Əsas səhifə » Poeziya » Get, gəl, yenə get!

Get, gəl, yenə get!

Sən gəldin.
Gözləmirdim,
Sənin gəlişini heç istəmirdim…
Amma, yox!
Ehtiyacım var idi bu gəlişə,
Sevgiyə, qayğıya, nəvazişə..
Tərəddüdlə qarşılasam da səni,
Ürəyimdə sevindim
– “Məni də itirib-axtaran varmış!”

Şükr etdim taleyimə,
Qismətə təpik atmaq nankorluq olar deyə,
Nə gözünü,
Nə qaşını,
Nə ağlını,
Nə yaşını sınamadım.
Mənə layiqsən düşünüb,
Sənə sadiqlik etdim.

Kimsəni qınamadım.
Sınasam da,
Qınasam da,
Yaxşısını görmədim.
Ya gözlər kor olmuşdu,
Ya qulaqlar tutulmuşdu,
Ya da, səndə elə bir qüvvə vardı,
ətrafında, seçiləsi bir rəqib də qoymadın.
Nə deyim…
Əsas odur ki, gəldin!

Sən mənə ümid verdin,
Şirin, xoş söhbət etdin…
Hər kəlmənlə min duyğumu oyatdın.
Qanadlandım
– Sənin uydurduğun xoş xəyallarda.
Alovlandım
– Gələcəyə bəslədiyim
və “çin olacaq” deyə sevindiyim
Sonsuz arzularda.

Üzgün idim,
Dedin: “Üzülmə, hər şey düzələr!”
Bezgin idim,
Dedin: “Səbr et, qələbə birdən gələr!”
Mən ruhlandım,
inandım.
İkiəlli alqışladım gəlişini…
O qədər dönmüşdü ki başım mənim,
Hətta, gedişini də,
“Eybi yox,
tezliklə gələr,
bezginlik də, üzgünlük də düzələr”
deyə-deyə seyr etdim…

Məni dərd içində atıb getmənə inanmırdım,
İnanmasam da belə,
Başqa seçim yox idi,
Bir sözlə səni seçdim.
Sənsə getdin…
Ünüm yetməz,
əlim çatmaz bir yerə!

Amma, sən gələcəksən,
əlbəttə!
Çox keçməyəcək.
Cəmi bir neçə il…
Yadına düşəcəm mən.
Yenə əziz olacam,
yenə də əllərini açıb uzadacaqsan…
Getməzdən əvvəl verdiyin
vədləri yenə mənə,
dönə-dönə satacaqsan…
yox, sırıyacaqsan,
bu dəfə havayıdan!
Mən səndən illərin hesabın soruşaram,
Sənsə min cür bəhanə gətirərsən…
İnanmasam belə,
başqa çarə yox.
Səni qovmaq gücündə deyiləm ki!
Artıq,
boynuma keçirmişəm ipi.

Kim günahkar?
Zamanmı,
Talemi,
Özgələrmi,
Ya özüm?
Niyə belə qorxaq oldum
Yalançını qovmağa?
Mən bunun cavabını düşündükcə,
Sən fürsəti fövtə verməyəcəksən,
Yenə də,
istədiyini alıb gedəcəksən…

Nə deyim?
Gələn, gedən qədəmlərinə sağlıq!
Əsas o ki, gəlməyi bacarırsan!
Get, gəl, yenə get!
Yenə də əlçatmaz ol,
Həmişə yozulmaz ol!
Anlamayım,
Bilməyim
Qayəni-məqsədini…
Və beləcə,
Sənsizliyin içində özbaşına vurnuxum.

Və ümid edim:
bəlkə,
növbəti seçkiyədək,
Sən insafa gələrsən!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma