Əsas səhifə » Poeziya » Adsız görüş

Adsız görüş

(Mənsur şeir)

Qayıdacaqdıq geriyə… Qaçaraq! Sən mənim əlimdən, mən sənin belindən… Bizi yalnız bir-birimiz tuta biləcəkdi. Özgə kimsə, qayıdışa mane ola bilməzdi. Dönəcəkdik, keçmişin ən şirin nöqtəsindən, gələcəyə əks-hücum edəcəkdik. Daha nə mübahisə, nə də ayrılıq anı yadda qalmayacaqdı.

Sənin müqavimətin yalnız yataqda hiss olunacaq, o da nazdan başqa bir şeyə bənzəməyəcəkdi. Biz bir-birimizi zarafata itələyəcək, acı sözlər yerinə xoş qıcıq olacaqdı… Sən də olacaqdın, mən də. Aramıza keçənlər bizi ayıran deyil, birləşdirən əzizlər olacaqdı.

Yəqin, “barışmaq” sözü mənasın itirərdi… Axı, biz səninlə heç vaxt küsməyəcəkdik!

Bizimkilər sizinkilərin yanında sıxılmaz, sizinkilər bizimkilərə tələb oxumazdı. Heç “bizimki-sizinki” də olmazdı. Məni sevən sənə sayğı göstərər, səni sayan mənə duyğu verərdi.

İşdən yorğun gələndə, sən elə sən olaraq ruhumu dinlədərdin. Mən elə mən olaraq səni sevindirərdim. Hətta, bir gün işsiz qaldığımda da… Sənin yanında özümü xəcalətli hiss etməyə qoymazdın. Və sənin təsəllinlə mən hər dünya dərdinə sinə gərə bilərdim. Dikələrdim… Yox, yox, həmişə dik gəzərdim. Çünki, məni qoymazdın yıxılmağa!

Hətta, qürbətdə belə, sənin varlığından ilham alardım. İnamla yaşayardım – uzaqlarda məni duyan, düşünən bir qadın var! Sənsə mənim adımı özün üçün bir ləyaqət seçərdin. Bizim üçün “naqislik” yad bir anlam olardı. Qarşımıza çıxsa da, aramıza keçə bilməyən bir şey!

Yəqin, “dəyişmək” sözü mənasın itirərdi. Axı, bir-birimizdən heç vaxt bezməyəcəkdik!

Bəli, biz geriyə qayıdacaqdıq. Qaçaraqmı, uçaraqmı… Əsas odur ki, sən, mən birgə BİZ olacaqdıq!

Əlbəttə ki, əvvəlcə, indi olan hər şeyi bir anda dəyişməyə qadir olacaqdıq. İkimiz də özümü sehirbaz hiss edəcək… Çox xoşbəxt olacaqdıq!

Əgər… Əgər, bu xoşbəxtliyi ayrılıqda duya bilmək naminə, barışması mümkün olan ayrılıq illərini özgələrə həsr eləməsəydik.

Və günlərin bir günü, təsadüfən rastlaşdığımız zaman, ikimiz də bir-birimizin adsız barmağını süzə-süzə köks ötürməsəydik… Bəli, biz bu görüşdən geri qayıdacaqdıq. Son görüş öncəsinə.

Amma ki, “olan oldu, heç nə dəyişməz” deyək… Və birdən, hardasa başqa-başqa yerlərdə, bizi gözləyən kəsləri salaq yadımıza. Sonra isə, bir-birimizə acıq verirmiş kimi… Özümüzü elə göstərək ki, biz yaman tələsirik!

Görüşə tələsirik, görüşə… Səni deyə bilmərəm, bu andaca içimdə bir son görüş arzusu oyanmaq üzrə…Amma düzünə qalsa, heç özümüz də bilmirik əməlli – Dəyərmi, dəyərmi qayıtmağa?!

Nə olsun ki, irəlidə nə olacaq – bilmirik! Bəlkə, biz son görüşə tələsirik?!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma