Əsas səhifə » Esselər(içsəslər) » Gülə-gülə ayrılmaq

Gülə-gülə ayrılmaq

Hər şeyi təbəssümlə qarşılamaq optimizm deyil ki… Bəlkə də, axmaqlıdır. Elə hər şeyə göz yaşıyla cavab vermək kimi. Məğlubiyyət qarşısında sifət əymək səhv işdir – necə ki, səhvini etiraf etməmək.

Əlbəttə ki, düşmənlərin qarşısında məğrur olmalıyıq… Bu sözləri hər zaman deyirik, amma öz qürrəmizi, hətta deyərdim ki, məkrimizi bizə yaxın olanlara göstəririk. Düşmənlər yaddan çıxır. Bizə ən yaxın düşmən – elə biz.

Yox, adi esse üçün elə də maraqlı bir başlanğıc olmadı… Siqaret tükəndiyi bir zamanda yazını tez bitirmək arzusu yaranmasına baxma. Sən hekayənə başla. Elə olduğu kimi… Elə bitdiyi yerdən. Əvvəli kimə maraqlıdır ki? Harda tanış oldunuz, necə danışdınız…

Nədənsə, insanların diqqətini ən çox bu başlanğıc maraqlandırır. Ortasına çatanda səni gücdən salan bu hekayə də, sonunu öz ortasında tapacaq. Beləliklə, nə ortası olacaq, nə sonu. Bu hekayənin ancaq əvvəli səni ilhamlandırar. Amma sən həmişə sondan yazarsan. Ayrılığı xatırladarsan cümlələrində. Qəfil toqquşan baxışlar, saf təbəssüm… Bəsdir, sən Allah! Hind kinosu deyil bu, həyatdır! Hekayəni yaz…

Onun heç də gözəl olmayan üzünü xatırla, heç də müqəddəs və saf olmayan gözlərini xəyalında canlandır… Və öldür, qisasını al ondan – sadəcə bir ayrılıq hekayəsiylə.

Ona başa sal ki, çox sevirdin. Ona izah et ki, hamıdan, hər şeydən üstün tuturdun… Bədənindəki yorğunluq ruhuna da keçəndə, halsızlığını tənhalığınla çox sevişməyinlə yoz sən… Hekayəni çırp!

Onun sifətinə sillə kimi dəyəcək. Saçları otağa səpələnəcək. İndi ərinin yığıb-yığışdırası olduğu günahlar yayılıb bu otağa… Gözlərindən yaş çıxana qədər döy hərfləri… Bu damcılar selə dönüb qonşu otaqdakı beşiyə qədər baş götürüb axar… Boğar sənin hekayənin dəhşəti… Özünü xilas et – onu düşünmədən. İçindən çıxart!

Və hekayənin tən ortasında….. Yox, elə sonun başlanğıc hissəsində…. Bir siqaret yandır. Dur ayağa, gəziş… Və əzişdir içindəki qəzəbi. Sıx, yoğur, hərflər düzəlt ondan… Hekayən həm də heykəlin olacaq. Ondan qorxub qaçanlar bir gün anlayacaq ki, bu hekayədən (heykəldən) çox da uzağa qaçmaq mümkün deyil. Diz çökəcəklər onun qarşısında, səcdə edəcəklər sənin nə ortası, nə sonu olan bu hekayənə…

O anlamayacaq, heç sən də özünü ilk baxışdan. Hamı səni qınayacaq “başı xarabdır” deyə… Artıq sən də özündən şübhələnib… Razılaşacaqsan bu ittihamla. Sənə kəsilən hökm sərsəm hekayələr yazmaq olacaq… Əvvəlcə, heç olmasa, bircəciyini yaz sən..

Səyahət et, məsafələri qısalt, zamanı dondur… Qanın da durub, axmır… Ciyərlərin də nəfəs almır artıq. Yox, sən ölməmisən. Heç vaxt olmadığı tək, kimsə görmədiyi tək yaşayırsan. Hekayənlə birlikdə.

O da səninlədir. Məhz hekayədə səninlə olur. Bəs niyə belə qaçır? Niyə vicdanından üz çevirir? Bəlkə, gözlərinə baxa bilmir? Səni ki onu “xoşbəxt ol” deyərək yola salmışdın?! Sən ki ona hallalıq vermişdin… Yəqin bəs qədər evlənməyib hələ… Yetərincə doğmayıb… Ya da bu hekayənin roman olmadığına təəssüf var içində…. Bütün bitmiş əsərlər yarımçıqdır.

Sən hələ anlamırsan, o hələ anlamır. Çünki siz hələ təzəayrılmısız. Sən doyunca siqaret çəkməmisən, batınca içməmisən… Gündüzlər leş olunca gecələr yuxusuz qalmamısan.

O isə… Çox güman ki, toya hazırlaşır. Amma sən qəti narahat olma, hekayəni yaz. Onu oğul-uşaqlı, özünü isə ağsaçlı-ağsaqqallı təsvir etməkdən belə çəkinmə… Onsuz da, sən və sənin hekayəni uzun illər sonra kəşf edəcəklər. O, hələ səni oxumağa hazır deyil.

Bitdimi? Daha yazmağa süjet, yaratmağa bir obraz qalmadımı? Məncə, bu qədər Tanrılıq etdin, sənin bəsindir. İndi insan olduğunu fikirləş… Və “Youtube”dan bir mahnı axtarıb dinlə səhərə qədər… Bax, məsəlçün bunu: “Gülümse kaderine”.

Rüfət Əhmədzadə

(“Adım anonim qalsın” kitabından)

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma