İstəsən, qaytar məni..
Bu elə də çətin olmaz sənə…
İllərlə qürurunla çarpışmaqdan yaxşıdır
– Bir dəfə riskə gedib danışmaq.
Danışmaq deyəndə ki…
Sadəcə bir “salam” yazacaqsan,
Sonra necə olduğumu soruşacaqsan…
Sonra da yadına düşəcək
Alıb vermədiyin bir kitabı qaytarmaq…
Hətta mən özüm sənin yadına salaram
– Xasiyyətim xarabdır,
Borca verdiyim kitabı halal edə bilmirəm.
Sonra sənə görüş təklif edərəm,
Sən “kitabı qaytarmaq” xətrinə razılaşarsan.
Sonra… Nə olacaq düşünmək çətindir.
Sadəcə bir siqaret yandırmağa çalışacam görüşdə…
Sən onu dodaqlarımdan oğurlayıb atarsan bir qırağa…
Bu arada əlin gəzər dodaqlarımda.
Mən tab gətirə bilmərəm bu gəzintiyə…
Xasiyyətim xarabdır,
Bilirsən…
Yəqin ki, soruşaram:
“Məni hələ…
Sən mənə hələ də kin bəsləyirsən?”
Sən isə…
Yadında saxla,
Heç nə demək lazım deyil o zaman.
Siqaretin yerinə bir təbəssüm qondurmağın bəs edər…
Bir vaxt itələdiyin əlimi o vaxt tutarsan.
Bir vaxt səni qıcıqlandıran tənəli sözləri
Nisyə səadət xətrinə udarsan…
Söhbət məndən getmir,
Heç ayrılanların barışmasından belə…
Bilirsən, nə demək istəyirəm?
Bu həyatda heç nə, heç kim peşmanlığına dəyməz!
İstəsən, qaytar məni,
İstənilən kitab mağazasından alıb
Stol üstünə, balınc böyrünə qoya…
Ya da ki,
rəfdəki kitabların arasında gizlədə bilərsən
– rahat, asanlıqla.
Mən çoxdandır sənin tərk etdiyin oğlan deyiləm..
Kağıza çevrilmişəm…
Bir yığın heç nəyi həll etməz sözə…
Mən peşman deyiləm,
“Sən” deyə-deyə “Mən”imi tanıtdım
Son qoyulandan “Biz”ə…
Qayıtmaq üçün gecdir…
Sən də bir kitab yaz…
Səhvlərindən yeni bir roman yarat..
Səni, məni heç nə qaytara bilməz.
Bu həyatda heç nə, heç kim peşmanlığıma dəyməz.
nə gözəl şeirdir! səmimi… əhsən!
çox sağ olun!
Chox xoshuma geldi duzu 🙂 Maraqlidir.