməz, ya sevgilisi kiminsə əri olar.. Və ya doğduğu uşaq kiminsə tərəfindən oğurlanmış olar.

Nə qədər faciə çəkir, çəksin… İstənilən halda, Mariya fahişədir. Çünki, bizim kənd qızlarının beynini məşğul edir. Kənddən kənardakı həyatı onlara başqa cür tanıdır. Elə bil ki, kənddən çıxan yeganə marşrut onları Bakıya yox, Karakasa aparacaq.

Mariya bizim kişilərimizlə də məşğul olur – sekslə. Xəyaldamı, realdamı, bilmirəm. Əksər qadınlarımızın dərdi-səri isə.. Kimlərisə televizorda evləndirib, həyatda ayırmaqdır. Sevimli verilişləri və serialları olmayan vaxtlarda, məhlənin ortasında bir qurultay çağırıb onun-bunun qeybətini qırar, ailə həyatını müzakirə edərlər. Kiminsə ərini şərləməsələr, kiminsə qızını ləkələməsələr, həmin günü səmərəsiz hesab edərlər. Belə bir qayda da var: “Qız uşağı nədir, taksiyə mindi nədir.” Gərək ki, marşrut avtobuslarda sürtüşmələrə düşsün.

Qadınlar öz ərlərindən xəbər alanda isə, özlərini qəti sındırmaz. “Gəzib-gəzib öz xarabasına gələcək” deyər. “xaraba” demələrinə baxma, bizim kəndin adamları öz evlərinə müqaddəs məfhum kimi baxarlar. Hətta, onu “Vətənin və dövlətin kiçik modeli” adlandırarlar. Hələ bir məsəl də var: “ Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı!” Bu məsəli isə, atalarımız bizə miras qoyub, qadınlarımız evə çevirib, yanına da  bir” xaraba” sözü əlavə edib.

Vay o günə ki, hansısa kişisiz evə hansısa yad kişinin, hətta, 14-15 yaşlı bir oğlan uşağının girməsini görələr… Məhlə nədir, kənd nədir, bütün ətraf kəndlərə xəbər yayılar və həmin evin qadının da bütün koordinatları və telefon nömrələri elə həmin məhlənin qeyrətli kişiləri tərəfindən  4 yana səpələnər.

Bizim kənd adamları duz çıxarmaqda məşhur olsalar da, xəbər-şaiyə yaymaqda, sənin tanıdığın bütün informasiya agentliklərini geridə qoyarlar. Xüsusən də, “qara piar” üsulu bizim camaatın əlindən yaxşı gəlir. Saxta xəbər doğru xəbərdən daha tez yayılır. Çünki, bunu yayanlar da bu işi daha fərqli həvəslə edirlər.

Deyəsən, seksdən-fahişədən-arvaddan  çox yazdım, sənin də bu subay və məhbus vaxtında ağlını qarışdırdım. Gəlsənə, indi bir az da məktəblərimizdən bəhs edim sənə. Yox, ay yoldaş! Rüşvətxorluqdan, pornoqrafik-politmantik ənənələrdən qeyd etməyəcəm. Sadəcə, deyim ki, bizdə də Avropasayağı bir mütərəqqi islahat keçirilib. Yəqin ki, bu islahatdan xəbərin var – “məktəblərdə hicab qadağası”. Amma, onun cəmiyyətdəki və xüsusən də, bizim kənddəki uğurlarından xəbərin olmaz. Buna əminəm.

Belə ki, on illərdir rüşvətxorluqla mərd-mübariz savaşan nazirimiz durdu birdən qərara gəldi ki, hicab yığışdırılsın məktəblərdən. Dimdiyi sınıq xoruz ruhlu camaatımız isə, birdən diksindi. Yox, diksindirdilər. Mollaların dümsüyünə nə gəlib? Hə… Onsuz da, bizim kənddə belə adət var idi ki, qızlar 7-ci sinifdən çıxıb evdə otururdu. Arada-bir, hörmətdən-hədiyyədən göndərirdilər məktəbə ki, səs-küy olmasın, uşaqlar da attestat alsın. Əvvəl, bu adət ümumkənd şəklində deyildi. İndi isə, vəziyyətdə artım görülür. Eləcə, evdə oturmağın qiymətində də. Belə baxanda, yazıq məktəb direktorları nə etsinlər? Zorla özlərinə düşmən qazanası deyillər ki?! Bir az yuxarıdan qiymət oxuyub, əvəzolunmaz nazirin uğurlu islahatını icra edirlər. Nəyə görə olmasa da, kəndimizin elmi-pedaqoji kadrlarının bu istedadı ilə fəxr etmək olar.

Hə.. Əzizim, Julliyan! Gördüyün kimi, heç də hər şey pis deyil. Ümumi baxanda, bütün ölkədəki stabillik bizim kənddə də var. Hələ ki, salamatçılıqdır. Ümidvaram, səndə də hər şey yaxşıdır. Sənin cavab mətkubunu azadlıqdan yazıb göndərmən arzusu ilə,

Rüfət Əhmədzadə,

02:00, 12 Dekabr, 2010-cu il,

Masazır, Azərbaycan.


Advertisements

Julliyan Assanca məktub” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma