Əsas səhifə » Esselər(içsəslər) » İntihar – nömrə 60

İntihar – nömrə 60

(bir az obrazlı, daha çox real)

Kimə həsr etdimsə bu yazını, qoy özü tapsın. Qoy başını sındırsın indiyədək qoluma girib gəzən 60 sevgilimin 60-ı da… Bəlkə, bir-iki nəfər çox, bəlkə bir-iki nəfər az… Lənət şeytana! Mən nə danışıram ki?

Kimisə qaytarmaq arzusu ilə  nə isə yazıram… Onda da qaş düzəltmək yerinə göz çıxardıram. Amma nə olur olsun. Bir dəfə mənim duyğularıma aşiq olan bu dəfə anlayacaq. Hərçənd danışanda anlamasa da… Bu dəfə lənət mənə.

Əslində neçə ildir bu lənətdəyəm. Yazarlıq bir lənətdir.Lənətdən də çox. Mən yazmağa başladım. Kiməsə nə isə çatdırmaq arzumdan. Hələ də dayana bilmirəm… Və artıq özüm də anlaya bilmirəm, hazırda bu yazını kimə ünvanlamışam. Amma o, yaxud onlardan biri heç nə yazmadı. Gedən sükutla getdi.

Yəqin ki, o mənə yazmağa başlasaydı, heç vaxt dayana bilməyəcəkdi. O, yazmamaqla mənə istənilən sözdən çox şey deyib. Mən isə, hələ də “nə isə yaz” deyə israr edirəm. Sanki yazmağımla meydan oxuyuram ona. Yaxud onlara.Fərqi yoxdur. Hər gələn mənim “YarımAdam” kimliyimin bir tamamlanma detalı idi. Hər gedən mənim bir çatışmayan hissəm oldu. Baho! Altımışı da?

Söhbət məndən getmir. Heç mənim sayı ilə öyünməyin axmaqlıq olduğu sevgililərimdən də. Söhbət itirilmiş şansdan gedir. Yenidən, yenə də başlamaq şansından. Nəyə? Həyatamı? Yox, əsla! Sadəcə həzz içində gələn ölümə.

Bəli, əsl səadət həzz ilə ölməkdir.

Bu arada bir haşiyə çıxıram – Erix Mariya Remarkın “Lissabonda bir gecə” əsərindən:

“Yalnız indi başa düşdüm ki, sən qayıtmısan. İndi – yenidən çıxıb getdiyini görəndə”.

Bəzən insanların sizin həyatınızda nə rola malik olduğunu, necə qiymət daşıdığını bilmək üçün, onlardan bir dəfə deyil, məhz iki dəfə ayrılmaq gəlir… Başıma gəldi. Lənət davam edir…

Bəzən də elə bir hal lazım  gəlir ki, özündə olmayasan. Cilovlaya bilməyəsən özünü. Yəni sərxoş olasan. Dilindən çıxanı ancaq bir neçə dəqiqə sonra düşünüb təhlil edə biləsən. Və özün öz “cəsarət”inə təəccüb edəsən… Buna deyirlər sevginin unutqanlıq zirvəsi. Bəli, hər şeyi unudursan,  hər kəsi.

Bircə dəfə acı söz eşitmək, min dəfə bıçaqlanmaq kimi gəlir sənə. Fərq etmir o an, neçənci sevgilindən eşidirsən bunu. Hər sevgi ilk kimidir. Və sən yenə depressiyaya düşürsən.

Yenə asırsan özünü  – havada qalan arzularından.

Yenə doğrayırsan özünü – uzağa aparan xəyallarınla.

Yenə zəhərləyirsən özünü – öd mayesi kimi içinə atmaqdan başqa bir yolu olmayan duyğularınla.

Sən intihar edirsən. Altmışıncı dəfə.

İlk dəfədir ki, həyat bu qədər murdar görünür sənə. Yəni daha çox murdar. Sənin 60 dəfə yanılmış ruhunla birgə.

Ruhunumu xilas edəcəksən, yoxsa dünyanı?!

Rüfət Əhmədzadə

20.04.2012

Advertisements

İntihar – nömrə 60” üçün 4 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma