Əsas səhifə » Esselər(içsəslər) » Leninin YAP-ı, YAP-ın Seymur Baycanı

Leninin YAP-ı, YAP-ın Seymur Baycanı

Və yaxud
Mədəniyyətlər arası erotika


Əvvəla, qabaqcadan demək istəyirəm ki, bu yazımda heç bir qərəz, ifrat nasionalizm, aqressiya və çirgindiyim “mentalitet” sevdası axtarmaq lazım deyil.
Yazıma Emin Həsənli adlı bir “facebook” dostumun statusu ilə başlamaq istəyirəm:
“Qısa xəbər; İrəvan şəhəri bu il Dünya Kitab Paytaxtı elan edilib..Xmm. Bu A.Hitleri kitabxanaçı qoymaq kimi bir şeydir”.
Ardınca da bir istifadəçinin şərhi: “Bakı İslam paytaxtı olanda, bu da belə olacaq”.
Mən psevdo-millətçi və ya psevdo-islamçı kimi görünməmək üçün bu haşiyələri şərh etməyəcəm. Sadəcə deyəcəm ki, nəyi kimə tapşırırsan, ay dünya?
Azərbaycanın təbii sərvətlərinin nəqli-ixracatı ilə bağlı irimiqyaslı müqavilələr bağlayanda, yeni təmir-tikinti işləri üçün kreditlər ayıranda avropalılar bilmirdi ki, bu pullar kimin mədəsinə gedir? Yəni 20 il lazım idimi onlara?
Ya bizə? Bizə (Sulutəpədə kasıb daxmasında başını girləyən vətəndaşlara) lazım idimi ki, Bakıdan sökə-sökə gələnlər axırda  evlimizə çatsın? Bu erməninin Qarabağdan ala-ala gəlməsinə bənzəyir. Onlar Xəzərədək bizimdir deyirlərsə, bunlar bizim mələfəmizə qədər hər şeyi mənimsəyəcək, tərsinə çevirəcək tamaha malikdirlər.
Lenin-Stalin dövrünün fədakar kommunistləri, indinin saxtakar yapokratları… Distrofik kommunistlər.
Və onlara alternativ kimi görünən distrofik demokratlar. Demokratiya və liberallıq adı altında istər milli, istər dini dəyərləri lağ hədəfinə çevirənlər.
“Allahşükür müsəlmanları” ilə Allah müsəlmanlarını çaş-baş salanlar. Azərbaycan qızlarının “amaciləşmə-hadiləşmə” sindromundan ilham alıb erməni-gürcü-rus qadınlarına pərəstiş edənlər…
Bir zamanlar Rusiya televiziyalarında rus qızlarının “emanuilləşmə” bəlası müzakirə olunurdu. Yığışıb çıxış yolu tapa bilmirdilər.
Kimdir yuxarıda, kimdir aşağıda, ortada bəs kimdir?
Birbaşa hakimiyyətə cəsarəti çatmayıb, mentalitetə söyənlər…. Düşünmüsünüzmü ki, mentaliteti bayraq edənlər (sizin demokratiyanı bayraq etdiyiniz kimi) bu mentalitetə sizdən az nifrət eləmirlər?
Məgər onlar deyildirmi, “ulduzqayırma-aradüzəltmə” proqramları ilə xalqın beynini yuyan? Bilmirəm o Amaci kimdir, amma onun ləçəklərini ən çox satılan məhsullar arasına yazdıran kimdir? Xalqmı tələb edir? Xalqda artıq “dalbadal zorlanmış qadın” reaksiyası yaranıb. Əvvəl istəmirdi, az-maz müqavimət göstərirdi, indi isə artıq işə keçdiyini anlayıb həzm eləyir.. Necə ki, “yevropeyski” görünməyi ilə fərəh duyan, qırmızı ayaqqabı, yaşıl şalvar, “punk” saç düzümünə sahib olan bir çox oğlan adını-soyadını ingiliscə düzgün deyə bilməz… Dindirsən, ömürlərində bircə kitab da oxumayıblar.
Amma xalqa yeridilir bu. Aeroporta nə gətirirsən gətir, nə tökürsən tök, xalq həzm edəcək.
Bu gün də, “demokratik düşərgə”də, internet məkanında (hansına ki, TV-lərdən qaçanlar üz tutur) “ortaya tökülən” məhsullar elə bu cür “distrofik” məhsullardır. Adlarını “azadlıq carçısı” qoyanlar.
İsa Qəmbər 22 aprel mitinqində Leninin doğum gününü Seymur Baycanın doğum günü ilə müqayisə etmişdi. Uğursuz bir müqayisə idi – Uğur göstərmək üçün.
Sadəcə uğursuzluğu göstərmək üçün, demək olar: Leninin beynəlmiləlçiliyi ilə Seymur Baycanın beynəlmiləlçiyi eyni qiymətdədir. Lenin fəhlə-kəndli hökuməti adı ilə xalqları robotlaşdırmaq, standart insan yetişdirmək siyasəti yürüdürdü, Seymur Baycan isə… heç nə yürütmür, sadəcə özünün də düşməni olduğu YAP-ın siyasətinə xidmət edir.
Seymur Baycan böyük yazıçıları ittiham edir, amma nazirə açıq məktub yazıb sonda pul istəyir, güzəran umur. Seymur Baycan və onun kimi yazarlar özlərinə bu cür yaxşıdır deyə, hamını o cür görmək istəyir. Dəyərsiz, qiymətsiz, nəyə gəldi-necə gəldi gedən.
Hörmətli Seymur Baycan ordusunda xidmət etdiyi Azərbaycanı, get-gedə vətəndaşları üçün qudsallığını itirən Vətəni “svetski” dövlətə çevirməyə çalışır.

Amma onu unudur ki, bu “svetski” həyatdan əvvəl, ona rus-erməni qızının tərbiyəsi ilə yox, milli fikirli ananın tərbiyəsi ilə böyüyən əsgər övladlar lazımdır. Bu analar və övladlar da, serial və evlənmə proqramları ilə yox, intellektual əhəmiyyətli verilişlərlə və qondarmalıqdan uzaq tarix-ədəbiyyatla tərbiyə olunmalıdırlar.
Azərbaycan reallıqlarına Hegelin-Kantın gözüylə yox, Tükəzbanın gözüylə baxmaq kifayətdir. Tükəzbanın mühitini yaradan da, sizin qarşı getdiyiniz və həm də xidmət etdiyiniz bu rejimdir. Bir az gerçəkçi olun!

Nə isə… Bu yazını yazarkən, sağdan-soldan çox əsəbləşdirdilər, fikrimi yığmaqda çətinlik çəkdim. Odur ki, yazımı 23 aprel, sat 01:40-da yazdığım statusla bitirmək istəyirəm:
“ Stolumun üstündə çaynik var. Bir də genosidə uğrayan siqaret qutusu. Çaynikin dibinə çatıram… Saat isə 2 oldu. Amma fikrimi toplayıb yazımı bitirə bilmirəm. Heyif ki, stolun üstündə bakal yoxdur”.
Mən pivə içəndə yaxşı yazıram. Lakin bu, o demək deyil ki, namaz qılanlar yaza bilmirlər.

Leninin YAP-ı, YAP-ın Seymur Baycanı” üçün 3 cavab

rufatahmad üçün bir cavab yazın Cavabı ləğv et