Əsas səhifə » Esselər(içsəslər) » Evli qadına məktub

Evli qadına məktub

(bədii yazı)

İnanç bir tarladır, hedefi olanların sürdüğü… (Sagopa Kajmer).

Sən daha yaxşı yazardın. Daha dəqiq izah edə bilərdin bəlkə durumu… Məni soruşma, məndən heç nə gözləmə… Mən gördüyümü, hiss etdiyimi yazıram sadəcə… Bəlkə də, başqa insanlardan bir azca fərqli.

Amma nə dəyişər? Dəyişərmi yaş fərqimiz? Dayişərmi talelər? Sən subay olacaqdın, mənsə sənə qədər heç kimi sevməyəcək… sevsəydim belə, bu sevgini qüruruma qurban verib əzab-iztirab çəkməyəcəkdim.

Səninlə yenidən yaşayacaq, gəncliyimə, hətta doyunca yaşamadığım uşaqlığımı belə unudaraq, yenidən başlayacaqdım. Arada, darıxanda…. Lap səninlə ötəri “küsməcə”lərimiz olanda yazacaqdım:

Bəlkə də…
Bəlkə də uca bir dağın zirvəsinə çıxaraq,
ordan Tanrını səsləyib,
niyə sevən insanı bu qədər dibə endirdiyini
sormaqdır məhəbbət! Bəlkə də…
Səninlə olarkən,
bir azdan ayrılacağından qorxmaq…
Ayrılıqda da,
buna inanmayıb hər an sənlə yaşamaq…
Yox, sənsənmiş məhəbbət!
Nə səni düşünmək asan olur mənə,
nə də unutmaq bir yolluq….

Sən də onda anlayardın yəqin sənə olan hisslərimin miqyasını. Azyaşlı qızların etdiyi tərslik və tərəddülər sənə yad olacaqdı. Küsməyin də öz dadı var, amma buna vərdiş etməyəndə.. Hər şey təbii olsun gərək. Küsməyin bir qorxusu yox, əzizim! Axı, küsmək ayrılıq demək deyil…

Arada yazacaqdın – bizim cismani vüsalımızın gecikdiyi gecələr məni arzulayanda:

Sənsiz qollarım kəsilmiş kimi düşsə də yanıma…
Qucaqlaşıb təsəlli tapdığım sənin qəlbindən
qəlbimə duyğu körpüsü… Öyküsü,
bu eşqin sən olduğunda axı nə demək bölgüsü?
Yollar belə yada salmaz onların uzağa getdiyini….
Məsafənin tərifi ancaq
“səni qazanmaq üçün vasitəm” olar…
Mən bu gecə yataram…
Səhərədək sitəm olar…
Könlümə hər görüşdən sonra bir aləm qəm dolar…
Amma bir ümid var hələ,
bu gecədən səhərə mənim bələdçimdir.
Sənin adını qoyduğum gələcəyimdir bəlkə də…
Çatacaq sona bu həsrət -bir gün həyat kimi…
Səni səndə oxuyuram… Sənlə olanda
Doymuram, eşq əbədiyyətdir, ədəbiyyat kimi.
Sənlə olarkən…
Qoy, dursun dünya!
Bir öpüşlə ciyərlərimə dolsun dünya…

Hər səhəri sənin SMS-lərinlə açacaq, işdə də yazılarımın sən tərəfdən oxunduğunu düşünərək daha yaxşı yazmağa çalışacaq, “Kimə görə, nəyə görə?” suallarının qarşısında çaşıb qalmayacaqdım.

Sonra bir az da düşünəcək… Nə “Mən”, nə “Sən” sözlərini işlətmək istməyəcəkdim sənlə olanda. “Mən səni sevirəm” ifadəsindən savayı, bütün cümlələrimdə mübtədanın “Biz” olması arzusu dolacaqdı qəlbimə… Bu yaşadardı bizi. Bu həyat bəxş edərdi onlara… Bizim körpələrimizə, əlbəttə ki!
Bir yazıyla başlayardım, bir yazıyla bitirərdim. Əgər insanların “sehrbazlıq sənəti” kimi baxdığı ədəbiyyat mənə əslində bir lənət deyil, ilahi bir vergi olsaydı….

Bəlkə də.. Bəlkə də, sən daha yaxşı yazardın – Mən evli, həm də səndən yaşca çox böyük olan heykəltəraş, sənsə subay və gənc bir şairə olsa idin…

Əlbəttə ki, başqa cür ola bilməzdi… Ancaq uğursuz və təsadüfi sevgilər əfsanə olurlar…

Evli qadına aşiq olmağın şeytan əməli olduğunu deyən bir ilahiyyatçıdan duydum: “Bəndələrin həyatında təsadüf heç vaxt olmur”.

Yaxşı, bu zəruri dərs kimə və nəyə görə idi, görən?

Cavabı var bəlkə də… Tapmaqda çox çətinlik çəksək də, bəlkə göz önündədir… Necə ehtiyacım var bu cavaba… Bitirərdim hər şeyi, elə bu yazını da…

Bəlkə də, sən daha yaxşı bitirə bilərdin. Məni mənim gözlərimin önündə.

Rüfət Əhmədzadə
14.04.2012

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma