Əsas səhifə » Esselər(içsəslər) » “Back to future”

“Back to future”

Bir həftəni də geridə qoydum. Həvəssizcə qarşıladığım və həvəssizcə yola saldığım. Biri ilin son həftəsini də yola salıb, başqa bir ilin ilk həftəsini qarşılayacağam. Amma… Kaş yola saldığımız həftələr olaydı! İtirdiyimiz yalnız zaman deyil ki, zaman sərf edib tapdığımız və qazandıqlarımız da gedir.

Amma, lap başdan, zaman itiririk – hətta, nəticədə də. Elə, hər iki halda. Demək, ən böyük qazancımız da, ən böyük itkimiz də zamanın özüdür. İşdə keçirdiyimiz, “facebook”da öldürdüyümüz, dostlarımız və əzizlərimizin çevrəsində şirin-xoş etdiyimiz… Ömrümüzün günləri.

İlin bitməsindənmi, yoxsa, mücərrəd perspektivlərlə gələn yeni ilin başlamasındanmı, Bakının havası sayaq bir əhval alıram son zamanlar. Elə, ona görə də az yazıram. Mütaliəm də çox zəyifləyib. Sadəcə, evdə gördüyüm ən yaxşı iş külqabı boşaltmaq olur.

Bu həftə ərzində yazmasam da, “lox” durumda olan yerli ictimai-siyasi mühitimizdən fərqli olaraq, beynəlxalq müstəvidə xeyli mövzu var idi. Nöşün ki, yenə “leak” söhbətləri gəzir dünya mətbuatında. Və nöşün ki, bütün dünya mətbuatının gözü dikilib Manej meydanına. Daha doğrusu, “skin” söhbətlərinə.

Amma, ən çox gözünü dikən Putin hökumətiymiş demə. Medvedyevin ümumi xəbərdarlıq mahiyyətli çıxışlarından çox fərqli, Putin konkret sifətini göstərdi – həyasızca sifət göstərən ultrasağçılara. Fanatlar və millətçilər lap başdan tələb etdikləri və dedikləri kimi, Svirodovun ölümünə lazımi diqqəti çəkə bildilər. Hətta, “11 dekabr” hərəkatı da yaradılıb və manifesti də ictimaiyyətə açıqlanıb. “Rusçuluğun yeni dövrü” şəklində. Bir sözlə, başladılar.

Beləcə, “haqq-ədalət də bərpa olundu”. Baş nazir şəxsən şovinist etirazçılarla görüşə gəldi. Öldürülən fanatın qəbrini də ziyarət etdi. Hətta, onu da dedi ki, bir nəfərin ölümü zarafat deyil və “bizim hamımıza” meydan oxuyublar. Əlbəttə ki, “bizim hamımıza” qarabalaların dəxli yoxdur. Xəstəxanada döyülmüş-yaralanmış durumda yatan qafqazlıları itirib-axtaran da olmadı. Kreml tərəflərdən deyirəm.

Yəqin ki, adını çəkdiyim hökumətin məqsədi situasiyanı nəzarətə almaqdır. Və yaxud, nəzarətində göstərmək. Ultrasağçı hərəkat güclüdür və böyükdür – çünki, Rusiya içində xaos və bandit əhval-ruhiyyəli rus gəncləri də çoxdur. Təbii ki, qarşılıq olaraq, qaynar Qafqaz temperamenti də var. Amma, bütün hallarda, Putin hökuməti udan əldir.

O, yalnız piar yaratmır, həm də piara xidmət edir. Və bu hökumətin polietnik Rusiya xalqına yanaşmada bir prinsipi var: “Kim gücünü göstərəcək, onunla da hesablaşağıq”. Bir qızıl qaydanı da nəzərə alaq: PROBLEMLƏRİ ARADAN QALDIRMAQ ÜÇÜN, İLK NÖVBƏDƏ ONLARI YARATMAQ LAZIMDIR. Radioaktiv maddə ilə rekvidasiya olunmuş Aleksandr Litvinenkonun “FSB Rusiyanı partladır” kitabını oxuyanlar da başa düşər ki, 90-cı illərin sonundakı texnologiyalar yenidən təkrar olunur. Sadəcə, bu dəfə, binaları yox, kütlələri bir-birinə çırpmaq lazım gəlib.

Ölkədə etnik qarşıdurmanı yaradıb onu nəzarətdə saxlamaq ona görə də yaxşı üsuldur ki, müxtəlif etnik-dini qurumların, diaspora təşkilatlarının, səfirlik və qonşu dövlətlərin də məsul adamlarını özünə minnətçi salırsan. Və sən, dünyanı qurtaracaq yeganə adam – “Supermen”sən. Rusiya müstəvisində isə, Putin. Elə, Qafqazda da.

Bizim ölkədə isə, ötən həftə kiçik ölkələrə yaraşan kiçik bir məsələ müzakirə mövzusu oldu: Əyalət azərbaycanlısı ilə paytaxt azərbayanlısının fərqi. Hətta, Xədicə İsmayıl “facebook”da bu məsələ ətrafında (“Azadlıq” radiosunda)müzakirə aparmaq üçün antropoloq və ya sosioloq axtardığını da yazdı statusa. Bədənimdən üşütmə keçdi. Yəni, ANTROPOLOQ? “Lənət şeytana” deyib, öz təklifimi vermək istədim, yəni, daha dəqiq və daha uyğun bir şəkildə, sosial psixologiya üzrə mütəxəssis adı yazmaq istədim şərh yerinə. Amma, yazmadım. Çünki, Azərbaycanda belə bir mütəxəssis tanımıram.

O ki qaldı fərqə, elə də böyük deyil. Biri damlanmağın qorxusundan səsini çıxarmır, o birisi isə, işsiz və ya təhsilsiz qalmağın. Nəticə eynidir, səssizcə və həvəssizcə zaman keçiririk. Eybi yox, GƏLƏCƏK QABAQDADIR. Biz nə vaxtsa, geriyə dönəcək və gələcəyi dəyişdirəcəyik – əgər, gələcək ürək açmasa.

İndi, oxucum məni anladımı, niyə məşhur bir filmin adını öz yazıma başlıq olaraq seçmişəm? Çünki, mən filmləri sevirəm. Axı, kadr zay çıxanda, yenidən çəkmək olur… Növbəti dublda görüşənədək!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma