Lelin kişi demişkən…

(“zamıkaniya”)

Lenin yaxşı deyib: “Oxumaq, oxumaq… Yenə də oxumaq” Leninin kim olduğunu və dünyanın siyasi tarixində necə uğurlara (özü və onu irəli çəkən qüvvələr üçün) imza atdığını yazıb yazımı uzun etmək istəmirəm. Maraqlanan özü “google”dan adıçəkilən gorbagorun “həyat və yaradıcılığı” barəsində informasiya tapa bilər.

Mövzum nə kommunizmi bizim tərəflərə gətirib çıxaran adamlardır, nə də onların adamların beyninə soxduqları (bütün ideologiyaları daşıyanlara hörmətlə: ideologiya elə beyinlərə nəsə soxmaq üçündür) ideologiya və ya konsepsiya deyil. Tamam başqa şeydir…

… “Üç nöqtə”lərdən sonra yenə də təngnəfəs (astmatiklərdə belə olur, oxucularım öyrəşsin, zəhmət olmasa!) şəkildə qayıdıram mövzuya. Oxucum soruşsa ki, daha adını çəkmək istəmədiyim fenomenal şəxsiyyət niyə “düşünmək” və “yazmaq” kimi anlayışların da əhəmiyyətini öz aforizmində qabartmayıb… Cavab verərəm: “Bu anlayışlar ki sadaladım və ya unutdum, hamısı “Q” hərfi ilə “Y” hərfi arasında qeyd olunur.” Yəni ki, nöqtələrdə. Və həm də, sözarası boşluqda. Bəli, elə ağ fonda!

Necə ki, böyük bir yazı bütöv bir abzasda təqdim olunanda, oxucunun başı gicəllənir. Mətni “rentgensayaq” beynə doğru fiksasiya edən göz aparatında “qısa qapanma”ya bənzər bir şey baş verir. Bəli, belə reaksiya çox qorxuludur. Hətta, mənim özüm də, xüsusən internetdə gördüyüm yazıların uzunluğundan diksinib diqqətimi lazımınca yönəldə bilmirəm. Hətta, mütaliə sonadək alınsa belə, “yolaverdi”dən başqa bir şey olmur.

Sanki, təngnəfəs halda yuxarıdan aşağı gumurlana-gumurlana düşürəm… Abzaslar arasında nəfəs dərmək imkanı da olmur. Xüsusən də, bütün dünyanın internet məkanında sınaqdan keçmiş və özünü təsdiqləmiş “interval buraxma” üsulunun əhəmiyyəti çoxdur. Ona görə də, abzaslar (cümlələr də) qısa olmalı və hər birinin arasında 1 sətir ara verilməlidir ki, oxucunun gözləri, sonra diqqəti səndən uzaq qalmasın.

İnterval pilləkənlərarası meydançaya bənzəyir. Pilləkəni qalxan və ya düşən adam hər abzas arasında fasilə hiss etməli, düşünməlidir. Uzun cümlələr də, gərək ki, qısa hissələrə bölünsün. Fikir olaraq təbii ki. Yoxsa, o “aforizməbərabər” fikrin itər gedər. Həm də ki, bir neçə cümləyə sığan böyük fikirlərə də azarkeşliyim var. Məsələn, bəzən elə “facebook” statusuna rastlamaq olar ki, onda uzun bir essenin fəlsəfi çəkisini hiss edərsən.

İndi isə, qayıdıram lap başda işlətdiyim aforizmə. Oxumaq… Əlbəttə ki, əvvəlcə bizi oxuyurlar – ya duada, ya falda, ya da həkim kağızında. Sonra bizə oxuyur, sonra oxudur… Nöqtələrlə fasilə – yəni, düşüncə dəqiqələri…. Biz başlayırıq oxumağa, sonra düşünürük oxuduğumuzu, yaşayırıq, yazırıq… Düşünə-düşünə yazdığımızı oxuyuruq. Bir az söyüş söyüb, yenə oxumağa başlayırıq. Gah özgədən, gah özümüzdən… nöqtələr başladı – indiyədək, nəyi lazımınca oxuyub, nəyi gərəyincə yazdığımız haqqında düşüncə anları.

Lap axırda isə.. Artıq, nə düşünməyə, nə oxumağa, nə də yazmağa zamanımız qalır. Biz əllərimizi yanımıza salıb sakitcənə dururuq. Və ya yıxılırıq.. Fərqi yoxdur. Son pozamız mütaliəmizin uğur(suzluğ)unu dəyişməz.

Bizə daha oxumağa izin verən də yox. Hələ, sanki buna imkanımız var imiş kimi, gözlərimizi bağlayanlar da tapılar (vay o günə ki tapılmasın!). Bizdən sonra, oxumaq növbəsi başqalarındadır. Ya rəhmət, ya da lənət!

Advertisements

Lelin kişi demişkən…” üçün 4 cavab

  1. Dediklərinizlə razıyam, ələlxüsus da ki, abzaslar, intervallar barəsində. Mövzudan kənar çıxsam da qeyd edim ki, həmin o pilləkənarası meydançaya bənzəyən intervallar həm gözə xoş gəlir, həm də diqqəti mövzuya cəm edir və onu oxumaqdan üz döndərməyə mane olur. Beləliklə, ekranda oxumaq da rahatlaşmış olur. Hələ rəngli yazılardan, tullanıb düşən parıltılardan söz açmıram. Bunlar oxumağa əməlli-başlı mane olur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma