Mənə qədər çox şair yazdı “sevirəm” deyə,
Mənə qədər çox insan sənə etiraf etdi.
Sənə qədər çox qızı buraxsam da ürəyə,
Sənə qədər və sonra… Mənasını itirdi!
Mənə qədər və qəza – bir az sirli gəlsə də,
Güvənsəm də Allaha, yenə də hey savaşdım.
Sənə qədər bu qəlbim, hey üsyanlar etsə də,
Sənə qədərmiş demə – qucaqlarda dolaşdım!
Mənə qədər var idin – bəlkə, daha bəxtəvər,
Mənim qədər təzadlı birisin sevməmişdin.
Sənə qədər var idim – həyata verib dəyər…
Əlbəttə, itkilərlə. Səni ki, görməmişdim!
Rüfət Əhmədzadə
04.02.2012
Advertisements