Dneprə məktub

Sən bilirsən, Dnepr…
Səndə olanlar çoxdan sənin deyil
– Sahilində yan-yana qoşalaşan yaxtlar kimi,
Bir-birinin bəhsinə,
Vətəndaşın nəhsinə,
Elə, sənin qucağında ehtirasla çabalayıb
mayak tək,
quruya gur işıq saçanlar kimi..
və fahişəcəsinə
göz oxşayan iqamətgahlar kimi.


Sənin sevənlərin də sənin deyil
– Yoxsulların səndən alıb-qoparıb,
duzlayıb,
hisləyib
Yola çıxardığı balıqlar kimi.
Gözlərini sənə dikən hər kəsə
Sən ögeysən
– Ancaq şəhvət söndürməyə
Və ən əsas nəsil artırmağa
gərəkli olan
yaxşı ailələrin qızları kimi.
Sonsuz olsan, nəyə lazımsan axı?
İnsanlar ki, lap çoxdan tərkizibdir
boş axara xoş nəğmələr qoşmağı!
Sən bunu yaxşı bilirsən, Dnepr!
Bildiklərin bir şey dəyişən deyil…
Sən bunu çoxdan,
Çox yaxşı bilirsən!

Sən bilirsən, Dnepr…
Sənə gələn turistlərin heç də hamısı
səni vecə almır.
Onlar üçün “desert”sən
– ucuz və yaxşı pivə,
Yaraşıqlı fahişə xəyallarının yanında.
Və hər şey baş verir sənin sinəndə.
Onlar yandırır,
Sənsə söndürürsən.
Özünü, Dnepr, özünü!
Bu qədər murdarlıqlar arasında,
Təmiz axın cəhdi qəhrəmanlıqdır.
Mən bunu yaxşı bilirəm, Dnepr!
Məndə olanlar da heç mənim deyil…
Mən bunu çoxdan,
Çox yaxşı bilirəm!

Sən nə bilirsən, Dnepr…
Axı, sən nə bilirsən?!
Sən tarixəmi lazımsan,
Yoxsa, coğrafiyaya?
Adi bir çaysan sən
– Haradansa başlayıb
Haralardasa bitən…
Bir az daşmağı bacararsan,
Bir az susmağı…
Amma, çox coşmaq sənə qadağandır.
Stalin elə hoqqa düşünməyib ki,
Sənin hirsin bağışlanası olsun.
Sən bir səhv axışınla,
Adi bir baxışınla…
Aləmi dağıdarsan!
Həlqəsin qoparılmış bir bombasan…
Amma, partlaya bilməzsən,Dnepr!
Hamı gözünü sənə dikib axı…
Evini sahilində tikib axı…
Sənə yalnız ağıllı axmaq qalır.
Lap, bizim ağıllı axmaqlar kimi,
Sən hey baş girləyirsən…
Çünki, başqa çıxış yolu bilmirsən.
Hamı bunu yaxşı bilir, Dnepr!
Sən istifadə edilmək üçünsən…
Hamı bunu çoxdan,
Çox yaxşı bilir!

Əslinə qalsa, Dnepr…
Sən heç özün bilmirsən,
Hardan axıb hara belə gedirsən.
Dağları demirəm,
yer altını demirəm,
çayları,
gölləri,
dənizləri demirəm.
Uğurları, sevincləri…
Töhfələri, itkiləri…
Bəhəri və qəhəri öyrənmək istəyirəm.
Görəsən,
nə itirib, nə qazana bilərik?
Heç nə demə, Dnepr!
Eləcə, başını bula və get…
Mən də gedəcəm bir azdan işimə…
Heç birimiz heç nə bilmirik, Dnepr!
Öyrənmək də nə isə verən deyil…
Biz bunu çoxdan,
Çox yaxşı bilirik!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma