Hər şey və heç nə

İndi başını götürüb çıxacaq bu evdən. Elə bu şəhərdən də. Lap əlində imkanı olsa, ölkədən də… amma yox, imkanı olsaydı, heç yerindən belə tərpənməzdi. O sevir buraları. O sevir yanında olduğu insanı. Amma…. Başını itirib bəlkə? O “başını götürüb” yox, “başını axtarmağa” çıxacaq bəlkə? Allah bilir.

Belə başladı hər şey. Bir ümiddən onlarla ümid doğdu. Bir şeylə hər şey onun oldu. Və bir anda “Ümidlərin soyqırımı” baş verdi. İndi hər şey bir şeyə dəyməz oldu – “Getmə” sözünə.

Bir az da ləngimək… Geriyə boylanmaq. Otağı, çarpayını, kamodu, divardakı şəkilləri süzmək… Ən axırda isə soyuq bir heykəli xatırladan insanın laqeyd baxışlarından ilişib qalmaq. Bu baxışlar insanı çox saxlamaz. İntihar kəndirindən asılmağa bənzəyər, göydələndən atılmağa bənzəyər… Daha nəyə bənzəyər bir vaxtlar sevdiyinin, gözlərindəki işıltıdan həyat eşqi aldığın insanın baxışlarından savayı?

Hər şeyə – bircə şeydən başqa – nəyinsə xatirinə nəyisə qorumaq. Ən azından hörməti.

Ama belə baxanda, bəlkə də hər şey öz yerindədir, yerini tapmayan getməlidir və belə də olmalıdır? Axı nəyə lazımdır süni nəzakət göstərmək? Nəyə lazımdır insanı “Səni incitmək istəmirəm, amma…” – min cür bəhanələrlə yola salmaq?

Suallar çox oldu. Bu yazıda demirəm, bu yazının qəhrəmanı qarşısında milyon, bəlkə də milyard cavabsız sual baş qaldırdı. Hamısı da, əldən-gözdən əlil olan dilənçilər kimi boyun büküb qısılıblar onun addım atdığı hər yerdə. Elə bu evdə də, bu dəhlizdə də… elə bax, bu qapının ağzında da bir “?” işarəsi yetim-yetim durub onu gözləyir.

Amma yox, “yetim-yetim” olsaydı, dərd yarı idi. Yaxınlaşdıqca da əl çəkmirlər, həyasızdır suallar. Onun hissləri ilə oynayacaq, bütün müqəddəslərinə and verəcək, nəyisə dəyişmək üçün heç bir imkanı olmadığı halda, qəhrəmanıma vicdan əzabı çəkdirməyə başlayacaqlar.

Metro stansiyalarında bir-bir qatara girib-çıxacaqlar, sonra avtobus dayanacaqlarında “post”lar quracaqlar… Hətta yeni yatağında gözlərini yumub yuxuya getməyə çalışarkən, lap səhər duranda belə, başının üstünü kəsdirəcəklər.

– Əmoğlu, bağışla, deməyə də utanıram, mən burda qalan deyiləm…

– Əmoğlu, sən də məni bağışla. Mən ümumiyyətlə yadplanetliyəm.

Gedəcək. Heykəlin təntənəsi qalacaq bu evdə, bu şəhərdə, bu ölkədə… Həmin heykəl hələ çox insanın qəlbini sındıracaq, çox insanın hisslərini tapdalayacaq… Amma onu qınayan olmayacaq. Əksinə, onun bütün səhvlərini bir anda bağışlamağa hazır olacaqlar.

“Məhəbbət abidəsi” qalacaq – “Məhəbbət fədaisi” gedəcək.

Çoxdandır ki, insanlar abidələrə pərəstiş edirlər. Fədailər isə getmək üçündür. Hər şey bu qədər sadə. Bir sözlə heç nə…

Rüfət Əhmədzadə 

(Merkez.Az-da yayımlanıb)

14 may 2012

Advertisements

Hər şey və heç nə” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma