Əsas səhifə » Poeziya » 2010-da son şeir-məktub

2010-da son şeir-məktub

Şeir şəklində məktub

Mən acıdan bac almağı
bacarmıram, əzizim!
Dərdi minnət eləməklə
öc almıram, əzizim!
Kim şeir aləmində yüksəlirsə,
mənə nə?
Mən aləmi dəniz bildim,
Ta dibinə enirəm…
Ucalmıram, əzizim!

Sənin həsrətin mənə
yazdırsa da durmadan…
Xəyalından güc almıram,
Yoxluğundan qıc olmuram…
Nə də ki heydən düşüb,
nə aciz, nə qüvvəsiz,
nə də ağlın itirmiş
gic olmuram, əzizim!
Heç özüm də bilmirəm,
mən niyə var olduğumu
hələ də hiss etmirəm…
Amma, belə baxanda,
puç olmuram, əzizim!

Kimə qaçım,
Hara uçum,
Necə gəzim qürurla?
Yanlış çıxan zənniməmi
Güvənib çıxım yola?
Dönmək də yox,
Baxmaq da yox geriyə…
Başım dönər!
İrəlidə nə sevgi var…
Kiminsə bir meyli var…
Yenəmi etibarla,
Qədrsiz qayğılarla,
Yanğı, yanılqılarla
Eləcə yaşım dönər?

Baş dönməsi heç elə də
Qorxunc deyil əslində,
Sadəcə, mən hələ də,
Hazır deyiləm sanki!
Səni unutmağamı,
Səni qaytarmağamı..
Ya “sən”ə bir xətt çəkib,
“O”ya başlamağamı…

Yox, sadəcə,
Mən əvvəlki dəliqanlı deyiləm.
Artıq, qaynar duyğularla alışa da bilmirəm.
İstəsəm də mümkün deyil,
Baxma yazdıqlarıma…
Bunlar uşaq sözü tək,
Hardansa könül dibindən süzülən duyğulardır…
Mən həyatın ədəbiyyat olmadığın qanıram,
Ona görə, çalışıram məntiq ilə davranam..

Və beləcə,
Tanıyanlar üçün soyuq birisi…
Yəqin, ağla çox yıxılıb,
Havada qoydum hissi.
Anlamazlar,
Hiss etməzlər
Məni sən olmayanlar.
Axı, sənin əsərinəm…
Sayəndə belə oldum.
Amma inan,
tanımazsan yəqin görəndə məni.
Sən gedəndən çox dəyişdim…
Daha əvvəlki kimi,
Hər “sevirəm” sözünə uçub qanadlanmıram,
hər laqeyd münasibətə heç həyəcanlanmıram.
Hər şey çox adi olub,
Hər şey həyati olub.

Sən də adi olmusan,
Indiyədək,
tarixi bəxtsiz əfsanələrin qucağında
atıb gedənlər kimi…
Mən də adi olmuşam.
Dünənki şeirini bəyənməyən,
Amma, bugünkü əsəri
dünənkindən
Fərlicə fərqlənməyən
Dəli şairlər kimi…
Nə qədər adi olsam da,
Mən adi gənc deyiləm…
Gəncliyimdən zövq almağı
bacarmıram, əzizim!
Amma nə qocalar tək
Həyatdan gileyim var,
Nə övlad sevincinə asılan diləyim var..
Nə də gərəyim var ki,
Kimsə qoluma girib hara isə aparsın…
Şükür olsun Tanrıya,
Ayaqlarımda güc var,
Hələ darta bilirlər sürünən ruhumu da…
İndi necə cəhd edim
Gedim bezgin dünyadan,
Axı, adam kimi də,
Qocalmıram, əzizim!

Sənə “əzizim” dedim,
Bağışla məni, lütfən!
Biz çoxdandır ögeyik…
Gərək, bunu dərk edim.
Amma, qorxuram, birdən…
Bax, elə bununla mən
Adiləşərəm o dəm.
Bilirsən,
Adət etmişəm
Özümü qeyri-adi hiss etməyə.
Bəlkə də, çox xudbinəm,
Xəyalım dumandadır,
Ayağım yerdə ikən,
Başım buludlardadır.
Endir məni, nə olar,
Tut dart göydən aşağı,
çırp yerə hirslə qəfil…
Amma, inanmıram ki,
Mənə bir təsir edə..
Zülmün də bir zövq olar,
Alçalmaram, əzizim!

Rüfət Əhmədzadə

22:30, 31 dekabr, 2010-cu il;

Masazır, Azərbaycan

Advertisements

2010-da son şeir-məktub” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma