Leyla

Leyla

(mənsur şeir)

Eyb etməz, Leyla! Eyb etməz. Sənin itki hesab etdiyin şeylər – bitib tükənənlərdir. Sənin yaşamaq gücün, yaşatmaq yetənəyin heç zaman bitməz, Leyla! Həyat da əbədidir. Sevə bilsən, o bitməz!

Gedən getdi, Leyla! Gedən getdi. Xətrinə dəyib də, eşqinə dəyməyib də… Artıq, özgəsinə dəyməyə getdi. Nə olsun ki, arzuların meyvələri dəyməmiş töküldülər…. Nə olsun ki, uşaqların çimərlikdə qurduğu qum qəsrləri kimi, sənin xəyalların da söküldülər… Külək yıxdı onları, Leyla! Külək yıxdı. Hərəkətin deyil də, hərəkatın deyil də… Heykəllərin küləyi yıxdı, Leyla! İndi sağda da, solda da, gördüyün, toxunduğun, danışdığın, rastlaşdığın heykəllərin küləyi…

Bilirsən, Leyla… Dəyməz ona, Vallah, dəyməz! Sənə adi dayanacaq tək dəyənlərə görə, qəti dəyməz! Mən qismətə çox inanıram, Leyla! Sən də inan… Və bil ki, Tanrının səndən aldığı hətta yaxşısa belə, sən daha yaxşısına layiq görülmək üçün, lap əla olmalısan. Sil gözünün yaşını… Daha nə deyim, Leyla?! Sənə necə təskinlik verim ki mən? O uzaqda… Sən sazaqda…. Heç kimə heç nə deməzsən, dərdini içə salıb sızıltıyla, iniltiylə… Eləcə, gecələri keçirərsən!

Eyb etməz, Leyla! Eyb etməz. Mənimki də belə gəldi. Gedən mənimki deyilmiş, Leyla! Mən anladım, mən öz payımı aldım. Sən də al ibrətini… Və öz dərsini anla! Məni çox incitdilər, Leyla. Elə üzdülər… Amma o qədər yox ki, ancaq dərdimi yazıb aləmə car çəkim… Axı, məndən də bədbəxtlər var həyatda.

Bilirsənmi, insanların səni görə bilməsiyçün şöhrətə can atmaq nədir? Bilirsənmi, nifrət etdiyin istismarçıya tən olmaq üçün plan qurmaq nədir? Bilirsənmi, mən məni sevənləri hey kasıb zamanımda tapmışam… Elə kasıblıqdan da itirmişəm. Heç indi də varlı deyiləm, Leyla. Mən hələ ki, o həddə çatmamışam. İnsanlara hələ yaxınam, Leyla!

Bax, sənə də yaxınam. Hamıdan yaxın… İndiyədək, heç kimsənin istisi belə yaxmamışdı yaxından, yaxamdan məni. Səni qucaqladıqca, saçlarını oxşadıqca.. Sənə təsəlli verməyi demirəm, özüm səndən toxtaqlıq alıram lap… Sən hələ gözlərimin içinə bax. Çoxdandı gözlərimdə görünməyən qığılcımlar görərsən. Həm də, çoxdandır görmədiklərin…

…Dayan, Leyla! Dayan. Nə edirsən? Sal qollarını aşağı, boşalt mənim boynumu… Elə bilmə, mən özgə odunu söndürə bilərəm. Elə bilmə, mən yandırdığım odun yanğısı az acıdar… Mən də gedərəm, Leyla. Bax, elə indicə, paltomu geyinib, damağıma papiros ilişdirib, bəxtim rəngdə çəkmələri ayağıma keçirib.. Gecə vaxtı səni tək qoyub gedəcəyim kimi… Getməmişdən, sənə bir sirr açım. Sənin həyatındakı ən nalayiq əclaf mən idim, Leyla! O mən idim. Amma, sən…. Heç nə dəyişə bilməz həqiqətlə oyalanma, Leyla! Məni yola salıb da, mənim izlərimi silməklə əlləş… Eləcə, gecələri keçirərsən!

 



Advertisements

Leyla” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma