Əsas səhifə » Esselər(içsəslər) » Ehtiraslı inqilab

Ehtiraslı inqilab

(esse)


Son aylar Azərbaycanın ictimai-siyasi həyatında bir canlanma yaranıb sanki. Bəlkə də, müalifətin zülmlə də olsa Bibiheybətə yığdığı 10 min nəfər (lap olsun 1200) sanki 9 milyonu “qaşınmağa” vadar etdi.

Dözüb əzilənlərlə harınlayıb əzənlərin hamısı birdən qaşınmağa başladı. Amma son günlərdəki qaşınmalar “dırnaq”sız oldu.

Müxalifət “Demokratiya, azadlıq” dedikcə də, əksər “məzlumlar”ın, əminəm ki, ağlından məhz bu fikirlər keçdi: “Bəs biz dubinkasız nağayrajıyıx?”.

Belə, dəyənəyiniz yağlı olsun!

Dəfələrlə yazmışam… Təhqir mənasında yox, islaha çağırış məqsədilə etdiyim tənqid anlamında bir də, hətta dəfələrlə vurğulamağa hazıram: “Bu xalqda dönə-dönə zorlanmış və tədricən zorlanmaqdan kənar bir sevişmə üsulunun olmadığına inanan bir qadın əhvalı hökm sürür”. Müqavimət arzuları arada baş qaldırsa da, bu xalq zorsuz yaşaya bilmək perspektivlərini AzTV-LİDER-ANS-Xəzər-İTV prizmasından “xaos” olaraq görür.

Xalqın qəzet oxumaqla arası yoxdur. Son zamanlar Bakı sakinləri pulsuz paylanılan “New Post Baku”adlı qəzetə dadanıblar ki, bu qəzetdə də “təcavüzkar” Qərb fondlarının Azərbaycandakı “dağıdıcı” siyasəti davamlı şəkildə “ifşa” olunur. Budur ictimai rəy…

“Ala piar”ınıza xiyar olsun!

Bu arada bir haşiyə:

Xalqımızın ermənilər kimi düşməni olması bir layiqlik məsələsidirsə, Əliyevlər rejiminin də Tehrandakı molla rejimi ilə rəqabət aparması bir layiqlik məsələsidir. Onlar hər yenilik carçısına “sionizm xidmətçisi” damğası vururlarsa, bizim rejim azadlıq və ədalət istəyənlərə “Vətənini xarici qüvvələrə satan xain” damğası vurur. Ümumiyyətlə, qorxaq və aciz rejimlər daim kənardan düşmən axtarır və daxili asayişi məhz “yadelli” qorxusu ilə qorumağa çalışır.

Həmrəyliyiniz mübarək olsun!

Haşiyəni bir qırağa qoyuram. Və üzümü tuturam oxuculara. “Xalq-xalq” deyib sizdə nihilist instinktlər oyatmaq niyyətində deyiləm. 1988-dən1990-dək meydanları zəbt edən də xalq idi, 1992-də 9-cu sinif şagirdlərinədək könüllü orduya yazılan da. Amma çox təəssüf ki, xalq aldandı ondan sonrakı illərdə…

İnqilabı heç də xalq etmir, hərəkat heç də xalqın böyüklü-kiçikli kükrəməsindən asılı deyil. Bu, bir tayfanın bir qrup qeyrətli övladının bütün tayfa adından savaşmasına bənzəyir. Xalqı sevənlər göstərir Böyük Xalq Hərəkatının gücünü.

Gücü sevgi yaradacaq. Sevgi isə ehtiraslı olmalıdır təbiətcə. Ehtiras yoxsa, sevgi də, mübarizə də heçdir.

İnqilabınız ehtiraslı olsun!

Bu yaxında Misirdə müzakirəyə çıxarılan sarsaq bir qanun sosial şəbəkələrdə də diskussiyaya səbəb olmuşdu. Bu qanunda kişiyə ölmüş arvadı ilə 6 saat ərzində cinsi əlaqəyə girməyə icazə vermək məsələsi yer alır.

Sənədin aqibətindən xəbərim yoxdur, amma bəzi intellektuallar o andaca başladılar ərəbləri söyməyə.  Maraqlıdır, bu “axmaq” ərəblər nə öldürülmüş jurnalistə görə, nə alimə,  nə yazıçıya görə yox, sadə bir göyərtisatana görə qalxdılar ayağa… Bizdən fərqli olaraq.

Əgər biz belə ağıllıyıqsa, daha müdrik inqilab, daha demokratik bir cəmiyyət göstərək. Türklərin həmişə İslam dünyasına örnək olduğunu deyirik, bəs XXI əsrdə necə, bu mümkün olacaqmı?

Oyanışınız ağıllı olsun!

Rüfət Əhmədzadə

Ahmadzada@list.ru

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma